22.11.2024

Əlillərin pulsuz dərman, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təminatı barədə qərar layihəsi

«Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydası»nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

«Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.16-cı yarımbəninin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.»Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2019-cu ilin 1 noyabr tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov

Layihə

Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi

QAYDASI

1. Ümumi müddəalar

Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.14-cü yarımbəndinin icrası olaraq hazırlanmışdır və əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və sanatoriya-kurort müalicəsi ilə təmin edilməsini tənzimləyir.
2. Dərman preparatları ilə təmin edilmə

2.1. Əlilliyi olan şəxslərin ambulator müalicəsi ilə bağlı dərman preparatları ilə təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş pulsuz dərman resepti forması əsasında həyata keçirilir. Bu dərman preparatlarının siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
2.2. Əlilliyi olan şəxslərin pulsuz dərman preparatları ilə təmin olunması üçün əlilliyi təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi(qəyyumun şəxsiyyət vəsiqəsi) ilə dövlət müalicə-profilaktika müəssisələrinə müraciət etməlidirlər.
2.3. Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir.
2.4. Təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri vətəndaşların yaşadığı ərazi üzrə səhiyyə şöbələri və ya mərkəzi rayon xəstəxanalarının xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
2.5. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
2.6. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin pulsuz dərman resepti blankları ilə təmin olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
2.7. Bir pulsuz dərman reseptinə yalnız bir dərman preparatı yazılır.
2.8. Dövlət səhiyyə müəssisələri və reabilitasiya müəssisələrində stasionar şəraitdə müalicə alan əlilliyi olan şəxslər dərman preparatları ilə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatların siyahisi”na uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.

3. Tibbi xidmətlə təmin edilmə

3.1. Əlilliyi olan şəxslərə dövlət səhiyyə müəssisələri və reabilitasiya müəssisələrində tibb xidmət növləri pulsuz həyata keçirilir. (təsdiq edilmiş siyahıya uyğun olaraq dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməyən tibbi xidmət növləri istisna olmaqla)

4. Sanatoriya-kurort müalicəsi ilə təmin edilmə

4.1. Əlilliyi olan şəxslərin ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Fərdi Reabilitasiya Proqramına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra — Nazirlik)
tərəfindən pulsuz olaraq verilən yollayış əsasında həyata keçirilir.
4.2. Əlilliyi olan şəxslər sanatoriya-kurort yollayışı ilə ildə bir dəfədən artıq olmayaraq növbəlilik qaydasında təmin olunurlar.
4.3. Nazirlik tərəfindən ölkə hüdudlarında sanatoriya-kurort müalicəsi üçün yollayışlar yalnız işləməyən əlilliyi olan şəxslərə verilir. İşləyən əlilliyi olan şəxslər sanatoriya-kurort yollayışı ilə iş yerlərindən təmin edilirlər.
4.4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işlədiyi zaman istehsalatda bədbəxt hadisələr nəticəsində və peşə xəstəliyi səbəbi ilə əlilliyi olan şəxslər əmək pensiyası aldığı müddətdə də həmin idarə, müəssisə və təşkilatın vəsaiti hesabına sanatoriya-kurort yollayışı ilə təmin olunurlar.
4.5. Əlilliyi olan şəxslər sanatoriyaya giriş tarixindən ən geci 7 gün əvvəl, sanatorkurort kartası əsasında sanatoriya-kurort yollayışını almalıdırlar.
4.6. Sanator-kurort kartası «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə daxil edilir və dövlət səhiyyə müəssisənin hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.
4.7. Sanator-kurort kartası barədə məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülür.
4.8. Sanator-kurort kartasının forması Nazirliklə və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
4.9. Sanatoriya-kurort yollayışı Tibbi-sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsindən çıxarış və dövlət
səhiyyə müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartası əsasında təqdim edilir.
4.10. I dərəcə əlilliyi olan şəxsin və ya sağlamlıq imkanları məhdud uşağın müşayiətçiyə ehtiyacı vardırsa, sanatoriya-kurort kartasında bu barədə qeyd aparılır.
4.11. Sanatoriya-kurort yollayışlarının növbəliliyi MEİS üzərindən avtomatlaşdırılmış qaydada təmin edilir. Növbəlilik siyahısı Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.
4.12. Sanatoriya-kurort yollayışı verilmiş əlilliyi olan şəxslərə onlar növbəyə götürüldükdən sonra dərhal əks əlaqə vasitələrindən birinə qısa məlumat göndərilir və bu barədə ətraflı məlumatlar dərhal MEİS-in e-sosial.az portalındakı vətəndaşın şəxsi kabinetində əks olunur.
4.13. Sanatoriya-kurort yollayışları rəsmiləşdirilmiş şəxslər barədə məlumatlar sanatoriya-kurort müəssisələrinə mərkəzləşdirilmiş qaydada təqdim edilir.
4.14. Sanatoriya-kurort müəssisələri aparılmış müalicələr barədə məlumatları MEİS-in Reabilitasiya altsisteminə daxil edərək, gücləndirilmiş elektron imza ilə təsdiq etməlidirlər.
4.15. Daxil edilmiş bu məlumatların Fərdi reabilitasiya proqramının nəzərdən keçirilməsi məqsədilə MEİS üzərindən aidiyyəti TSEK-in diqqətinə çatdırılmalıdır.
4.16. Sanatoriya-kurort yollayışını vermiş idarə, müəssisə, təşkilat və orqanlarda «geri qayıtma» talonunun qeydiyyatı aparılır və yollayışın istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.
4.17. Qaydaların tətbiqi zamanı yaranan mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılıb həll edilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: