Şəhid zabitin xatirəsinə tikilən bulağın açılışı oldu
Xəzər rayonunun Binə qəsəbəsində şəhid leytenant Məhəmməd Zamanlının xatirəsinə tikilən bulağın açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin rəsmilərinin, Xəzər Rayon İcra Hakimiyyətinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni ifa olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər Məhəmmədin Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyini, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyini qeyd ediblər. Şəhidin yaxınlarına bir daha başsağlığı verib, səbir diləyiblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.