29.02.2024

AVMVİB-də «Qaloş» əməliyyatı: Sədr «can hayında», Başçı da kadr axtarır…

Çox saylı veteran şikayətlərini, AVMVİB İdarə Heyətinin təkidli qərarını nəzərə alaraq, AVMVİB Səbail rayon şöbəsinin sədri İlham Məhərrəm oğlu Əliyev tutduğu vəzifədən azad edilib. Fəaliyyətsizliklərinə görə bu il 6 rayon şöbəsi sədri öz vəzifəsiylə vidalaşıb. Amma heç bir rayonda Səbail rayonundakı problemlə rastlaşmamışıq.

Buna səbəb veteran, əlil və şəhid ailələrinin müraciətlərinə İlham Məhərrəm oğlu Əliyevin veteran adına yaraşmayan hərəkət və hərəkətsizliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyəti qərarını 5 il sərasər yerinə yetirməməsi və AVMVİB Nizamnaməsini dəfələrlə pozması, veteranlar haqqında və onları birləşdirən QHT-lər haqqında təxribatçı dedi-qodular yayması, veteranlığı və müharibə əlilliyindəki şübhəli məqamların olması, tabe olduğu təşkilat rəhbərliyi haqqında hədyanlar danışıb böhtan xarakterli məlumatlar yayması və bir sıra cinayət tərkibli nöqsanlara yol verməsi (aidiyyatı üzrə bu faktlar göndəriləcək-red.) və s. artıq tam müəyyən edilib. Bu şəxs bunca naqisliklərə yol verdiyini bilə-bilə illərdir ki, özünü məqamında xəstəliyə vurmaqla zaman qazanıb. İndi də «qaçaq, yaxud da qiyabi sədrlik» eşqinə düşüb və bütün bu qanun pozuntularını da Səbail rayon İcra Hakimiyyəti Başçısı Vüqar Zeynalovun adından edir.


O hər kəsə elan edib ki, «məni yalnız başçı çıxara bilər (bu zavallı hələ də AVMVİB-nin Nizamnaməsini oxumadığı bəllidi)», «qapı qırmağı mənə başçı tapşırıb», «başçı özü mən kimi desəm mənim yerimə onu qoyacaq», «başçı deyib ki, səni heç kim çıxara bilməz» və s. başçının adından yüzlərlə hədyanlar danışmaqdadır.


Öncə bircə xatırlatma edək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) analoji problemlə İmişli, Biləsuvar və Göranboy (sonra Ağstafaya göndərildi) rayon İcra Hakimiyyətlərində rastlaşmışdıq, hətta İmişli rayon İcra Hakimiyyətinin sabiq Başçısı Vilyam Hacıyev problemlə bağlı aidiyyatlı qurumlara və AVMVİB sədrinə məktub da göndərmiş, rayon veteranlarını təxribatçı adlandırmışdı.


Hər 3 sədr yerlərində qalsalar da, hər 3 başçı yerlərində deyillər, bəlkə də elə layiq olduqları yerdədirlər. Bizim bu zorən sədrin hədyanlarına uymamaq üçün AVMVİB Rəhbərliyi rayonun İcra Hakimiyyəti başçısının qəbuluna getsə də hörmətsizliklə üzləşdilər. Bizim jurnalist araşdırmamız nəticəsində öyrəndik ki, 87 minlik veteranlar ordusunu öz ətrafında birləşdirən Birlik haqqında yuxarı orqanlara başçı tərəfindən yanlış məlumatlar verilib və hətta bizləri təxribatda suçlama iddiaları irəli sürülüb. Bu deyilənləri ilkin mənbələrdən təsdiqlədiyimizə görə faktı ictimailəşdirməyə qərar verdik. Çünki susmağımızı onlar özlərinin haqlı olması kimi anladılar və bu rayon rəhbərliyinin mövcud telefonlarına günlər ərzində bircə dəfə cavab verən olsa da, o da məsələni deyən kimi «gözlə» deyib zəngi qapatdı. Mesajla yazdığımız suallara da cavab verilmədi. Amma bu yazıda qoyacağımız hər bir suala cavab istəyirik. Biz veteranları «təxribatda günahlandırmış» bir orqandan cavab istəyirik. Biz Səbail rayon veteranlarının tələbiylə bu rayonun sakini olmayan və əməllərində veteran adına yaraşmayan hərəkətlər olan bir sədri uzaqlaşdırmışıq. Bəs rayon rəhbərliyi nədən rahatsızdır?


Öncə bildirək ki, İcra Hakimiyyəti Başçısı «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin «3.1.16. yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir;» müddəasını pozur. Qəbul etməməkləri bir yana, (14.04.2022) gün ərzində internet resurslarında mövcud olan bütün telefon nömrələrinə cavab verilməməsi yeni iş üslubudurmu?


Gənclərin irəli çəkilməsi məsələsində ölkə Rəhbərini alqışlasaq da bu gün tam əks fəaliyyətlərlə üzləşməkdəyik. Çünki hələ də özlərini «Dövlət mənəm» deyə təqdim etmə meyilləri ilə, həqiqəti deyənlərə qarşı düşmənçilik və s. mövqelərlə rastlaşmaqdayıq.

İzahat üçün bildiririk ki, mövcud qanunvericilikdə bizim ictimai birlik «Veteranlar haqqında» və «İctimai birliklər haqqında» Respublika Qanunlarına uyğun fəaliyyət göstərir. Dövlət orqanlarının vəzifəsi mövcud qanunvericilikdə bizim fəaliyyətimizi əngəlləmək deyil, yardım etməkdir. Bunu ölkə rəhbəri dəfələrlə öz çıxışlarında qeyd edib və göstərişlər verib.


«Veteranlar haqqında» Respublika Qanununun 10-cu maddəsində deyilir: «Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər».

Amma Məhərrəm oğlu İlham gəlib deyir ki, Başçı deyir ki, veteranların qərargahını əllərindən alıb başqasına verəcəyəm. Bəlkə də yalan deyir. Amma bilmək vacib idi ki, AVMVİB-ə məxsus sökülmüş qərargah 2 dəfə mövcud qərargahdan böyük olub və yeri geri almaq isə artıq məhkəmə predmetidir. Çünki biz hüquqi bir dövlətdə yaşayırıq. Prezidenti Müzəffər Ali Baş Komandan, yəni Döyüşçü olan bir ölkədə yaşayırıq və bununla da fəxr edirik. Bu ölkənin mövcud qanunverciliyində dövlətin QHT-lərin işinə birbaşa müdaxiləsi ilə bağlı qayda mövcud deyil. Belə ki, qanunda dövlət nümayəndələrinin QHT-lərin idarə heyətlərində təmsil olunmaları və iclaslarında iştirak etmələri ilə bağlı ayrıca öhdəlik də nəzərdə tutulmayıb. Yəni hökumətin qeyri-hökumət təşkilatının fəaliyyətinə müdaxiləsi mümkünsüz bir yoldur. QHT-lərin üzvləri ilə təşkilat arasında yaranan mübahisələr QHT-lərin nizamnaməsində nəzərdə tutulan qaydada həll olunur. QHT-lərin icra orqanları tərəfindən pozulmuş hüquqların məhkəmə qaydasında müdafiəsinə təminat verilir. Təşkilatdaxili mübahisələr ilk növbədə təşkilatın nizamnaməsi ilə tənzimlənməli, mübahisənin Nizamnamə çərçivəsində həllinə nail olunmadıqda isə məhkəməyə müraciət mümkün olmalıdır.


Yəni bu hüquqi prosedurları Səbail rayonunda üzləşdiyimiz olayda hökumət adından qeyri hökumət təşkilatının işinə müdaxilə etməyə cəhd edilməsi, bizləri yanlış olaraq təxribatda suçlaması, müharibə veteranlarının müraciətlərinə cavab vermək əvəzinə, onları «öyrədilmiş şəxs» adlandırılması və s. kimi hallar olduğuna görə şərh edirik.


Bizi maraqlandıran bu sualları internet resursları üzərindən rayon İcra Hakimiyyətinə ünvanlayırıq:

— Niyə Səbayıl rayon İH Rəhbərliyi 87 minlik AVMVİB-ni bir yana qoyub, fəaliyyəti neqativlərlə dolu İ. Əliyevin seçimini qəbul etməyi bizdən tələb edir?
— 2961 köhnə, 261 yeni müharibə veteranı üzvü olan AVMVİB Səbail rayon şöbəsinə, bu rayonda qeydiyyatda olmayan 387 nəfər veteranı hansı əsaslarla üzv edilib?
— Qapının möhürlənməsində məqsəd illər ərzində saxta siyahılar üzrə şöbə sədriylə birgə rayon rəhbərliyinin müharibə əlillərinin adına yazılmış siyahıların yoxlanması olub. Ortada bu gün heç bir sənəd qalmayıb. Yəqin ki, aidiyyatlı orqanlar vacib olan sənədlərin tapılmasında bizlərə yardımçı olacaqlar. İndi qapının qırılması və rayondakı təlaşın nədəni, tələsik Yuxarılara yanlış məlumatın nə üçün verildiyini anladınızmı? Təxribatçıların kimliyi sizlərə aydın oldumu?
— Kimlərinsə adına torpaqların sənədləşdirilməsi barədə şikayətlər var. Bu barədə suallara kim cavab verməlidir?
— Sabiq sədr 5 il öncə babasildən və boyun fəqərəsi qrijasından müharibə əlili statusunu necə alıb?
— Qısa vaxt ərzində Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyindən, hələ 1996-99 — cu ildən ev növbəsində olanlar varkən, mənzili olduğu halda hansı yolla mənzil və avtomobil ala bilib?
— Hansı əmrlə və hansı hərbi hissədən tərxis olunub və müharibə veteranı statusunu neçənci ildə əldə edib?
— Şəhidlər Xiyabanında yerləşən qərargahda milliyətcə şübhəli olan birisini necə saxlayıb və onun adına alınan mənzil kimin sərəncamındadır?
— AVMVİB Nizami rayon şöbəsinə məxsus qərargahın bir hissəsini necə özəlləşdirib?
— Gənc qaziləri hansı məsələyə görə otaqdan qovub?
— Şəhid ailəsinin problemi ilə bağlı «şəhid-məhid» deyən birini hansı məziyyətlərinə görə İcra Hakimiyyətində bunca sevirlər?
— Saxta sənədlərin düzəldilməsi, imzanın saxtalaşdırılması və buna bənzər faktların mövcudluğuna İ. Əliyevin yerinə sizcə kim cavab verməlidir?
— Xanım döyüşçü niyə fərdi qaydada müxtəlif instansiyalara şikayətlər ünvanlayıb?
— AVMVİB Səbail rayon şöbəsinin adına verilmiş inventarları kim təhvil verəcək?
— Bu gün onlarla qazinin ehtiyacı olan 11 min manatlıq əlil arabasını necə ələ keçirib və neçəyə satıb?
— Bayram ərəfəsi rayon rəhbərliyindən aldığı yardımlar Səbail rayonunda yaşayan müharibə əlillərinə deyil, kimlərə verilib?
— Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyəti 87 min üzvün qərar verici orqanıdır və Birliyin cari, perespektiv planlarını o hazırlayır. Bəs Səbail rayon İH — ni bizim İdarə Heyətinin qərarına qarşı çıxan separatçı sabiq sədrlə hansı əlaqələr birləşdirir?
— İcra Hakimiyyətinin Başçısı hansı əsaslarla AVMVİB rayon şöbəsində yığıncaq çağırır? Yəqin «Veteranlar haqqında» Respublika Qanununun 8-ci maddəsinə uyğun olaraq: «Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər», yoxsa «Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər» və s. kimi müddəalarını xatırlayıb?


Bu məsələni bu günədək hüquqi müstəvidə həll olunmasını gözlədik və bizim susmağımız haqsızlıq kimi düşünülməsin deyə silsilə yazıları sizlərə təqdim edəcəyik. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB), «Ali Baş Komandanımız cənab İlham Əliyevin 87 minlik əsgəri olduğunu» dəfələrlə bəyan edib. Biz bu Vətən uğrunda, bu Bayraq uğrunda, bu Lider uğrunda və bu Millət uğrunda can verməyi gözə almış insanlarıq.

Yəqin ki, bizim yanlış görüntümüzü və neqativ münasibəti sizlərin gözündə illərcə özünü xəstəliyə vurduğuna görə yanlışına göz yumduğumuz köhnə sədr müəyyənləşdirib. Hər halda ziyanın yarısından qayıtmaq ən doğrusudur.


Artıq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinə Fəqan Nəsibzadə sədr təyin olunduqdan sonra şöbə öz fəaliyyətini qismən bərpa edə bilib. AVMVİB Səbail rayon şöbəsinin üzvləri ehtiyyatda olan zabit, müharibə əlili, şəhid qardaşı Fəqan Nəsibzadənin təyinatını razılıqla qarşılayıblar. Şöbə üzvü müharibə veteranlarının iştirakıyla və YAP rayon təşkilatıyla birgə «Ümummilli Lider Heydər Əliyevin 99 illiyi», «28 May-Müstəqillik günü» adlı tədbirlər keçirilib. Alqışlayırıq…


Bu özündən müştəbeh zorən sədr bir çox yerdə AVMVİB — ni yaradanlardan biri olduğunu da dediyi yalan da ortadadır. Yəqin ki, dinləyənlər düşünüblər ki, bir təşkilatın yaradıcısı budursa, onda onun yaratdığı təşkilat nə olar? Necə deyərlər «Ağası Gülüm olanın, başına külüm olar».


Hətta bu təşkilatın adının «Vətən Müharibəsi Veteranları» olmasını təklif edən şəxsə də özünü az qala təşkilatı yaradan kimi sırımaq istəyən İlhama buradan demək istəyirəm ki, qurucu oğlanın təşkilatda ləqəbi «Qaloş» olmur. Yanlış yoldasan. Sənin kimilərinin bizimlə bir təşkilatda olmasının yanlış olduğunu 1995-ci ildə demişdim və haqlı olduğumu zaman sübut etdi. Sənin 5-6 günlük cəbhə həyatının da təfərrüatları ortadadır. Oturub Əmralılardan necə aradan çıxmağınız haqqında «memuar»ını yazsan daha maraqlı olardı…


Mövzuya qayıdacağıq…


X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Mənbə: Fədai.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: