AVMVİB Mingəçevir şəhər şöbəsi Ordunun 101 illiyini qeyd etdi
AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənovun verdiyi məlumata görə, şəhər şöbəsində fəal müharibə veteranlarının iştirakıyla Ordu günü təntənəli şəkildə qeyd olunub.
Bizimlə söhbətdə AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənov dedi: «Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.
Bu gün də Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə tam hazırdır və düşməni qovub torpaqlarımızdan çıxarmağı öz vəzifəsi hesab edir. O cümlədən müharibə veteranları döyüş görmüş əsgər kimi bu əmri gözləməkdədir».
Mingəçevirli veteranlar, o cümlədən AVMVİB Mingəçevir şəhər şöbəsinin sədrinin I müavini Mübariz Rüstəmov, İctimai əlaqələr şöbəsinin müdiri Rahib Əfəndiyev və digər müharibə veteranları Vətən uğrunda şəhid olmuş şəhidlərimizi yad etdilər və tədbir iştirakçıları şəhid məzarlarına gül qoydular.
Azər Bayram