29.03.2024

AVMVİB İmişli rayonunda layihə çərçivəsində tədbir keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihə çərçivəsində AVMVİB, rayon şöbələri ilə birlikdə keçirdikləri tədbirləri davam etdirib.

Layihə çərçivəsində bu dəfə İmişli rayon veteranları ilə Heydər Əliyev Mərkəzində geniş tərkibdə görüş keçirilib. Layihə rəhbəri AVMVİB sədrinin müavini Vahid Abdürəhmanovun rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verilib və qaldırılan problemlər aidiyyatları üzrə qruplaşdırılıb.

Görüşdə AVMVİB sədrinin I müavini Kamil Şirinov, şöbə müdiri Akif Abbasov, AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov, İmişli rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Asif Abuşov, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.

Tədbirdə çıxış edən AVMVİB sədrinin müavini, «Müharibə veteranlarına hüquqi yardım» adlı layihənin rəhbəri Vahid Abdürəhmanov çıxış edərək bu layihənin bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Artıq bu layihələri bir neçə rayonda uğurla həyata keçirmişik. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi.

Çıxış edənlər bu tip layihələrin həyata keçiruilməsinin vacibliyindən danışdılar. AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov bildirdi ki, veteran problemlərinin həllinə rayon rəhbərliyi daim diqqətlə yanaşır. Belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanır və bu işi davam etdirmək vacibdir.

AVMVİB, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihəsini davam etdirəcək. Tədbirin sonunda AVMVİB İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov Yubiley medalıyla təltif olunub.

Rauf Hüseynov

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: