AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri anım tədbiri keçirdi
Sentyabr ayının 1-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və 713 nömrəli hərbi hissənin köhnə döyüşçülərinin birgə iştirakı ilə Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Tədbir iştirakçıları Xiyabanda uyuyan Şəhidlərimizin ruhuna dualar oxuyandan sonra onların məzar daşları üstünə gül dəstələri qoyub, öz silahdaşlarıyla bağlı xoş xatirələrini danışıblar.
Veteran.az Versus.Az-a istinadən xəbər verir ki, döyüşçülər Xiyabanı ziyarət etdikdən sonra Şəhid qardaşlarının ailələrinin, övladlarının da iştirak etdiyi görüş keçiriblər. Görüşdə itirlmiş yurd yerlərimizə qayıdışla bağlı köhnə döyüşçülərin üzərinə düşən vəzifələr, qarşıda duran məsələlər, atılacaq addımlarla bağlı ümumi müzakirə aparılıb.
Müzakirənin əsas mövzusu qismində müharibə şəraitində yaşayan ölkədə atəşkəs dövrünün ən böyük silahı olan informasiyadan necə yararlanmanın yolları aranmış, sosial şəbəkələrdə dövlətçiliyimizin və millətçiliyimizin ziddinə olan paylaşımlar pislənilmişdir.
Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbi hissənin komandiri mayor Süleyman Əhmədovun, hərbi hissənin qərargah rəisinin köməkçisi olmuş Mehdi Rüstəmovun, ikinci rotanın komandiri Vaqif Quliyevin adlarının əbədiləşdirilməsi, bu hərbçilərin əsil Milli Qəhrəman statusunda olduqları dilə gətirilib.
Bu kimi addımların gerçəkləşməsi üçün öz imkanları və səlahiyyətləri çərçivəsində müəyyən işlərin görüldüyünü bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, 713 nömrəli hərbi hissənin qərargah rəisi olmuş Füzuli Rzaquliyev Şəhid ailələrinə, əlillərə və veteranlara olan münasibətdən söz açmış, ortalıqda olan müəyyən çatışmazlıqların da tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini bildirmişdir.
Çətin səylər hesabına müəyyən görüşlər, ziyarətlər keçirildiyini bildirən 713 nömrəli hərbi hissənin döyüşçüsü Daşqın Paşayev bundan sonrakı fəaliyyətlərində də birlik nümayiş etdirmənin ən effektiv variant olduğunu dilə gətirdi. Daşqın Paşayevin fikirlərinə münasibətdə köhnə döyüşçülər də onunla həmrəy olduqlarını bildirdilər.
Qarşılıqlı dialoq formasında davam edən görüşdə öz fikrini keşmiş səngər yoldaşlarıyla birgə bölüşən Həşim Mürsəlov fəaliyyətlərinin QHT formasında davam etdirmənin vacibliyini vurğuladı. Onun fikrincə, 713 nömrəli hərbi hissənin keçmiş döyüşçüləri dövlətçiliyimizin və millətçiliyimizin qorunub saxlanılması, erməni işğalçılarının dədə-baba yurd yerlərimizdən çıxarılması üçün keçmiş döyüşçülərin üzərinə düşən vəzifələrin dəqiq koordinatları müəyyənləşdirilməlidir:
«Belə olan halda bizim fəaliyyətimiz dövlətimizə və millətimizə daha çox xeyir verə bilər. Yetişən nəsil arasında vətənpərvərlik ruhunun aşılanması üçün müəyyən sferalarda görüşlərin təşkili, müharibəyə hər an hazır olası yurddaşlarımızın Vətən sevgisinin artırılması üçün biz öz imkanlarımızı səfərbər edib dövlətimizə yardımda bulunmalıyıq”.
Köhnə döyüşçülərinin gəldikləri ümumi qənaətdən biri də bu oldu ki, müharibənin aktiv fazasında çox peşəkar bir şəkildə sözünü demiş 713 nömrəli hərbi hissənin əsgərlərinini ümumi tərcümeyi-halları toplanmalı və bunun sonucu olaraq həmin məlumatlar əsasında informativ xarakterli bir kitab buraxılmalıdır. Kitabla yanaşı müharibə dövrünü özündə yaşadan bütün fotoşəkillər toplandıqdan sonra 713 nömrəli hərbi hissənin döyüşçülərinin keçdikləri səngər həyatından bəhs edən fotoalbomun, eləcə də sosial şəbəkə üzərindən internet televiziya fəaliyyətinin geniş formatda ərsəyə gətirilməsi, oturuşmuş hal alması da atılacaq addımlar kateqoriyasındandır. “Qoy bizdən canlı mina kimi istifadə etsinlər, təki biz bir millət olaraq öz dədə-baba yurdlarımızda basdırılaq” deyən Mürsəlov Həşim ən böyük arzularının Qarabağa qayıdış olduğunu bildirdi.
Qazi Qəşəm Rzayev də çıxış edən döyüşçü qardaşlarıyla həmrəy olduğunu bildirərərək əslində həllini gözləyən məsələlərin daha çox olduğunu bildirdi:
“Çox təəssüflər olsun ki, bəzi qardaşlarımız ümummilli mənafedən deyil, daha çox korporativ maraqlardan çıxış edir. Bütün bunlar yolverilməzdir. Çünki ötən 27 ildə baş verənləri saf çürük edəndə görürük ki, torpaqlarımızn işğal olunmasında həm də milli birliyimizin olmaması səbəblərdən biri olub. Bu gün keçmiş döyüşçüləri özündə birləşdirən batalyonlar arasında konsalidasiya işləri aparılmalıdır. Bu gün bizim ən böyük problemimiz olan Qarabağın həll edilməsində toplum olaraq ümimi flkirlərimizi bir səmtə yönəldə bilmirik. Ümimi birliyin əldə edilməsində bizlər bütöv cəmiyyətimizə örnək olmalıyıq. Amma təəssüflər olsun ki, hətta 713 nömrəli hərbi hissənin qəhrəmanlarından olan 37 Şəhidimizlə bağlı informasiyaların toplanmasında, birgə fəaliyyət ortaya qoyulmasında, eləcə də batalyonlar arasında ümumi birliyin yaradılmasında ortaq mövqeni təmin edə bilmiriksə, onda biz hansı mücadilədən danışa bilərik. Biz bu gün 713 nömrəli hərbi hissənin keçdiyi döyüş yolu, şəhidlərimiz, əlillərimiz və veteranlarımızın hüquqlarının bərpası və onlarla bağlı informasiyaların ictimailəşdirilməsi üçün Versus.az saytı və media.tv-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq, bunun üçün bizdən asılı olan bütün addımlar atılmalıdır”.
Keçirilən tədbirdə çıxışına “sizlər dövlətimiz üçün ən böyük xəzinəsiniz” deyən AVMVİB sədri Füzuli Rzaquliyev onu da bildirdi ki, bu gün həm də bizim döyüşçü qardaşımız olan ikinci rotanın komandiri Vaqif Quliyevin şəhid olan günüdür:
«Bütün Şəhidlərimiz kimi Vaqif müəllimin Ruhu da Allah dərgahında ən uca qatda qərar tutub. Torpaqlarımızın azadlığı uğrunda Allah bizlərə də o yolu nəsib etsin. Təki yurd yerlərimiz işğaldan azad edilsin. Biz təbliğatın gücündən istifadə etməklə yetişən nəslin ruhdan düşməməsini də təmin etməliyik. Dünyada elə bir xalq yoxdur ki, ancaq öz tarixi torpaqlarıyla həmsərhəd ola. Unutqanlıq türk millətinin ən böyük bəlasıdır. Biz bu gün unutmamalıyıq ki, bu gün Azərbaycan dörd bir tərəfdən öz tarixi torpaqlarımızla həmsərhəddir. Bu da tarixin müəyyən dönəmlərində bu və ya digər səbəblər ucbatından baş verib. Azərbaycanımızın gerçək durumunu nəzərə alaraq biz hər zaman dövlət olaraq, millət olaraq bütün mənalarda öz bütövlüyümüzü qorumalıyıq. Bu gün köhnə döyüşçülər daha çox sosial mediya üzərindən öz əlaqələrini qurmağa çalışır, müxtəlif səpkili fikirlərini bölüşürlər. İzləyəndə görürsən ki, bəzən yanlış fikirlər də səsləndirilir. Bu baxımdan bütün yanlışların aradan qaldırılması, problemlərin birgə formatda həll edilməsi qardaşların da vurğuladığı kimi pis addım olmazdı. Burada köhnə döyüşçülərin QHT formasında birliklərinin yaradılmasının vacibliyindən danışıldı. Özlüyündə pis fikir deyil. Amma bunun mümkünlüyünün bir tərəfi siz döyüşçülərdən asılı olsa da, başqa bir tərəfi rəsmi qurumlarla bağlıdır. O QHT-nin qeydiyyata alınıb alınmayacağı zamanın işi olsa da, amma forma etibarilə yaxşı düşünülmüş addımdır. Bir millət olaraq bizləri birləşdirən amillər sırasında həm də torpaq itkimiz, yurd itkimiz dayanır. Zaman bizim xeyrimizə işləmir. Bu baxımdan bizlər bütün güclərimizi birləşdirib erməni işğalçılarına qarşı birgə mübarizəmizi ortaya qoymalıyıq. Çox təəssüflər olsun ki, bu gün bizim içimizdə birliyimizi pozmağa çalışan qüvvələr hələ də var. Onların da zərərsizləşdirilməsi dövlətçiliyimiz üçün ən ümdə məsələlərdəndir”.
Keçirilən görüşdəki çıxışının sonunda Füzuli Rzaquliyev tədbirdə iştirak edən şəhid döyüşçü Vaqif Quliyevin oğlu Beyrək Quliyevə xatirə medalını təltif etdi.
Tədbirdə çıxış edən digər döyüşçülər qrup daxilində ümumi birliyin əldə edilməsi üçün fikirlərin uzlaşmasını önə çəkərək görüləcək işlərdə mərhələli prinsiplərin vacib olduğunu bildirdilər. Bu kontekstdə “şəhid Vaqif müəllimə, şəhid Süleyman Əhmədova “Milli Qəhrəman” adının verilməsi, şəhidlərimizin xatirə lövhələrinə olan biganəliyin aradan qaldırılması üçün lazımi instansiyalara müraciət edilməsilə bağlı” müxtəlif səpkili fikirlər səsləndirildi.
Ehtiyatda olan zabit Etibar Həsənquliyev 27 ildən sonra köhnə döyüşçülərin bir arada toplanmasını həsrətdən, nisgildən yaranan birlik kimi dəyərləndirdi:
“Biz bu gün bir qrup olaraq dövlətimizin, dövlətçiliyimizin yanındayıq. Qarşımıza qoyulan məqsədlər də hər kəsə bəllidir. İlk növbədə 713 nömrəli hərbi hissənin Şəhidləriylə, qaziləriylə, yaralılarıyla bağlı problem və ən əsası 713 nömrəli hərbi hissədə döyüşüb bu günə qədər veteran statusu ala bilməyən qardaşlarımızla bağlı çətinliklərin aradan qaldırılması bizim üçün əsas prioritetdir. Bu gün bizim bura yığışmağımızın səbəbi 713 nömrəli hərbi hissənin 40-a yaxın qəhrəman şəhidlərindən biri Laçın rayonunun İpək kəndindən olan QULİYEV VAQİF RZAQULU OĞLUnun anım günü olmasıdır. Eyni zamanda bu gün qərargah rəisimizin köməkçisi olmuş, şəhid RÜSTƏMOV MEHDİ HƏMDƏM OĞLUnun da doğum günüdür. Bu batalyon o batalyonlardandır ki, Qarabağ savaşı uğrunda öz batalyon komandirini, öz qərargah rəisinin köməkçisini, öz rota komandirini itirib. Mən də Bakir və Mamed qardaşımızla həmfikirəm ki, bəli, Vaqif qardaşımız bir qəhrəman idi. Vaqif qardaşımız özündən sonra bizlərə qəhrəmanlıq, qorxmazlıq nümunəsini qoyub getdi. Vaxtilə rəhmətlik Süleyman Əhmədovun təqdimatıyla Vaqif Quliyevə “Milli Qəhrəman” adının verilməsilə bağlı sənədləri polkovnik-leytenant Rəhman İsgəndərov atasına verib, atası da bunu lazım olan qurumlara çatdırıb. Ancaq orada nəticə olmayıbsa, bu, bizim problemimiz deyil. Bu gün bizim müraciət etmək hüququmuz var. Düşünürəm ki, biz işimizi bu istiqamətdə qurub müraciətlər edəcəyik, nəticəsi nə olacaqsa, bununla bağlı mən bir söz deyə bilmərəm. O şəhidlər hər biri qəhrəmandır”.
Etibar Həsənquliyev Lələtəpəni götürərkən döyüş generalı Mais Bərxudarovun səsləndirdiyi fikri də tədbir iştirakçılarının diqqətinə çatdırdı:
““Mənim köməyə ehtiyacım olarsa, ordudan öncə könüllüləri silahlandırın”. Amma təəssüflər olsun ki, bu gün dövlətin şəhid ailələrinə qayğısı çərçivəsində atılan addımın özü də məmurların səhlənkarlığı ucbatından gecikdirilir. Şəhid və əlillərə, veteranlara qayğının artırılması istiqamətində dövlət siyasətimizin özünə belə barmaqarası baxan məmur təbəqəsi var. Biz bu kimi çatışmazlıqların aradan qaldırılması üçün birgə fəaliyyətdə bulunmalıyıq. Şəhid ailələrinə münasibətdə dövlət tərəfindən qəbul edilən qərarların icrasında gərəkən addımları atmayan qüvvələr var. Şəhid ailələrinə verilən 11 min manatı hələ də ala bilməyən ailələr var. Elə 713 nömrəli hərbi hissənin şəhidləriylə bağlı da belə məqamlar var və biz bu problemin aradan qaldırılması üçün əlbir fəaliyyət göstərməliyik…»
Tədbirin sonunda köhnə döyüşçülər Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatların əsas aparıcı qüvvələrindən biri olan 713 nömrəli hərbi hissənin Şəhid olmuş döyüşçülərinin adlarının əbədiləşdirilməsi üçün gərəkən addımların atılması, lazımi instansiyalara tələb olunan materialların təqdim olunması məqsədilə yekdil qərar qəbul etdilər.
İgid TEYMURLU,
Versus.Az