23.11.2024

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Nazirlər Kabineti Qərar imzalayıb

“1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında


“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
  3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
    Əli Əsədov
    Azərbaycan Respublikasının Baş naziri
    Bakı şəhəri, 2 avqust 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya
…………..onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi


Q A Y D A S I

  1. Ümumi müddəalar
    1.1. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman)
    4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını
    müəyyən edir.
    1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir:
    1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə;
    1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan

    Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə;
    1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə;
    1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə;
    1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə.
    1.3. Birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir.
    1.4. Bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı xidmətlər elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə göstərilir.
    1.5. Bu Qaydanın 2.2-ci bəndi istisna olmaqla, birdəfəlik ödəməni almaq hüququ olan şəxslər bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) struktur bölmələrinə (bundan sonra – Bölmə) və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər.
    1.6. Birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir.
  2. Birdəfəlik ödəmənin təyin edilməsi
    2.1. Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir.

    2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi
    üçün aşağıdakılar tələb olunur:
    2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması;
    2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması;
    2.2.3. şəxsin adının “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması.
    2.3. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparıldığı gün onun əlaqə vasitələrindən (mobil telefonuna və ya elektron poçt ünvanına) birinə və ya poçt vasitəsilə bu barədə məlumat göndərilir.
    2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir.
    2.5. Bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərinə uyğun olaraq proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda, habelə bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə birdəfəlik ödəmə bu Qaydanın 2.6-2.8-ci bəndlərinə əsasən tələb olunan sənədlər əlavə edilməklə birdəfəlik ödəmə almaq hüququ olan şəxsin istənilən Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə və ya elektron qaydada şəxsən və ya nümayəndə vasitəsilə yazılı müraciəti əsasında Fond tərəfindən təyin edilir.
    2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq birdəfəlik ödəmənin verilməsi üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
    2.6.1. müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
    2.6.2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi;

    2.6.3. tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı);
    2.6.4. əlilliyin bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış.
    2.7. Fərmanın 1-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir.
    2.8. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər:
    2.8.1. birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
    2.8.2. vərəsəlik hüququ haqqında şəhadətnamə.
    2.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və ya ehtiyatlarından bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədlərdəki məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.
    2.10. Yazılı və ya elektron müraciət əsasında təyinat aparılması üçün Bölməyə və ya Mərkəzə daxil olan (təqdim edilən) sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq aşkar olunmadıqda, müraciət edən şəxs bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla ərizə qeydiyyata alınır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, müraciət edən şəxsə həmin çatışmazlıqların 10 (on) iş günü müddətində aradan qaldırılması barədə dərhal, müraciət poçt vasitəsilə edildikdə isə bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada ən geci 3 (üç) iş günü müddətində məlumat verilir və bu zaman bu Qaydanın 2.11-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır.
    2.11. Ərizənin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində Bölmə və ya Mərkəz tərəfindən birdəfəlik ödəmənin verilməsi və ya verilməsindən imtina olunmasına dair (səbəbi göstərilməklə) Fond tərəfindən müvafiq qərar qəbul edilir və bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada 3 (üç) iş günü müddətində müraciət edən şəxsə bu barədə məlumat (birdəfəlik ödəmənin verilməsindən imtina ilə bağlı məlumata münasibətdə imtina səbəbi göstərilməklə) verilir.
    2.12. Birdəfəlik ödəmənin verilməsindən bu Qaydanın 2.13-cü bəndi nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir:
    2.12.1. müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda;
    2.12.2. müraciət edən şəxs bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda;
    2.12.3. müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda;
    2.12.4. təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda.
    2.13. Bu Qaydanın 2.12.2-ci və 2.12.3-cü yarımbəndlərində qeyd edilən imtina halları “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qaimə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir.
    2.14. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir.
    2.15. Bu Qaydanın 2.12.4-cü yarımbəndində nəzərdə tutulmuş halda birdəfəlik ödəmənin verilməsindən imtina edildikdə, həmin şəxs imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra birdəfəlik ödəməni almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
    2.16. Müraciət edən şəxsin birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır.
  3. Birdəfəlik ödəmənin məbləği və ödənilməsi qaydası
    3.1. Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir:
    3.1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;
    3.1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;
    3.1.3. III dərəcə əlilliyə görə – 4 400 manat
    ;
    3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə — vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində.
    3.2. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə birdəfəlik ödəmə və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq, dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına Fond tərəfindən bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş qaydada ödənilir.
    3.3. Birdəfəlik ödəmə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq Fond tərəfindən nağdsız qaydada ödənilir.
    3.4. Birdəfəlik ödəmənin ödənilməsi və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişinin verilməsi ilə bağlı bank xərcləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına həyata keçirilir.
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: