Veteranların və gənc nəslin nümayəndələrinin görüşü təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyətə malikdir
Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızı azad etməsi hər birimizə sonsuz qürur və sevinc hissi yaşatdı. Biz gənc nəsil Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etdik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 1-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Bakı Konqres Mərkəzində keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçısı, İkinci Qarabağ müharibəsinin qazisi İslam Əlizadə jurnalistlərə müsahibəsində deyib.
Qazi İslam Əlizadə Vətən müharibəsi iştirakçılarına istər dövlət, istərsə də cəmiyyət tərəfindən ən yüksək diqqət və qayğının, şəhidlərimizin xatirəsinə dərin hörmət və ehtiramın göstərildiyini vurğulayıb.
“1941-1945-ci illər Böyük Vətən müharibəsi, eləcə də Birinci Qarabağ müharibəsi, aprel döyüşləri və Vətən müharibəsi veteranlarının, gənc və yaşlı nəslin veteranlarının görüşlərinin təşkilinin ənənəyə çevriləcəyinə ümid edirəm. Yaşlı və gənc nəslin veteranlarının görüşünün təşkili təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıyır. Biz İkinci Dünya müharibəsi və Birinci Qarabağ müharibəsi veteranlarından öyrəndiklərimizi Vətən müharibəsi zamanı döyüşlərdə uğurla tətbiq etdik”.
P.S. «NƏSİLLƏRİN GÖRÜŞÜ» Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən müharibədən qabaq 2018-2020-ci illər arasında hərbi hissələrdə keçirilən görüşlərin devizi idi. Bu görüşü keçirənlər bunu yaxşı bilirlər…