21.11.2024

Şəhid atası: «Oğlum başımı uca etdi»

“Üç övlad atası idim, birini şəhid verdim. Oğlum başımı uca etdi. Az yaşadı, amma kişi kimi yaşadı”.

Bu fikirləri “Report”a açıqlamasında şəhid Samir Xudiyevin atası Səməd Xudiyev deyib.

Onun sözlərinə görə, oğlu mərd, vətənpərvər oğlan olub: “Onun əmisi də qazi olub. Həmişə məcburi köçkün düşməyimiz barədə, ermənilərin bizə yaşatdığını danışanda diqqətlə qulaq asırdı. Deyirdi ki, ata, siz zülm çəkmisiniz. Əsgərliyə gedəndən 9 ay sonra 10 günlük məzuniyyətə gəlmişdi. İki gün qalandan sonra səbrinin çatmadığını, uşaqlardan ötrü darıxdığını bildirdi. Belə oğlanları 30-50 ildən bir tarix yetişdirir, söndürür. Belə oğlanlara görə Vətən yaşayır. Oğlumun da yeri cənnət olsun, Vətən sağ olsun. Allah şəhidlərə rəhmət, qazilərə can sağlığı versin”.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: