17.09.2024

Deputat qazi adından istifadə edənlərdən danışdı: Qanun hamı üçün eynidir

«İstər vəzifəli şəxs ol, istər fəhlə ol, kim olmağından asılı olmayaraq qanun hamı üçün birdir, qanunda fərqləndirmə yoxdur”.


Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov qazi statusundan sui-istifadə edənlərə münasibətini bildirərkən deyib.

Deputat bildirib ki, heç kimə icazə verilmir ki, hər hansı bir vəzifəsinə və ya tituluna görə qanunu pozsun:


«Bizim döyüşçülərimiz, qazilərimiz, müharibə veteranlarımız, əlillərimiz, şəhid ailələrimiz bizim gözümüzün işığıdır, əzizlərimizdir. Yəni onların vətən qarşısında xidmətləri çox yüksəkdir. Ona görə də, dövlətimiz, hökümətimiz, Cənab Prezidentimiz daim onların qayğısına qalır, bütün xalq onların sevir, əzizləyir. Onlar qəhərmanlaqlarına, şücaətlərinə, şərəfli, ləyaqətli həyat yoluna görə hamımız üçün əzizdilər. Ancaq bir məsələ var, istər vəzifəli şəxs ol, istər fəhlə ol, kim olmağından asılı olmayaraq qanun hamı üçün birdir. Qanuna hamı əməl etməlidir. Heç kimə icazə verilmir ki, hər hansı bir vəzifəsinə və ya tituluna görə qanunu pozsun, desin ki, bu xidmətlərim var, filan işi görmüşəm, vəzifədə oturmuşam deyə, mən bunu edə bilərəm, qanunu poza bilərəm, bu, yolverilməzdir. Mən özüm də müharibə veteranıyam, hesab edirəm ki, çox hörmətli, əziz müharibə iştirakçılarımız, qazilərimiz, şəhid ailələrimiz, onlar hamımız üçün əzizdirlər, amma bir şey var ki, onlar da bilməlidirlər ki, qanunda fərqləndirmə yoxdur, qanun hamı üçün eynidir və qanunu pozmaq olmaz”.

 Aydın Nuri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: