23.11.2024

Şəhid qızının 2 yaşı oldu: Yanında nə atası var, nə də anası…

Bu gün Vətən Müharibəsi şəhidi Rusif Asim oğlu Quliyevin həyatda yeganə yadigarı olan qızı Təranənin doğum günüdür. Onun iki yaşı tamam olur.

Məlumat üçün bildirək ki, Rusif Asim oğlu Quliyev 1989-cu ilin sentyabrın 9-da Ağstafanın Yenigün kəndində anadan olub. 1996-2007-ci illərdə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Bir neçə il aradan sonra 2012-ci ildə yenidən hərbiyə qayıdıb. Rusif Quliyev 8 illik hərbi xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.


O, 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində son damla qanına qədər döyüşüb.

Rusif Quliyevin həyat yoldaşı, sevib ailə həyatı qurduğu Aysel xanımın ürək qüsuru varmış. O 2019-cu ildə qızı Təranəni dünyaya gətirdikdən iki ay sonra həyatını itirib.

Balaca Təranə nənəsi və bibisinin himayəsində yaşayır.

Modern.az-ın əməkdaşı şəhidin bacısı Rəsmiyyə xanımla əlaqə saxlayaraq, Təranənin özəl gününün necə qeyd edilməsi ilə maraqlanıb.

O yaxınlarının, şəhid ailələlərinin Təranəni tək qoymadığını söyləyib:

“Bu gün qardaşımdan və gəlinimizdən yadigar qalan  Təranəmin iki yaşı tamam olur. Ata-anasına Təranənin bu gününü görmək qismət olmadı. Onların məzarlarını ziyarət edərək, xatirələrini yad etdik. Bu gün həmişə olduğu kimi bizi tək qoymadılar. Şəhid ailələri, qohumlar, yaxınlar, vəzifəli şəxslər, bir sözlə hər kəs bu gün Təranəni görməyə gəldi. Onların hər birinə təşəkkür edirəm. Kaş bu günü Aysel də, qardaşım Rusif də görərdi. Təranəm ad gününü öz ata-anası ilə keçirərdi”.

Fidan İlqar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: