Penitensiar xidmət Saleh Rüstəmovla bağlı açıqlama yaydı
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkum Saleh Rüstəmovun son durumu ilə bağlı məlumat yayıb. Bildirilir ki, hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı S.Rüstəmov qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.
Eyni zamanda onunla dəfələrlə psixoloji-profilaktik, fərdi-tərbiyəvi, səhhəti ilə əlaqədar maarifləndirici-izahedici söhbətlər aparılıb, qida qəbulundan imtinanın verə biləcək fəsadları ətraflı izah edilib. Bu məqsədlə həmçinin, S.Rüstəmova müntəzəm olaraq hüquqi yardım göstərən vəkili və yaxın qohumları ilə görüşməsinə, telefonla danışmasına şərait yaradılıb.
Məhkum S.Rüstəmov Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutları və hüquq müdafiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ofisinin nümayəndələri tərəfindən də qəbul edilərək onunla izahedici söhbətlər aparılıb.
Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda respublikada səfərdə olan türkiyəli psixoloqların S.Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib.
S.Rüstəmova həmçinin 07.12.2021-ci il tarixdə Azərbaycan Tibb Univerisitetinin professoru tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib».