Çingiz Abdullayev qalmaqal yaradan çıxışına aydınlıq gətirdi
Sosial şəbəkələrdə xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Ç.Abdullayevin həmin çıxışında Birinci Qarabağ müharibəsinin olmadığını, bunun yalan olduğunu söylədiyi iddia edilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən xalq yazıçısı Çingiz Abdullayev fikirlərinin təhrif olunduğunu bildirib:
«Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub. Bir daha deyirəm, 90-cı illərdə biz torpaqlarımızı ona görə itirirdik ki, bu, normal müharibə deyildi. Bizim ordumuz qurulmamışdı. Qonşularımız qarmaqarışıqlıqdan və daxili çəkişmələrdən istifadə edirdilər. Buna görə də mən birinci, ikinci deyilən bölgüyə qarşıyam. O birinci dediyimiz xalqımızın başına gətirilən faciə idi. Keçən ilki isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız müharibə idi. İndi bu dediyim fikirlərdən istifadə edəcəklər?».
Xatırladaq ki, «Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”, — deyə yazıçı bildirib.
Xalq yazıçısı bir müddət əvvəl Vətən müharibəsi haqda özünün feysbuk hesabında paylaşım etmişdi: «Mən «Birinci” və «İkinci Qarabağ savaşı” terminlərinin əleyhinəyəm. «Birinci Qarabağ müharibəsi” olmayıb. Müharibə iki dövlətin orduları arasında silahlı konfliktə deyilir. Bu isə sadəcə yox idi! Sovet süquta uğradığı vaxtda sadəcə xalqın özünün müdafiə məqsədli yaratdığı könüllülər dəstəsi var idi. Qonşularımızın isə yetərincə sayda hazırlıqlı zabitləri olsa da, keçmiş sovet komandirlərinə pul ödəyərək onların texnika, hətta canlı qüvvəsindən istifadə edirdilər”.
P.S. Xalq yazıçısının söylədiyi fikirlər konteksdən çıxarılıb və düzgün anlaşılmayıb. Bu görünən tərəfdir. O, ermənilərin silahsız və orddusuz xalqa rusların hücumunu təşkil etməsini deməsini düz yozmaq lazımdır.