22.11.2024

“General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir əmlakı olmayıb”

 Son vaxtlar mətbuatda Mehmandarovlar nəslinin tarixi və Şuşa şəhərindəki məhşur evlə bağlı yanlışlıqlar yol verilir.

Tanınmış bəy nəsli olan Mehmandarovların Pənahəli xanla qohumluğu olub. Bu nəslin nümayəndələrindən biri — Sadıq bəy Mehmandarov vaxtı ilə Lənkərana köçür və orada Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov dünyaya gəlir. Səməd bəy Lənkəranda boya-başa çatıb, həyatının çox hissəsini Rusiyada yaşayaraq müxtəlif hərbi kompaniyalarda iştirak edib və artileriya generalı rütbəsinədək yüksəlib.

General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir əmlakı olmayıb. Televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan “Difai” təşkilatının Qarabağ bölməsinin rəhbəri olub. O, qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb.

Əlavə olaraq onu deyə bilərəm ki, onlar əmi oğlu kimi çox mehriban idilər və Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalırdı.

Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu cənab İlham Əliyevə çox minnətdardırlar, Kərim bəy Mehmandarovun evinin bərpasına başlanmasına görə Prezidentə və hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirirlər.

Mustafa Mehmandarov

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, Vyana konservatoriyasının məzunu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: