İRAN SURİYADAN ÇIXARILIR — İsrail və Rusiyanın Tehrana qarşı ortaq hədəfləri…
İsrail və Rusiyanın İranı Suriyadan çıxarmaq kimi ortaq hədəfi varmı? Qafqaz.media xəbər verir ki, bu suala İsrailin “The Jerusalem Post” qəzeti öz yazısında cavab tapmağa çalışıb. Nəşr iki fakta diqqət çəkir. Birincisi, Suriya prezidenti Bəşər Əsəd ərəb dünyası tərəfindən yenidən qəbul edilir. İkincisi, Soçidə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetlə görüşüb.
Əslində, qəzetin bu başlıqları ilə işarə etdiyi məqamları qəribçiliyə salmaq olmaz. Çox güman ki, İsrailin baş naziri Naftali Bennetin Rusiyaya son səfərinin əsas müzakirə edilən mövzularından biri, bəlkə də birincisi İranı Suriyada «əl-qol atmağa» qoymamaq haqda razılaşma olub. Çünki İsrail başa düşür ki, ABŞ onun ən güclü müttəfiqi olaraq qalmasına baxmayaraq, Rusiya Yaxın Şərqdə əsas faktordur və Əsəd də malik olduqlarını itirmək istəmirsə, Moskvanı dinləyəcək.
İsrail üçün bu, ölüm-dirim məsələsidir. İlk öncə ona görə ki, ABŞ və müttəfiqləri Əsədi devirə bilmədi. Çünki Əsədin dayağı Kreml idi və Rusiya üçün bu, ən azı nüfuz məsələsi idi. Əsas məsələ budur ki, Əsəd Putini dinləyib, Rusiyanın təsirini Tehrandan üstün tutacaqmı? Yoxsa, İran düşərgəsində qalmağa və İslam Respublikasına İsraillə gələcək müharibə üçün öz qüvvələrini və silahlarını gücləndirmək üçün daha çox səssiz razılıq nümayiş etdirəcək?
İsrail Dəməşqə siqnallar göndərərək, müəyyən səmtə getməyi təklif edir. Ola bilsin ki, bəzi ərəb rejimləri ilə münasibətlərin qurulmasında Suriya hökumətinə kömək etməyə hazır olduğuna eyham vurur. Hansı ki, İran bunu Əsədə verə bilmir. Bundan başqa da, bu səfər Tehrana Moskva ilə Suriya istiqamətində uğur qazana bilməyəcəyi hissini yaratmaq cəhdi də ola bilər.
Bəs, İsraili bir vaxtlar kifayət qədər yaxşı münasibətdə olduğu İranla rəqib edən nədir? Ərəb mənbələri bildirirlər ki, “Ərəb qaz kəməri” layihəsi çərçivəsində Misirdən Suriya və İordaniya vasitəsilə Livana nəql olunacaq qaz «sasən İsrailə» məxsus olacaq. Onların fikrincə, bu, Dövlət Departamentinin enerji məsələləri üzrə hazırkı xüsusi nümayəndəsi Amos Hokşteyn tərəfindən uzun illər əvvəl hazırlanmış plandır.
Bununla yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Brett Makqurk və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də “qaz” sövdələşməsində iştirak edirlər.
Versiyalardan birinə görə, yay iğtişaşlarından sonra Suriyanın cənubundakı üsyankar ərazilər üzərində Dəməşqin nəzarətini bərpa etmək ideyasının tərəfdarı olan İsrail idi və Livana qaz təchizatı layihəsini sürətləndirən də məhz o idi. Bunlar İrana qarşı mübarizənin elementləridir. İsrailin Suriyada İran hərbi məntəqələrini dayanmadan vurması, nüvə obyektlərinə zərbələr və s. də bundan qaynaqlanır.
Mənbə: Qafqaz.media