21.11.2024

“MOSKVA ELƏ ŞƏRTLƏR İRƏLİ SÜRÜR Kİ…”

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq.

Oktyabrın sonlarında isə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi. Lakin sonra həmin görüş baş tutmamışdı.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın “Le Figaro” qəzetinə bildirib ki, indiki vaxtda prioritet məsələ kiçik addımlarla irəliləyişə nail olmaqdır. Erməni nazirin sözlərinə görə, indiki mərhələdə əsirlərin qaytarılması və Qarabağda erməni mədəni irsinin qorunub saxlanması vacibdir: “Qarabağ münaqişəsinin yekun həlli məsələsi gündəmdə qalır, lakin tərəflər indiki mərhələdə kiçik addımlarla irəliləmək barədə razılığa gəliblər”.

Nazir həmçinin görüşün təşkilinə görə Fransa tərəfinə təşəkkür edib və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqların bərpasının vacibliyini vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elşad Mirbəşiroğlu “Turan”a bildirib ki, Moskva görüşü Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində baş tutmayıb: “Ermənistan danışıqlardan yayınmağa çalışır. Onlar bilir ki, növbəti mərhələyə addım atılmalıdır və sülh sazişi bağlanmalıdır. Ermənistan ağır məğlubiyyətə uğramış tərəfdir. Ötən ilin noyabrın 10-da imzalanmış bəyanatdan əvvəl heç vaxt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılması müzakirə predmeti olmayıb. Sənəd imzalanandan sonra Dağlıq Qarabağın statusu məsələsi aradan qalxmış oldu. Ermənistan üçün bu şərtlər olduqca ağırdır”.

Deputatın sözlərinə görə, Nikol Paşinyanı hakimiyyətə Qərb siyasi dairələri gətirib və onun qarşısında qoyulmuş əsas hədəflərdən biri Rusiyanın proseslərdə həlledici rolunu məhdudlaşdırmaqdır: “Təbii ki, Paşinyan bu istiqamətdə təsirli rol oynayacaq gücə malik deyil. Amma yenə də müəyyən məsələlərlə bağlı ölkəsinin mövqeyini ifadə edə bilir. Bu baxımdan Brüsseldə görüşün keçirilməsinə Paşinyan razılıq verib”.

Deputat qeyd edib ki, noyabrın 15-16-da Ermənistan Azərbaycana qarşı növbəti dəfə genişmiqyaslı təxribatlar törədib və növbəti dəfə Azərbaycanın sərt reaksiyası ilə rastlaşıb: “Onun ardınca Ermənistanda Paşinyana qarşı mitinqlər başlandı. Bununla da Ermənistan bir daha gördü ki, o heç bir halda Azərbaycanın güc mövqeyinə təsir edə bilməz. Ona görə də görüşün keçirilməsindən başqa yolu qalmadığını dərk etdi”.

Onun fikrincə, Azərbaycan Brüsseldəki görüşdə öz güclü mövqeyi ilə çıxış edəcək: “Azərbaycanın aydın mövqeləri ortadadır – sərhədlər müəyyənləşdirilməlidir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu görüşdən sonra Azərbaycanın haqlı mövqeyi bir daha dünyanın təsirli siyasi dairələrinə çatmış olacaq. Hazırda gedən bütün proseslər Azərbaycanın xeyrinədir”.

Siyasi şərhçisi Ərəstun Oruclu isə “Azadlıq” radiosuna bildirib ki, Moskvadakı görüşə rəsmi Bakı da həvəs göstərmədi və heç bir açıqlama vermədi, Ermənistan isə “görüş xətrinə görüşə ehtiyac yoxdur” deyib: “Bununla da görüş baş tutmadı. Amma eyni zamanda, sərhəddə gərginlik yaşandı və həmin gərginlik zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona səfər etdi. Sonra da Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış gəldi. Bunun ardınca da ikitərəfli görüşün məhz Brüsseldə olacağı elan olundu”.

Ekspertin fikrincə, bu, Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərindən öz geosiyasi maraqları üçün yararlanmağa çalışması ilə bağlıdır: “Görünür, Moskva elə şərtlər irəli sürür ki, onlar nə Bakını, nə də İrəvanı qane edir”.

O hesab edir ki, Moskva yaradılan vəziyyətdən istifadə edərək bölgəyə əlavə sülhməramlı qüvvələri adı altında qoşunlar yeritmək istəyir: “Bunu Putinin bəyanatından da açıq şəkildə görmək olar. Çox güman ki, növbəti mərhələ kimi bu dəfə qoşunların Ermənistan-Azərbaycan sərhədində və Zəngəzur bölgəsinə yerləşdilirməsi nəzərdə tutulur. Bu variant Ermənistanla Azərbaycanı qane etmədiyindən onlar Qərbə doğru üz tutub”.

Ə.Oruclu Moskvanın bununla hesablaşacağını düşünmür: “Ehtimal var ki, Azərbaycan-Ermənistan sərhədində və hətta, ola bilsin ki, Qarabağın dağlıq hissəsində təxribatlar artsın, hətta lokal döyüşlər baş versin”.

O qeyd edib ki, Brüsseldəki görüşdə ciddi sənədin imzalanacağını düşünmür: “Bunun üçün hələ tezdir. Amma müəyyən niyyət protokolu imzalana bilər”.

Mənbə: AzPolitika.info

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: