22.11.2024

Vətən müharibəsi qazisi və şəhid anası Milli Məclisdə işlə təmin olundu

Azərbaycan Milli Məclisi şəhid ailələri və müharibədə sağlamlığını itirmiş hərbçilərimizə dəstək məqsədilə görülən işlərdə fəal iştirak edir.

Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçılarının vəziyyəti daim diqqətdə saxlanılır, onlarla müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhid ailələrinin üzvləri və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı əmrlə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Həmçinin, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni, «Vətən uğrunda», «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: