AVMVİB sədri Füzuli Rzaquliyev AVMVİB üzvlərinə müraciət edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev AVMVİB üzvlərinə müraciət edib.
Müraciətdə deyilir:
— Əziz Vətən müharibəsi veteranları və onların ailə üzvləri, əziz bacılar və qardaşlar!
Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Silahlı Qüvvələrin hər bir fədaisi öz polad iradəsi, cəsurluğu sayəsində işğal olunmuş Qarabağı erməni təcazüzündən azad etdi. Bizim övladlarımız ön cəbhədə canı və qanı bahasına mənfur düşmənə qan uddurarkən biz arxa cəbhədə, həm «Orduya dəstək» kampaniyası çərçivəsində döyüşən əsgərimizin yanında olduq, həm də informasiya müharibəsində qələmimizlə dövlətimizə və ordumuza qarşı məqsədyönlü şəkildə aparılan qarayaxma kampaniyasına, yerli və beynəlxalq səviyyədə sipər çəkdik. Buna görə ardıcıl olaraq düşmənin professional kiberhücumlarına məruz qaldıq.
Bir neçə dəfə fedai.az və veteran.az saytlarımız çökdürüldü. Lakin bizim sıralarımızda yer alan mütəxəssislər sayəsində onların fəaliyyətini 24 saat ərzində bərpa edə bildik.
Fedai.az və Veteran.az saytları həm də bizim üzvlərimizin haqq səsini ucaldan xalq tribunasıdır. Hazırda 80217 nəfər üzvü olan AVMVİB üzvlərinin sayına görə respublikamızda fəaliyyət göstərən ən böyük ictimai təşkilatıdır.
Hal-hazırda bizim «Youtube» videohostinqində Veteran TV adlı kanalmız fəaliyyət göstərir. Bu kanal həm fedai.az, həm də veteran.az saytlarının əsas səhifəsində yerləşdirilb. Bu kanal məhz Azərbaycan Vətən müharibəsi veteranlarının və onların ailə üzvlərinin pozulmuş hüquqları, tapdanmış haqları dövlət səviyyəsində eşidilməsi üçün tərəfimizdən yaradılmışdır. Bu kanalı qorumaq, inkişaf etdirmək və nüfuzunu yüksəltmək hər birimizin ictimai borcudur. Bütün bu media resursları az saylı könüllülərin sayəsində yayınlanır.

Müasir informasiya cəmiyyətində internetin və onlayn medianın nüfuzu getdikcə artmaqdadır və biz informasiya texnologiyalarından istifadə etməyi, bu tendensiya ilə ayaqlaşmağı bacarmalıyıq. Məhz hər birinizi bu kanala abunə olmaqla Veteran TV-nin nüfuzunu cəmiyyətdə artıra və aidiyyatı dövlət qurumlarının hesablaşmalı olduğu sosial əhəmiyyətli platformaya çevirməyi bacarmalıyıq.
Hal-hazırda Veteran TV-nin 589 abunəçisi vardır. Bizim üzvlərimizin sayı isə 80217 nəfərdir. Bunun üçün hər bir veteran, hər bir qazi və onların ailə üzvləri Veteran TV-yə abunə olsalar sayımız kəskin şəkildə artaraq 100.000 rəqəmini də keçər. Hər birinizi Veteran TV-yə abunə olmağa çağırırıam.
Nurlan Məmmədli