28.05.2024

AVMVİB sədrinin 28 May təbriki

Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan xalqına, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına bayram münasibətiylə təbrik ünvanlayıb.

  • Azərbaycan Dövlətçilik tarixində Xalq Cümhuriyyətinin yaradılması böyük bir hadisə idi.


Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Bu gün haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi bizim babalarımız olmuşdur. Bu, onu göstərir ki, Azərbaycan xalqı qədim dövlətçilik ənənələri olan bir xalqdır.


Azərbaycanın görkəmli ziyalıları maddi sıxıntılara və məşqqətlərə baxmayaraq, Xalq Cümhuriyyətini ərsəyə gətirə bildilər. Onun ömrü uzun olmasa da, cəmi 23 ay ərzində çox böyük işlər görə bildi. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etdi. Bakı Dövlət Universiteti yaradıldı. Ümumiyyətlə, 200-dən çox qanun qəbul olundu. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edildi. Təkcə bu addım onun demokratik mahiyyət daşıdığının nümunəsi sayıla bilərdi. Çünki Avropanın bir çox dövlətlərindən də öncə qadınlara seçki hüququ tanımışdı.


Bu tarixi faktı reallığa çevirən böyük qurucu babalarmızın xatirəsi bizim qəlbimizdə yaşayır. İyirmi üç aydan sonra respublika süqut etsə də, onun ortaya qoyduğu ideyalar bu gün həyata keçirilməkdədir. Müstəqilliyi qazanmaq çətindir, amma müstəqilliyi saxlamaq daha çətin prosesdir.


1991-ci ildə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan hələ müstəqilliyinin ilk günlərindən bir çox bəlalarla üzləşmiş və ilk Respublika gününü torpaqlarının bir hissəsinin düşmən işğalıyla üzbəüz qaldı. Həm daxili, həm də xarici düşmənlər ölkəmizin varlığını təhdid edirdi. Xaos, separatizm və terrorçuluqla başbaşa qalan ölkənin rəhbərlərinin təsadüfi adamlardan ibarət olması siyasi böhrana səbəb olmuşdu. Belə bir vaxtda gözlər dahi liderimiz Heydər Əliyevə zillənmişdi. Azərbaycan xalqı yaxşı bilirdi ki, onu düşdüyü bu vəziyyətdən yalnız Heydər Əliyev kimi bir lider çıxara bilər. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan qısa bir müddət sonra ölkədə daxili sabitliyin təmin olunması istiqamətində təsirli tədbirlər gördü, atəşkəs müqaviləsinin imzalanmasına nail oldu, ordu quruculuğuna start verdi və dərhal iqtisadiyyatın gücləndirilməsi, ölkənin içinə düşdüyü informasiya blokadasının yarılması istiqamətində ardıcıl addımlar atdı. «Əsrin müqaviləsi» kimi ölkə üçün əhəmiyyətli biz beynəlxalq sazişin imzalamaqla Azərbaycanın dünyaya açılışını təmin etdi.


Heydər Əliyevin düşünülmüş və səriştəli siyasi gedişləri Azərbaycanın gələcəyini aydınlatmaq üçün hesablanmışdı. Ölkənin işğalını durdurmaq üçün bütün siyasi əlaqələrini və mümkün variantları işə salaraq, ölkədə stabilliyi bərpa etdi. O, bir siyasətçi kimi mümkün olanları addım-addım həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü yol bu gün də onun layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.


Məhz bunun nəticəsində 44 günlük Vətən müharibəsindəki qələbə qazanıldı və Zəfər tariximiz yazıldı. Məhz Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May – Respublika Gününü dövlətçiliyin əsas şərtlərindən birincisi olan ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının qüruru ilə qeyd edilir.


Bu gün münasibətilə bütün döyüşçüləri, Ordumuzu, xalqımızı ürəkdən təbrik edir, Bayrağımızın daim ucalarda olmasını arzulayıram.

Minlərlə şəhidlər verdiyimiz bu gün günlərdən ən gözəli, ən müqəddəsi olduğunu unutmamalıyıq. Torpağı öz qanlarıyla Vətənə çevirən, toplumu öz varlıqlarıyla millət edən müharibə veteranlarımıza, Vətəni cöz bəbəyi kimi qorumağı vəzifə borcu bilən Azərbaycanın Şanlı Ordusuna və bizi Böyük Zəfərlərə çatdıran Komandanımıza eşq olsun deyirəm!


Respublika günümüz mübarək!
Böyük öndərimiz Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn Bayrağımız, bir daha enməsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: