19.07.2024

Polkovnik Hüseyn Qaçayev: “28 ildən sonra Şuşada ilk cərrahiyə əməliyyat keçirildi”

Gəncə Şəhər Hərbi Hospitalında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

İnterpress.az xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dövlət himnimiz səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Hərbi Hospitalının rəisi tibb xidməti polkovniki Hüseyn Qaçayev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsini, xalqımızın Dəmir yumruq ətrafında sıx birləşməsini, gənclərimizin Vətən sevgisini, iqtidar-xalq və ordu birliyini vurğulayıb.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində ağır yaralıların demək olar ki, hər gün Gəncə şəhərindən Bakıdı hərbi hospitallara çatdırılmasında aktiv iştirak edib:

“Gəncə Şəhər Hərbi Hospitalının Qubadlıda 8, Şuşada 3 təcili tibbi yardım avtomobili, Kəlbəcərdə isə 4 sanitar “UAZ”ı və tibbi heyəti fəaliyyət göstərib. Ordumuzun meşə ərazisindən açdığı xüsusi Böyük Tağlar-Şuşa yolu ilə iki gün ərzində şəhərə daxil ola bildik. Münasib bina təyin etdikdən sonra Şuşa şəhərində yeni hərbi hospital yaradıldı və yaralıların qəbuluna başlanıldı. 28 ildən sonra Şuşada ilk əməliyyat həyata keçirildi və heyətimiz tərəfindən minaya düşərək ağır yaralanan əsgərimizin ayağında cərrahiyə əməliyyat aparıldı.

Eyni zamanda, Vətən müharibəsində Qubadlı və Kəlbəcərdə iki ən böyük səhra hospitalının açılmasında, Gəncə hospitalının şəxsi heyətinin əziyyəti danılmazdır. Hospitalda iki əməliyyatxana, sarğı otağı, rentgen və USM aparatları ilə təchiz olunmuş müayinə otağı və beş müalicə çadırı quruldu. Binada müxtəlif ölçülü generatorlar quraşdırılaraq tam işıq təminatı təşkil edildi. Geyim ləvazimatı, qida təminatı, gecələmək üçün münasib yerlərin müəyyən olunması və digər bu kimi ehtiyaclar yüksək səviyyədə qarşılanırdı”.

Digər çıxış edənlər də bildiriblər ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: