İran-Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsi olacaq
İranla Azərbaycan arasında Aslandüz sərhəd-keçid məntəqəsi açılacaq.
İranın Ərdəbil valisi Hadi Ameli Aslandüz sərhəd-keçid məntəqəsinin açılacağını iki ölkə arasında iqtisadiyyatın və sərhəd əlaqələrinin rifahı baxımından əhəmiyyətli sayıb, İrna xəbərlər agentliyi yazıb.
Hadi Amelinin sözlərinə görə, vilayətin şimalındakı yeni sərhəd-keçid məntəqəsi İran və Azərbaycan arasında gediş-gəlişi, xüsusilə də yük daşımalarını asanlaşdıracaq.
«Biz ticarət və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirməyi planlaşdırdığımız üçün Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək», — Hadi Ameli deyib.
Hazırda biri Naxçıvanda olmaqla Azərbaycanla İran arasında üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.
COVİD-19 pandemiyası səbəbindən İranla Azərbaycan arasında quru sərhəd-keçid məntəqələri hazırda bağlıdır, yalnız yük daşımalarına icazə verilir.
Yeni açılacağı elan olunan «Aslandüz» sərhəd-keçid məntəqəsi İrandan Azərbaycana İkinci Qarabağ müharibəsi zamanı azad olunmuş ərazilərə keçid imkanı yaradacaq.
Mənbə: BBC