22.11.2024

“Kapitalbank” məhkəməyə verilib, növbədə “Beynəlxalq bank”dır — Qazi banklardan xidmətdən imtinaya görə kompensasiya tələb edir

«Respublikadan kənarda müalicəyə ehtiyacı olan Qarabağ qazisinə bankların valyuta dəyişməkdən imtinasına məhkəmə qaydasında hüquqi qiymət veriləcək. Artıq iki həftədir əlil-istehlakçı hüququ pozulan müştəri Bakı şəhəri, Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib». Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: «İmtiyazlı şəxs cavabdeh “Kapitalbank”ın Nizami filialından valyuta dəyişməkdən imtinaya, Prezident təqaüdünə “blok” qoyub, inhisarçı mövqeyindən sui-istifadə edərək faiz tutmasına, “Birbank” tətbiqi sistemində kartları arasında pulköçürmə zamanı aldatma yolu ilə məbləğin 1 faizindən də çox komisyon haqqı tutmasına görə pozulmuş istehlakçı hüquqlarının bərpasını və maddi-mənəvi ziyanın ödənilməsini tələb edir.

Xatırladaq ki, artıq 1 il 2 aydır ki, banklar müştərilərə valyuta satışı xidməti göstərməkdən imtina edir və heç bir yazılı sənəd təqdim etmədən , bu kobud hüquq pozuntusunu Mərkəzi Bankın göstərişi ilə “əsaslandırırlar”. Təsəvvür edin, bankdan 3-5 kartı olan müştərisindən “Kapitalbank” hər “xidmət”də gəlirləri haqqında bəyannamə tələb edir və. .. bundan sonra da “yuxarı”dan 3 saat çəkən “lisenziya”nı gözləməyə məcbur edir. Etiraz edənlər bankın mühafizəsinə cavabdeh olan polislə “cəzalandırılır”. 25 ildir qüvvəyə minmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbinə görə, xidmətdən hər hansı bəhanə ilə imtina yolverilməzdir. “Kapitalbank” isə cəzasızlığına o qədər arxayındır ki, hətta Qarabağ qazisinin Prezident təqaüdünə 6 ay blok qoyub, faiz tutandan sonra, təqaüdü “blok”dan azad edib”. Bank “blok” tətbiqini kodun 3 dəfə yanlış daxil edilməsi ilə izah edib və “rüsum” tutulduqdan sonra açıldığını bildirsə də, bu izah yetərli deyil. Sadə məntiq deyir ki, niyə 6 aydan sonra açılıb “blok”? Prezident təqaüdçüsü 6 ay faizə borc götürüb çörək -dərman almalı idi?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1996-cı il tarixli 1113 saylı Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçıların tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi zərərin ödənilməsini də həll edir. Qanun açıq -aşkar müştərilərin müdafiəsindədir, amma məhkəmələr, hələ ki, qanunu yox, qeyri-prosessual ilişgiləri tətbiq edirlər. Elə 5 il qabaq həmin Nizami rayon məhkəməsinin (hakim Fikrət Mirzəyev) təqaüdündən məhrum edilən iddiaçının ərizəsini icraata götürüb 3 aydan sonra “it-bata” salması çox şey deyir. Rəhmətlik (“inanca” görə, “rəhmət” deməsən, 7 gülməcəsini danışmalısan) Molla Nəsrəddinin etdiyi kimi, bu dəfə də Nizami məhkəməsi iddianı it-bata salsa, başqa məhkəməyə üz tutmaq zorundayıq. (Molla Nəsrəddin bir kəndə çatar-çatmaz hay-həşir salır ki, eşşəyinə yem, özünə yemək verməsələr, o biri kənddə etdiyini burda da edəcək. Dediyinə əməl edən kənd sakinləri soruşur ki, o biri kənddə nə edib? Cavab verir ki, o biri kənddə dediyimə əməl etmədilər , ordan bu kəndə gəldim. Burda da yemək verilməsəydi, çıxıb başqa kəndə gedəcəkdim.)

“Beynəlxalq Bank”ın suçu daha ağırdır. Bu bankın xidmətdən imtinası və özbaşınalığı Qarabağ qazisinin hospitalda ölümlə savaşına nədən olub. Eyni zamanda, PA-dan müştərinin bank hesabına daxil olan vəsaitdən , öncədən nəzərdə tutulmadığı halda, aldatma yolu ilə ümumi məbləğin 0.5 faizi həcmində faiz tutulub. 5 aydır qazi-müştəri hüququnun bərpasını tələb edir, baxan yoxdur.

Söz məhkəmənindir, görək, banklara qanunun gücünü göstərəcək , yoxsa bankın “gücü”nə boyun əyəcək?»

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: