TƏBRİK: ELBARİZ MƏMMƏDLİNİN AD GÜNÜDÜR
Tanınmış şair, jurnalist Elbariz Məmmədlinin ad günüdür.
Vətən qoxulu və vətənpərvərlik ruhlu şeirləri ilə tez-tez oxucularımızla görüşə gələn şair Elbariz Məmmədli keşməkeşli ömür yolunun növbəti dayanacağındadı. Bu qatarın nömrəsi 61-dir.
Bu Vətən savaşında qələmini süngüyə çevirən çox az saylı şairlərimizdəndi, Elbariz Məmmədli. Qəhrəman gənclərimizin yazdığı tarix qarşısında heyrətini gizlətmədən yazdı:
Biz, biz olammadıq, haralardasa,
Verdik əlimizdən, sabahımızı.
Bu qeyrət kişilər, can bahasına,
Yudular gör, neçə günahımızı.
Yaxşı tanımadıq bu, cavanları,
Onlardı , torpağın qeyrəti, varı.
Şəhid balaların ruhuna qurban,
Gərək bağışlasın, biz qocaları.
(E. Məmmədli «Yaxşı tanımadıq, bu cavanları» şeiri)
Şeirin bir qismi zillət, bir qismi isə hikmətdir. O hikməti deyib, o zilləti çəkə bilənə şair deyilir. Türk şair Cemil Meriç deyirdi: «Gül ətiriylə salamlar sabahı, şair yaradır … Sözləri elə sevəcəksən ki, yalnız sənin üçün oynayacaqlar. Sözlər də bütün sevgililər kimi qısqancdırlar. Onların sənin olmasını istəyirsənsə, sən də onların olacaqsan, tənha qalacaqsan».
Elə Elbariz Məmmədli də sözüylə baş-başa qalmağı bacaran şairlərimizdəndi.
Bu gün şairin ad günüdür!
Ad günü münasibətiylə Elbariz bəyi təbrik edir, uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
100 yaşa, Elbariz bəy!
Bütün gözəlliklər sənin olsun!
Veteran.az və Fedai.az kollektivi