27.07.2024

AVMVİB Səbail rayon şöbəsinin sabiq sədrinin hərəkətlərini veteranlar hiddətlə qarşılayıblar

Dünən 7 aprel 2022-ci il tarixli əmrlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri vəzifəsindən azad edilmiş Əliyev İlham Məhərrəm oğlu şöbəyə məxsus qərargahın giriş qapısını Səbail rayon İcra Hakimiyyətinin adıyla sındırıb. Amma 86 minlik veteranlar ordusunun ölkədə ən iri ictimai birliyi olaraq, daim İcra Hakimiyyəti Başçısı Vuqar Zeynalov haqqında müharibə veteranlarının və şəhid ailələrinin xoş sözlərini eşitmişik, daim təqdir etmişik. Bu gün hələ də təfəkkürcə 90-cı illərdə qalmış birinin ölkə qanunvericiliyinə, ictimai təhlükəsizlik qaydalarına, «Veteranlar haqqında», «İctimai birliklər haqqında» Respublika Qanunlarına qarşı törətdiyi bu hərəkət qəsddir və cinayət kimi qiymətləndirlməlidir.


Ölkə qanunvericiliyinə qarşı çıxaraq, şəxsi mənafeləri üçün üsyan etməkdir. Kimlərinsə sifarişiylə ölkənin ən böyük ictimai birliyi daxilində belə bir təxribat salaraq, əsayişi pozmağı planladıqlarını da bilirik. Bu işdə əli olanların hara bağlı olduqlarını da bilirik. Səbrlə hər şeyi ortaya qoyacağıq. İnanmırıq ki, ölkə rəhbərinin təyin etdiyi rəhbər şəxs belə bir qanunsuzluğa rəvac verə bilər. Prezident Aparatı, Bakı şəhər İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarının diqqətini bu məsələyə yönəldərək, 86 minlik veteranlar ordusunu belə təxribata çəkmək 5-ci kolonun növbəti təxribatı olduğunu bildiririk. Bu hadisə müharibə veteranlarının ciddi etirazına səbəb olub. Kimlərinsə «tamah dişi» müqəddəs məkanda müharibə veteranlarının qərargahına qıcandığını da bilirik.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) təmsilçiləri məsələ ilə bağlı öz hiddətlərini bildiriblər və münasibətlərini bizimlə bölüşüblər.

Qurban Osmanov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, İH — nin üzvü, AVMVİB Nərimanov rayon şöbəsinin sədri

— Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail şöbəsinin sədri Ə. İlhamın Birliyə qarşı, onun rəhbərliyinə qarşı başından yekə danışması onun kimi bir qorxaq adamın işi ola bilməz. Biz artıq 3 ildir ki, müxtəlif mənbələrdən onun yarıtmaz fəaliyyətləri barədə siqnallar alır və ona bu barədə xəbərdarlıqlar edirik. Burada «baş üstdə» deyib, uzaqlaşan kimi dediklərini öz yaxınlarına aid edirəm. Döyüşçünün bir sifəti olar. Bu adamın neçə sifəti olmasını bu illər ərzində sayıb qurtara bilmədik. İndi özünü sonuncu yola qoyub. Söyməyin nədi, özünü kresloya sarımağın nədi? Yalandan hər kəsə böhtan atıb şikayət etməklə nə qazanmaq istəyirsən? Özü də yaxşı bilirsən ki, bu təşkilatda sənin çəkin nədir?


Bu qərarın verilməsini çoxdan gözləyirdim və zəruri bir qərardı. İllərdir ki, Birliyin adına bu adamın sayəsində neqativ sözlər gəlib. Üstünə gedəndə də özünü xəstəliyə vurub. Amma bu adamın hər işlə əlaqəsi olsa da düzəlməklə bir əlaqəsi olmadığını görüncə AVMVİB İdarə Heyəti israrla qəbul etdiyi qərarın həyata keçirilməsini sədrdən xahiş etdi.


Özü haqqında ən yüksək fikirdə olan bu adam, hər yerdə guya Birliyə məxsus qərargahı belə ona görə verildiyini çərənləyib. Amma hər kəsin bilməsi lazımdır ki, İlham sədr təyin olunanda AVMVİB Səbail rayon şöbəsinin ərazisi 2-3 dəfə bundan böyük olub və o yerin AVMVİB-ə verilməsində əməyi olmayan tək veteran varsa, o da elə İlhamdır. Çünki o vaxtlar Binəqədi şöbəsinin üzvü olub və oradan da nə üçün qovulduğunu qoy özü açıqlasın.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nizamnaməsində nəzərdə tutulan müddəalar və AVMVİB İdarə Heyətinin qəbul etdiyi qərarların yerinə yetirilməsi hər bir üzvün ümdə vəzifəsidir.

İslam Səfərov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini

-Doğrusu bunca illər belə bir adamın bizimlə bir sırada olmasına heyrət etdim. Faktiki olaraq sabiq sədrin fəaliyyəti yarıtmaz olub. Son 5 ildə bir dənə tədbir keçirməyən şöbənin diqqətdən kənarda qoya bilməzdik. Adicə AVMVİB Rəhbərliyinin keçirdiyi tədbirlərə gəlməmək üçün özünü xəstəliyə vuran bir adamın gedib dincəlməsi ən yaxşı qərardır. Özü də yeni təyin olunan sədr şöbənin üzvüdür və «İctimai birliklər haqqında» Respublika Qanununda deyilir: «İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər».

Bu adam elə düşünür ki, oturduğu yerdən qalxmayanadək sədr olmalıdır? Perespektivli namizədlərin irəli çəkilməsi bizim qəbul etdiyimiz cari strategiyadır. Daha kim kimi tanışıdır, dostudur və s. kimi kriteriyaları çayxanalara saxlayın. Bu da faktdır ki, Birliyin rəhbərliyində olan bir kimsə ilə bu adamın münasibəti yoxdur.


AVMVİB Səbail rayon şöbəsinin sədrinin əməllərindən yetərli şikayətlər var. İstər şəhid ailələrinə qarşı hörmətsizlik, istər qadın döyüşçülərə qarşı, istər 44 günlük Vətən müharibəsi qazilərinə qarşı kobudluq edilməsi və s. kimi hərəkətlər barədə müraciətlərin məntiqi nəticəsinə qarşı çıxmaq bu adamın həqiqətən də psixoloji cəhətdən də xəstə olmasını göstərir. Bu Birlikdə belələrinə yer yoxdur və ola da bilməz. Hər bir şöbə sədri və hər bir sıravi üzvün ölkə qanunvericiliyinə uyğun qəbul edilmiş qərarlara əməl etməkdir. Bu istiqamətdə Ə. İlham həmişə pis örnək olub və gedişi də pis örnək olaraq unudulmamalıdır.

Natiq Həsənov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri

AVMVİB Səbail rayon şöbəsində sabiq sədrin Birliyin qərarına qarşı çıxmasını və üzvü olduğu təşkilata daim mənfi münasibət gətirməsi dəfələrlə AVMVİB İdarə Heyətinin geniş tərkibli iclaslarında müzakirə obyekti olub. Rəhbərlik onun xəstəliyini əsas tutaraq daim bu qərarları ertələyib. Lakin sən demə, elə bu xəstəlik də onun bir imitasiyası imiş. Şəhidlərin Anım tədbirlərində özünü xəstəliyə vurub pilləkənləri düşə bilməyən İlhamın öz şəxsi maraqları arxasınca ceyran kimi getdiyini şöbə üzvləri yaxşı bilirlər.


Birlik üzvlərinə böhtan atan, yalan məlumatlar yayan və nacins əməllərlə məşğul olan birisinin sıravi üzv kimi də qalması mümkün deyil. Öz şəxsi mənafeyini təşkilatın mənafeyindən üstün tutan birisi bizimlə bir təşkilatda qalmamalıdır.

Bu cür insanlar bizim Birlikdə olmamalıdır və bu proseslər davam etdirilməlidir. Onun etdiyi hərəkətlər bir daha belələrinin xislətini ortaya qoyur. Əgər o döyüşçü və əsil müharibə veteranı olsaydı özünü bu cür aparmazdı. Ayıb olsun.

Qəbul edilmiş hər bir Qərarı həyata keçirmək bizim vəzifə borclarımızdandı. Bunu hər kəs bilməlidir.

Elmar Hüseynov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, «Azərbaycan Bayrağı» ordenli, ehtiyatda olan polkovnik

-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri barədə demək olar ki, bütün yığıncaqlarda mənfi rəylər söylənib. Dəfələrlə xəbərdarlıq və töhmətlər verilməsinə baxmayaraq, öz çirkin işlərini davam etdirib. 44 günlük Vətən müharibəsi qazilərini qərargahdan qovmasıyla bağlı müraciətdən sonra AVMVİB İdarə Heyəti belə bir adamla təşkilatın yolunun ayırmasını təkidlə müdafiə etdi.


Bu gün gələnlərə birliyi yaratmış biri olduğunu, guya qərargahı özü tikdiyi barədə nağıllar uydurur. Hər kəs bilməlidir ki, şöbənin köhnə yeri indiki qərargahdan sahəcə artıq idi və o vaxtlar İlham AVMVİB Binəqədi rayon şöbəsindən bəd əməllərinə görə qovulmuşdu. Plana düşdüyünə görə bizə artıq yer verilməli olduğu halda əskik yer verilib.

Bir sözlə bu adamın tərbiyə olunması mümkün deyil. Ara vurmaq, böhtan atmaq, yalandan informasiyalar yaymaq bunun şakəridir. Müharibə veteranı adına yaraşmayan hər cür əməllərini illərdir ki, özünü xəstəliyə vurduğuna görə, yola verdik. Amma bu gün yolun sonuna gəldik. AVMVİB Rəhbərliyiin verdiyi qərar yerinə yetirilməlidir. Biz hüquqi bir dövlətdə yaşayırıq. Dərəbəyliyə 1993-cü ildə Ulu Öndərimizin rəhbərliyi ilə son qoymuşuq. Bu ölkənin məhkəməsi var.

Razılaşmadığın məqam varsa get müraciət elə. Gəlib qapı qırmaqla nəyəsə nail olmağı düşünməyin belə yanlışdır. Yəqin ki, aidiyyatlı qurumlar ölçü götürəcəklər.

Zəkəriyya Rəhimov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini

-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsində baş verən qanunsuzluqlarla bağlı məlumatımız vardı. Şöbə sədrinin Birliyin Nizamnaməsinə zidd hərəkətləri, müharibə veteranları və şəhid ailələrinə qarşı biganə münasibəti, qəbul edilmiş İdarə Heyətinin Qərarlarına barmaqarası yanaşması məntiqi sonluğu onun, nəinki şöbə sədrliyindən, hətta AVMVİB üzvlüyündən atılması üçün yetərlidir. Ə. İlham kimilərini sanki bu ölkənin daxilində ölkə əleyhinə işləyənlərlə genetik bir kod birləşdirir. Separatçılarla eyni vaxtda fəallaşmasını nəzərdə tuturam. Bu adam döyüşçüyə yaraşmayan bütün xarakterlərə sahibdir. 86 minlik bir təşkilata, onun qərarlarına söyən birisi layiq olduğu cəzanı almalıdır. Aidiyyatlı qurumlara bu barədə müraciət edilməlidir.


Bəzi şöbə sədrləri özlərini əvəzedilməz sayırlar. Lakin AVMVİB Qərarlarını yerinə yetirməyən, Nizamnamənin müddəalarını pozan üzvlərə qarşı, məhz bu cür tədbirlər görülməlidir. 28 il fəaliyyəti olan bir təşkilatın sıralarında bu cür insanlara yer omamalıdır və hər birimiz diqqətli olmalıyıq. AVMVİB İdarə Heyətinin bu Qərarını alqışlayıram və dəstəkləyirəm. Sıralarımız günbəgün artmaqdadır və gənclərə pis örnək ola biləcək ünsürlərə bu sırada yer olmamalıdır.

Əlbəttə kollegial olaraq burada bizim də günahımız var. Belələrinə illərcə dözməməliyik. Özünü xəstəliyə vurmaqla şəxsi problemləriylə məşğul olub veteranları birlikdən narazı salması faktı ortadadır. Onun bu hərəkəti bağışlana bilməz. Belələrinin döyüşdə olması da araşdırılmalıdır.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: