22.11.2024

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynov ölkə başçısının məlum Valday çıxışı ilə bağlı münasibət bildirib: «Mən də bir müharibə adamı kimi Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin Valday çıxışını alqışlayıram.

Ermənistanın baş nazirinin gözlədiyi cavabı Azərbaycan Prezidenti yığcam şəkildə və dəqiq verdi. Və qürurvericidir ki, özünə tam inamla, simasında təbəssümlə ifadə etdi. İlham Əliyev «Qarabağ Ermənistandır» ifadəsinin yalan olduğunu göstərdi. Həmin ərazinin statusu 1921-ci ildə Qafqaz bürosunun qərarı ilə «Azərbaycanın tərkibində qalsın» kimi müəyyən edilib. Nikol Paşinyan da daxil olmaqla, bəzi ermənilər isə «Azərbaycana verilsin» kimi yazıldığını iddia edirlər. Bunlar konkret sənədi də təhrif etməyə utanmırlar. Çünki həqiqətdən ənənəvi olaraq qorxurlar.

Daha qədimlərə müraciət edən Azərbaycan Prezidenti qətiyyətlə bəyan edib ki, Dağlıq Qarabağ tarixi, mədəni, demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda daim Azərbaycanın olub və ora indi də Azərbaycandır. Və həmin fikri Prezident tarixə düşən dəqiqliklə ifadə edib: «Qarabağ Azərbaycandır və nida işarəsi» Erməni mətbuatı bu fikrin Nikol Paşinyanın «nöqtəsini əzib keçdiyini» yazıb. Doğrudan da çox güclü, dəqiq, yığcam və eyni dərəcədə obyektiv cavabdır.

Biz bilirik ki, bu gün dünyada gedən mürəkkəb siyasi proseslərin, hegemon dövlətlərin qarşısında söz sahibi olmaq nə hər dövlətin, nə də ki, hər dövlət başçısının hünəri deyil.

Azərbaycan Respublikasının Prezidentinin belə qəti, sərt, cəsarətli çıxışı çox mühüm məqamlardan xəbər verir. Dünyada baş verən mühüm iqtisadi proyektlərin, layihələrin içində olan, vacib geosiyasi coğrafi mövqedə yerləşən Azərbaycan dövləti ilə artıq çoxdan hesablamağın vaxtıdır.

Bəli, istər siyasi, istər iqtisadi, istər mədəni və sair sahələrdə dövlətimiz öz sözünü deyir. Qüdrətlu ordumuz var. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Müharibə adamları Ali Baş Komandanımızın yanındadır və bu istiqamətdə veriləcək əmri gözləyirlər».

ƏMR ET, KOMANDANIM!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: