Milli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı — VİDEO
Azərbaycanın Milli Qəhrəmanı, Polkovnik-leytenant Şirin Mirzəyevin ölümündən 27 il ötür.
Veteran.az xəbər verir ki, bu gün AVMVB –nin Səbail rayon şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin şəhidliyinin 27 -ci ildönümü münasibətilə anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev , Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı-Milli Məclisin deputatı Flora Qasımova , Hərbi-jurnalist ehtiyyarda olan polkovnik-leytenant İbrahim Rüstəmli ,Şirin Mirzəyevin döyüşçü dostları və ailə üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AVMVB –nin sədri Füzuli Rzaquliyev bildirdi ki, Şirin Mirzəyev əsl peşəkar hərbçi idi. O, mükəmməl nəzəri biliklərə, zəngin təcrübəyə malik idi. Şirin Mirzəyevin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğunu bildirdi. Qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edəcəyinə inandığını bildirən Füzuli Rzaquliyev həmin günün elə də uzaq olmadığını qeyd etdi.
Daha sora Milli Qəhrəmanıın həyat yoldaşı Flora Qasımova AVMVB –nin təsis etdiyi Xatirə medalı ilə tətif olundu.
Anım mərasimində çıxış edən , Milli Qəhrəman həyat yoldaşı Flora Qasımova Şirin Mirzəyevlə bağlı xatirələrindən danışaraq onun mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildirdi.
Digər çıxış edənlər Milli Qəhrəman haqqında xatirələrini danışdılar.
Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.
Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.
Hər il iyunun 20-də Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.
Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red) , 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olub.