01.07.2025

AVMVİB Xəzər rayon şöbəsində təşkilatın 25 illiyi qeyd edildi

AVMVİB-yinin yubiley tədbirləri davam edir.Növbəti tədbir Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş tutdu.

11 oktyabr 2019-cu il tarixində Mərdəkan Mədəniyyət Sarayında AVMVİB-nin Xəzər rayon şöbəsi Azərbaycan Vətən Müharibə Veteranları İctimai Bİrliyinin 25 illik yubiley tədbiri keçirildi.

Tədbirdə, AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev, SHXÇDX İdarəsinin rəis müavini polkovnik Şaiq Məmmədov, Bakı şəhər Xəzər rayon İcra aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradov, Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid ailələri İB-nin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev, Şəhid ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşviq Əliyev, Qarabağ döyüşlərində iştirak etmiş Qarabağ müharibə veteranları və digər qonaqlar iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş döyüşçülərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev açıq elan etdi. Rasət Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ veteranlarına, müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyi dövlət qayğısından danışdı. Həmçinin Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın da veteranlara xüsusi diqqətini vurğuladı. Mehriban xanımın onlarla mütəmadi olaraq görüşlər keçirdiyini, onların mənzillərlə təmin edilməsini, maddi-sosial məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri qeyd etdi. Rasət müəllim Xəzər rayon İcra Başçısı Elşən Salahovun da veteranlara göstərdiyi diqqəti nəzərə çatırdı.


Rasət Tağıyevin çıxışından sonra AVMVİB-nin yaranmasının 25 illiyinə həsr olunmuş videoçarx izlənildi.


Daha sonra çıxış üçün söz Qarabağ müharibə veteranı AVMVİB sədri Füzuli Rzaquliyevə verildi. Füzuli Rzaquliyev, AVMVİB-nin yaranma tarixindən, Birliyin yarandığı gündən Qarabağ veteranlarına göstərdiyi xidmətlərdən danışdı. Qeyd etdi ki, əgər «Mövzu vətəndirsə, biz veteranlar həmişə 18 yaşındayıq və hər zaman döyüşməyə hazırıq.»

Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsi rəisinin müavini polkovnik Şaiq Məmmədova verildi. Şaiq Məmmədov Azərbaycanda Qarabağ müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Dövlət başçımız cənab İlham Əliyev Ulu Öndərmizin ideyalarına və siyasətinə hər zaman sədaqət nümayiş etdirmişdir. Polkovnik əlavə etdi ki, Prezident İlham Əliyev Qarabağ veteranlarına heç bir zaman diqqətini əsirgəməmişdir. Buna misal olaraq, yaxın günlərdə Qarabağ müharibə veteranı Orucov Orxan İladi oğlunun Gürcüstan vətəndaşı olmağına baxmayaraq, Qarabağ müharibəsində göstərdiyi xidmətləri nəzərə alaraq İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan vətəndaşlığı almağını göstərmək olar.

Təbrik üçün söz Xəzər rayon İcra Hakimiyyətinın şöbə müdiri Gülbala Qurbanova verildi. Gülbala müəllim rayon İH-nin həmişə veteranların, şəhid ailələrinin, əlillərinin problemləri ilə yaxından maraqlanır, onların problemlərinin həllinə əllərindən gələn köməkliyi göstərirlər. Gülbala Qurbanov Prezidentin «Valday» çıxışına toxunaraq, «Biz hər zaman Ali Baş komandanı dəstəkləyir və onun döyüş əmrini gözləyirik» sözlərilə çıxışına yekun vurdu.

Sonra çıxış üçün söz Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradova verildi. Tədbirin gedişatında digər qonaqlar və Qarabağ müharibə veteranları da çıxış etdi.

Tədbir Xəzər rayon AVMVİB-nin Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyevin çıxışı ilə sona çatdı. Rasət Tağıyev gələn qonaqlara, veteranlara öz minnətdarlığını bildirdi.Veteranları 25 illik yubiley münasibətilə təbrik edərək, onlara can sağlığı və uzun ömür dilədi. Arzu etdi ki, gələn il 26 ilimizi Qarabağda təntənəli şəkildə qeyd edək.

Tədbirdə göstərdiyi ev sahibliyinə və yardımlarına görə Mərdəkan Mədəniyyət Sarayının rəhbəri Əliağa Mirzəyevə və sarayın işçilərinə təşəkkür edirik.

Nərmin Cəlilova

İctimai Birliyin Xəzər rayon şöbəsində ümumi şöbənin müdiri




Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: