Nəsillər arasında körpü olan savaş — VİDEO
AVMVİB Nəsimi və Suraxanı rayon şöbələri birgə tədbir keçiriblər.
Onlar İkinci Dünya müharibəsinin iştirakçısı, 94 yaşlı veteran Hüseynov Cənnət Əli oğlunu evində ziyarət ediblər. Müharibə veteranı Cənnət Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyiinin Fəxri Fərmanı ilə təltif olunub.
Çay süfrəsi arxasında veteranlar səmimi söhbətlər ediblər.
İkinci Dünya müharibəsinin veteranı Cənnət Əli oğlu Hüseynov, 1925-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Yeni yol kəndində anadan olub.
1944-cü ildə Cənnət Hüseynov 19 yaşında müharibəyə çağrılıb. Döyüş yolu Qori şəhərindən başlayıb. O, Berlin şəhəri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bir çox orden və medallarla təltif olunub. Veteran dövlətimizin və şəxsən Ali Baş Komandan İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan geniş danışdı və razılığını bildirdi.
Birinci Qarabağ müharibəsi veteranları ilə İkinci Dünya müharibəsi veteranını birləşdirən savaş mövzusu idi. Nəsillər arasında körpü olan müharibənin ağrı-acılarını yaşamış insanlar bir-birinə bənzəyirdilər. Çoxları müharibələri lənətləyir, amma ən müqəddəs sayılan Vətən torpağını qorumağın tək yolu da müharibədir.
Görüşdə Müharibə veteranları Elmar Hüseynov, Eldar Rüstəmov, Şəmsi Hüseynov, Adil Bədirxanov, ailə üzvləri, nəvələri, oğlu Ziya Hüseynov iştirak edirdilər.
Xatırladaq ki, qocaman müharibə veteranı Cənnət Hüseynovun nəvəsi Nahid Rahid oğlu Hüseynov babasının yoluyla gedərək, hərbçi olub. Hazırda mayor rütbəsində xidmətdədir.
Müharibə veteranı, 94 yaşlı Cənnət Hüseynova can sağlığı arzulayaraq ayrılırıq. Bu qalib əsgərlə qalib əsgər kimi bir daha görüşmək ümidiylə…
Nurlan Məmmədli
Elnur Səlim