23.11.2024

Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhid olmasından iki il ötür

Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zamanı qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin şəhid olmasından iki il ötür.


2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.


Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.


Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis, eləcə də avadanlıqlar cəlb olunub. Həmin il avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə pilotun nəşi tapılıb. Ayın 21-də Atakişiyevin nəşi 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.


R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının «Şücaətə görə” medalı 2019-cu ilin dekabrın 28-də polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.
Qeyd edək ki, Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib və polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlib.


Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.


Şəhidin iki oğul övladı yadigar qalıb. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: