Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı AÇIQLANIB
Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib.
E.Quliyev qeyd edib ki, Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) «Vətən Müharibəsi Qəhrəmanı» adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub.
«Şəhid ailələrinə dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən onlara baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılıb, qazilərin müalicəsinə, onlara müharibə veteranı adının, sığorta və digər ödənişlərin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstərilib, şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılıb. Bu günədək 12 nəfər şəhid ailəsi üzvü DSX-yə həqiqi hərbi xidmətə, işə, yaxud təhsil müəssisəsinə qəbul olunub», — DSX rəisi əlavə edib.