18.10.2024

Azərbaycan və Rusiyanın 44 günü: Rus ordusu nəyi bacardı?

Bu gün Rusiya ordusunun Ukraynaya hücumunun 44-cü günü tamam olur və yalnız bu rəqəmə görə assosiativ olaraq 44 günlük savaş yada düşür – haşa, digər bütün müqayisələr qətiyyətli şəkildə rədd edilir: Azərbaycanın savaşı ərazi bütövlüyü, işğala qarşı, öz torpaqlarını azad etmək idisə, Rusiyanın apardığı müharibə işğalçılıqdır.

Yəni yalnız rəqəmlərə və orduların döyüş qabiliyyətinə, əsgər və zabitin qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmə imkanlarına görə – yəni tam peşəkar yanaşma ilə müqayisə aparmaq olar (bu cür “hərtərəfli” girişin səbəbi odur ki, Azərbaycanda son vaxtlar bəziləri at şəklinin altında mütləq “Bu, atdır” yazılmasını tələb edir, yoxsa atı eşşək gözündə görməyə, bu azmış kimi, atı eşşək kimi təsvirdə müəllifi günahlandırmağa çox meyillidir).

Əvvəlcə Rusiya-Ukrayna və Azərbaycan-Ermənistan ordu müqayisələri vacibdir ki, təsəvvür tam olsun.

Müharibəyə qədər (24 fevral 2022) Rusiyanın hərbi büdcəsi 61,7 milyard, Ukraynanın 5,9 milyard dollar; Rusiya ordusunun şəxsi heyəti 850 min, yarımhərbi gücü 200 min, Ukrayna ordusunun şəxsi heyəti 250 min, yarımhərbi gücü 50 min; Rusiyanın 12,420 tankı, Ukraynanın 2596 tankı; Rusiyanın 3 mindən çox təyyarə, 2 mindən çox helikopteri, Ukraynanın 98 təyyarə və 60 helikopteri; Rusiyanın böyük hərbi donanması, Ukraynanın isə cəmi bir mükəmməl gəmisi, bir neçə freqatı var və s.

Azərbaycan və Ermənistana qalanda, müharibəyə qədər və müharibə zamanı texnikaları müqayisə etmək fürsətimiz olub və hər kəs yaxşı bilir ki, Azərbaycan Ordusu şəxsi heyət, texnika, büdcə və s. baxımından Ermənistan ordusundan bir neçə dəfə güclüdür – məsələn, bəzi məqamlarda 3 dəfə, bəzi istiqamətlərdə 5 dəfə.

Ümumilikdə isə Azərbaycanla Ermənistan ordularını arsenal baxımından müqayisə etmək mümkündür. Məsələn, Ermənistanın “İsgəndər”i, Azərbaycanın “Polonez”i var…

Amma Rusiyanın elə silahları var ki, Ukraynanın onlarla müqayisədə heç nəyi yoxdur: qanadlı, ballistik, uzaqmənzilli, dünyada analoqu olmayan, səsdən sürətli raketləri yada salmaq kifayətdir.

Bu baxımdan Rusiya ordusu öz imkanlarından qat-qat zəif rəqiblə savaşır.

Azərbaycan Ordusu 30 ildir yalnız istehkam qurmaq və mina basdırmaqla məşğul olan düşmənə qarşı əks-hücuma keçmişdi, işğalçıların dördqat, bəzi yerlərdə isə beşqat müdafiə xətti vardı, yüksəkliyə doğru hərəkət edirdi, erməni silahlı birlikləri ən strateji yerlərdə qərarlaşmışdı, əksər ərazilərdə texnika çalışmırdı, yalnız yüngül silahlarla əsgərlər hərəkət edə bilirdilər və saymaqla bitməyən digər çətinliklər. Buna baxmayaraq, Azərbaycan Ordusu 44 gün ərzində Bircə Dəfə də olsun aldığı ərazidən geri çəkilmədi; Bircə Dəfə də olsun, manevr xatirinə, taktika naminə belə düşmənə bir neçə günlük də olsa, bir metr ərazini geri vermədi!

Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunun hərbi arsenalının 85 faizini məhv etdi; erməni ordusunun itkilər, yaralılar, əsir düşənlər və fərarilərlə birgə, 40 faizdən çoxunu sıradan çıxartdı, 10 min kv.km ərazini nəzarətə götürdü və Ermənistanı tam kapitulyasiyaya məcbur etdi.

Azərbaycan ordusu müharibə qanunlarına tam əməl etdi, müharibə ərazisindən kənara bircə raket zərbəsi də endirmədi…

Rus ordusu 44 gündə nəyə nail olub?

Hücum etdiyi Kiyev və Çerniqov vilayətlərini itirdi, qüvvələrini geri, Donbas istiqamətində yerləşdirməyə məcbur oldu; dəfələrlə işğal etdiyi ərazilərdən çıxmağa məcbur olub; 44 gündə bir çox şəhərin müqavimətini tam qıra bilməyib; hələ də, məsələn, Mariupolu ələ keçirmək üçün çalışır.

Nəzərə alaq ki, Rusiya dünyada analoqu olmayan raketlərinin ən azı 600-dən çoxunu istifadə edib, İsgəndər-M, “Kalibr”, “Xəncər”, “Oniks”dən zərbələr endirib və təkcə müharibə gedən ərazilərə yox.

“Ukraynaya külli miqdarda silah gəlir, əcnəbi legionlar ukraynalılar tərəfdə vuruşur” kimi “təsəlliverici” arqumentlər keçərsizdir. Ermənistana müharibə zamanı Rusiyanın özü də daxil olmaqla, Fransadan üzü belə, hər yerdən silah axırdı; Ermənistan ordusunun sıralarında dünyanın hər yerindən “könüllülər” vuruşurdu – hələ muzdlular, Suriyadan, Livandan gətirilən terror qruplarını demirik.

Hələ onu da demirik ki, Azərbaycan Ordusu yalnız yüngül silahlarla, süngü ilə, aviasiyasız, artilleriya dəstəyi olmadan, ağır texnikadan istifadə etmədən 3 min erməni əsgərinin, xüsusi dəstələrinin və yüzlərlə ağır texnikasının toplandığı Şuşa şəhərini bircə günə azad etdi – həm də şəhəri dağıtmadan, binalara zərər vermədən.

Ancaq Rusiya altını üstünə çevirdiyi şəhərlərə belə hakim ola bilmir…

Mənbə: Axar.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: