27.07.2024

Müdafiə Nazirliyindən veteran statusu almayanlarla bağlı yeni AÇIQLAMA

İkinci Qarabağ müharibəsi iştirakçılarının bir qismi veteran statusu almasına baxmayaraq, hələ də bir çoxları onlara veteranlıq verilməməsindən şikayətlənirlər. Redaksiyamıza müraciət edən Vətən müharibəsi iştirakçıları bildirirlər ki, ərazilərimizin işğaldan azad edilməsinə görə medallarla belə təltif olunsalar da, onlara hələ də veteranlıq statusu və təqaüdü verilmir.

İbadulla Daxil oğlu Əhmədov müraciətində yazır ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub:

“Hələ də veteranlıq və təqaüd almamışam. Müdafiə Nazirliyinə ərizə yazmışam, gözləyin deyirlər. Mən Xocavənd və Füzuli rayonlarının azad olunmasına görə medallarla təltif olunmuşam, mənim tabeçiliyimdə olan MAXE və əsgərlər veteran təqaüdü alıblar. Amma mənim hərbi biletimdə manqa komandiri ixtisasımı sanitar kimi hərbi hissə Müdafiə Nazirliyinə yanlış təqdim edib”.

Digər müraciətçi Elnur İlyas oğlu Vəliyev də ehtiyatda olan baş leytenant kimi N saylı hərbi hissənin tərkibində Qubadlı və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğurunda gedən döyüşlərdə iştirak edib:

“Cənab Prezidentimizin sərəncamı ilə Kəlbəcərin və Qubadlının azad edilməsi medalları ilə təltif edilmişəm. Sizlərdən çox xahiş edirəm mənə veteran statusunun verilməsinə köməklik edəsiniz. Bizə hələdə bilinməyən səbəblərə görə veteranlıqla bağlı status verilməyib”.

Qeyd etdiyimiz şikayətlərlə bağlı Müdafiə Nazirliyinə müraciət etdik.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, bu məsələyə müvafiq komissiyada baxılacaq:

“Qeyd olunan vətəndaşların müraciətlərinə cavab olaraq bildiririk ki, onların və onlardan başqa digər 12000-dən çox Vətən müharibəsi iştirakçılarının arayış-məlumatları tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün müvafiq komissiyaya göndəriləcək”.

Zərif Ülviqızı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: