22.11.2024

TƏBRİZ — XƏYYALLARIMIZIN PAYTAXTI

İllərdən bəri bitib-tükənməyən Təbriz sevdam, nəhayət bu il oktyabrın ortalarında reallaşdı. Belə ki, səhətimdə yaranan problemlərlə bağlı müayinə üçün Gözəlim Təbrizə səfər etməli oldum.

Təbii ki,sevgilərimizin təmas mərkəzi -Təbrizi doyunca gəzib-dolaşmaq, ulu Şəhriyarı, Səttar xanı, tarixlərin yadigarı, möcüzələr diyarı -Kəndovanı, ulu Babək diyarı-Kəlheybərdə Bəzz qalasını və eləcə də Ərdəbildə Şah Babamız-Xətaini və digər qədim ziyarətgahlarımıza baş çəkmək ən ümdə istəyim idi. Vaxt məhdudiyyəti isə bunlara imkan vermirdi.

Qısamüddətli səfər əsnasında çox şeylər qazandım. Həkimlərdən baş açılan kimi, ilk fürsətdə şəhəri qismən gəzib-dolaşa bildim. Əsirlərin dərinliyindən gələn bu tipli dünyanın üç möcüzəsindən biri olan-Kəndovanı ziyarət etdim. Sözün həqiqi mənasında burada sehrli bir dünyaya düşdüyümü zənn etdim. İfrat dərəcədə maraqlı idi. Bu, Kapodokiyadan sonra ziyarət etdiyim ikinci möcüzəvi dünya idi. Bu mədəniyyət nümunəsi Azərbaycan türklərinə məxsusdur. Məlumat üçün bildirim ki, Şərqi Azərbaycan ostanında tarixi, tanınmış, görməli və turistlərə maraqlı olan kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Üskünün 18 kilometrliyindədir. Kəndin evləri qayalar içində tikilmişdir. Kəndovana bənzər kənd, yalniz Türkiyənin Kapadokiya bölgəsində var. Kəndovan kəndinə daha çox turist cəlb etmək üçün qayalar içində gözəl hotellər də tikilmişdir. Kənddə 168 ev və təxminən 600 sakin yaşayır. Əhalının dili Azərbaycan dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq, bal istehsalı və maldarlıqdır.

Təbrizlə tanışlıq mənə çox şeylər pıçıldadı: Bütün Təbriz əhli demək olar ki, başdan-başa öz döğma Azərbaycan türkcəsində danışırdı. Oradakı soydaşlarımız çox mehriban və diqqətcildirlər. Dükanda, bazarda hamı bir-biri ilə salamlaşıb, hal-əhval tuturlar. Diqqətimi cəlb edən əsas məsələlərdən biri və ən vacibi soydaşlarımızın iyrənc molla rejiminə qarşı barışmaz mövqeləri və üsyankarlıqları idi. Onlar ingilis törtöküntüləri olan bu naqis rejimdən qurtulmağın fərqindədirlər və 40 milyonluq Azərbaycan Türkünün tezliklə Şimali Azərbaycanda yaşayan soydaşlarına qovuşmağın arzusundadırlar.

Rejimin Təbrizə baxımsızlığı ucbatından nə qədər tikinti-abadlıq işləri getsə belə ,Bakının 70-ci illərdəki nimdaş vəziyyətini xatırladır. Soydaşlarımız çox əməksevərdir, hər kəs hər-hansı bir işin qulpundan yapışıb.

Onu da öyrəndim ki, ali hakimiyyət orqanları Təbrizdən ilandan qorxan kimi qorxurlar. Əgər bu xof olmasaydı, rejim soydaşlarımıza daha çox zülm edərdi.

Bütün çətinliklərə baxmayaraq, içlərində vətənpərvərlik və üsyankarlıq ruhu saxlayan soydaşlarımız gələcəyə nikbin baxmaqdadırlar. Bunları gördükdə, Təbrizin bir ruh şəhəri, bir Türk şəhəri olduğunu yəqin etdim və…

…Və istər-istəməz bir anlıq olsa da Bakı ilə Təbrizi, bakılılarla təbrizliləri müqayisə etdim. Böyük fərq gördüm. Ən pisi də o oldu ki,doğma Bakımızın bir Türk şəhəri olmadığını fərq etdim. Sən demiyəsən Bakı heç də bizə aid deyilmiş…

…Beləcə,qarışılıqlı hisslərlə dörd gündən sonra «Salamat qal, Təbriz» deyərək, oranı tərk etdim. İçimdə düşündüyümdən də böyük bir Təbriz sevgisini gətirdim. Təbrizə, «əlvida» deyə bilməzdim, əgər ömür möhlət versə, bu dəfə Təbrizə səyahət məqsədilə gedəcəm. Ona görə də «Xoşca qal, Təbriz» dedim…

P.S. Var ol, tarixin adaşı, əkizi, yaşdaşı, Təbriz, mən səni sevərək gəldim, bəyəndim! Və inandım ki, deyildiyi kimi sən o taylı, bu taylı Azərbaycanın adlı bir məmləkətin şəriksiz paytaxtı olmağa layiq şəhərsən! Bu isə tez, yaxud da gec mütləq olacaq!

Sevgi və sayğılarımla: ALLAHVERDİ DƏRD
Bakı — Təbriz — Bakı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: