22.11.2024

«Yunanıstan təxribat xarakterli bəyanatlardan çəkinməlidir» — Hulusi Akar

Yunanıstan Türkiyəyə qarşı təxribat xarakterli bəyanatlardan imtina etməlidir.

Bunu «Anadolu» agentliyinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

H.Akar bildirib: «Yunanıstan gərginliyi artırılmasına yönəlmiş təxribatçı, qeyri-qanuni, güzəştsiz mövqe tutmağa davam edir. Yunanıstan tərəfi Afinanın özünün imzaladığı razılaşmalara belə əməl etmir».

Daha əvvəl, panel müzakirələrində çıxış edərkən Yunanıstanın müdafiə naziri Ankaranın hərəkətlərini beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Türkiyənin milli müdafiə naziri hesab edir ki, yunanıstanlı həmkarının açıqlamaları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kiryakos Mitsotakis arasındakı son konstruktiv danışıqların və yayda gərginliyin azaldılması üzrə səylərə ziddir:

«Hörmətli həmkarımı beynəlxalq hüquq, razılaşmalar və iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri çərçivəsində eqoistlik və duyğusallıqdan imtina etməyə, məntiqli, ədalətli və obyektiv düşünməyə və danışmağa çağırırıq».

Onun sözlərinə görə, iki ölkə arasında əlverişli atmosfer yaratmaq istəyi qarşılıqlı olmalıdır və Afina müsbət atmosferi qorumaq istəyirsə Türkiyə və Yunanıstan xalqlarının yaxınlığını nəzərə alaraq təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinməlidir.

Nazir qeyd edib ki, Yunanıstan müxtəlif bəhanələrlə Türkiyəyə ən kiçik fayda gətirəcək hər şeyə qarşı çıxır: «Ankara, öz növbəsində beynəlxalq hüquqa, şəffaflığa və mehriban qonşuluq münasibətlərinə riayət etməkdə israrlıdır. Qonşu Yunanıstan üçün sülh və sabitliyə nail olmağın ən etibarlı yolu, ekspansionist yanaşmadan ən qısa müddətdə imtina etmək və təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə son qoymaqdır».

H.Akar Türkiyənin heç bir dövlətin ərazisinə iddia etmədiyini bir daha diqqətə çatdırıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: