713 saylı hərbi hissənin köhnə döyüşçüləri Şəhidlər Xiyabanını ziyarət etdilər
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri və 713 nömrəli hərbi hissənin köhnə döyüşçüləri 28 May Respublika Günü ilə bağlı ənənəvi olaraq bu il də Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Tədbir iştirakçıları Xiyabanda uyuyan Şəhidlərimizin ruhuna dualar oxuyub və onların məzarları üstünə gül dəstələri qoyublar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev məlumat verib.
AVMVİB sədri Füzuli Rzaquliyev onu da bildirdi ki, bu gün həm də bizim döyüşçü qardaşımız olan ikinci rotanın komandiri Vaqif Quliyevi xatırlamalıyıq. Bütün Şəhidlərimiz kimi Vaqif müəllimin Ruhu da Allah dərgahında ən uca qatda qərar tutub. O, məktəb direktorluğunu buraxıb əldə silah Vətənimizin müdafiəsinə qalxmış bir qəhrəmandı. Allah şəhidlərimizə rəhmət eləsin və bir də bu qəhrəmanların hüzuruna alnıaçıq gəlməyimizi təmin edən ordumuz var olsun, qüdrətli olsun!
Tədbirdə köhnə döyüşçülərdən Rafiq Şükürov, Çingiz Novruzov, Çingiz Bayramov, Məmməd İsayev, Fəxri Bəndəliyev, Beyrək Quliyev (şəhid Vaqif Quliyevin oğlu-red.), Əbil Səfərəliyev və digər müharibə veteranları, şəhidlərin yaxınları iştirak ediblər. Çıxış edənlər bu gün üçün canlarından keçən şəhidlərimizi anmaqla yanaşı, Vətən tarixinin şanlı səhifələrini yazan hər bir kəsin xidmətlərini qeyd ediblər.
Tədbir iştirakçıları müstəqillik yolunda öz canlarını fəda etmiş qəhrəmanların heç zaman unudulmayacağını qeyd ediblər.
Elnur