23.11.2024

Paralimpiyaçılarımız 5 qızıl medal qazanıb

Avqustun 27-də — “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının üçüncü günündə 50 ölkənin idmançıları medal qazanıblar.

Medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 19 qızıl, 10 gümüş və 14 bürünc medal qazanıblar.

İkinci pillədə 9 qızıl, 10 gümüş və 9 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 9 qızıl, 7 gümüş və 10 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.

Avstraliya 7 qızıl, 4 gümüş, 8 bürünc medalla dördüncü, ABŞ isə 6 qızıl, 5 gümüş və 1 bürünc medalla beşincidir.

Digər pillələrdə Braziliya (6-4-7), Niderland (5-4-3), İtaliya (4-5-4) və Ukrayna (3-16-6) qərarlaşıblar.

İlk onluğa daxil olan Azərbaycan komandasının 5 qızıl və 2 bürünc medalı var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.

Qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub.

Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda — 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: