Kəşmir Həmrəylik Günü: 70 ildir davam edən mübarizə

5 fevral – bu gün Kəşmir Həmrəylik Günüdür. 1989-cu ildə bu təqvim Pakistanda “Kəşmir Həmrəylik Günü” olaraq qəbul edilib və bütün ölkə üzrə xüsusi qeyd olunur: məqsəd Kəşmir münaqişəsinə diqqəti çəkmək, Hindistan idarəçiliyi altında qalan Kəşmir xalqı ilə həmrəy olduqlarını nümayiş etdirməkdir.

70 ildən artıqdır davam edən Kəşmir münaqişəsi dünyanın ən ağır problemlərindən biri hesab olunur. Hər şey 74 il öncə Hindistan və Pakistanın müstəqilliyini əldə etməsi ilə başladı.

Böyük Britaniyanın Hindistan subkontinenti üzərindəki hökmranlığının sonunda — 1947-ci ildə 550-dən çox knyazlıq Hindistan və Pakistan arasında bölündü. Bölünmə planında əsas prinsip knayzlıqlarda yaşayan əhalinin dini tərkibi idi: müsəlman əhalisi olan ərazilər Pakistana, qeyri-müsəlmanlar Hindistana birləşirdi. Əhalisinin 77 faizi müsəlman olan Kəşmirdə isə bu ədalətli prinsip pozuldu. Halbuki, bölünmə planında əhalisinin əksəriyyəti müsəlman olan Kəşmir Pakistana birləşməli idi, yerli əhalinin əsas istəyi də bu idi.

1947-ci ilin 19 iyulunda Şrinaqar şəhərində İslam Konfransı keçirildi və orada Kəşmirin nümayəndələri Pakistana birləşməklə bağlı qərar qəbul etdilər. Lakin bu istək süngü ilə qarşılandı. Həmin vaxt bölgəyə rəhbərlik edən hindli knyaz Hari Sinqx əhalinin istəyinə baxmayaraq, “müstəqil olmaq” itəyini açıqladı. Kəşmir xalqının qəbul etdiyi qərardan sonra Pakistan bölgə əhalisinin köməyinə gəldi və 24 oktyabrda xalqın istəyinə uyğun olaraq, Kəşmirin Pakistana birləşdirildiyi elan olundu.

Mütləq əksəriyyətin seçimi ilə razılaşmayan Hari Sinqx Cammuya qaçdı və oktyabrın sonlarında Kəşmirin Hindistana birləşməsi ilə bağlı müqaviləyə imza atdı. Xalq Pakistanı, Hari Sinqx Hindistanı istəyirdi və qeyri-bərabər münasibətə baxmayaraq, Hindistan müqaviləyə istinadla bölgəyə ordu yeritdi.

1947-1948-ci illərdə Hindistan və Pakistan arasında I Kəşmir müharibəsi baş verdi. BMT-nin prosesə müdaxiləsi ilə döyüşlər dayandırıldı və BMT Təhlükəsizlik Şurasının 47 saylı qətnaməsinə əsasən, hər iki qoşun ərazini tərk etməli, yerli əhali referendum yolu ilə seçimini müəyyən etməli idi. Kəşmir xalqı öz gələcəyini ümumxalq səsvermə ilə seçəcəkdi:
bu, həm Britaniyanın Hindistanın bölünməsi prinsiplərinə, həm də beynəlxalq hüquqa görə ədalətli seçim idi.

Referendum olsaydı, təbii ki, yerli əhali Pakistana birləşməyə səs verəcəklərdi. Lakin olmadı, çünki Hindistan səsvermənin nəticəsinin xeyrinə olmayacağını bildiyi üçün referendumun keçirilməsinə imkan vermədi.

Ümumxalq səsvermənin keçirilməsinin nəticəsi olaraq, 70 ildir Kəşmir iki hissəyə bölünmüş vəziyyətdədir: şimal-qərbi ərazi Pakistanda, qalan əsas ərazi isə Hindistanda. 70 ildən artıqdır ki, nə BMT qətnamələri, nə də Hindistanın verdiyi vədlər yerinə yetirilir. 70 ildən artıqdır ki, kəşmirlilər Pakistana birləşmək uğrunda mübarizə aparırlar.

— “Yaşasın Pakistan”, “Pakistanı istəyirik” şüarları Kəşmir xalqının dilindən düşmür;
— Yerli əhali şəhidlərini dəfn edərkən, Pakistan bayraqlarına bükürlər;
— 70 il ərzində Kəşmirin Hindistan nəzarətində qalan ərazisindən milyonlarla insan Pakistana köç edib;

1989-cu ildən etibarən Kəşmirdə xalq Pakistana birləmək istəklərini açıq şəkildə yenidən səsləndirməyə başladılar: ümumxalq yürüşləri edir, şüarlar səsləndirir, dinc şəkildə istəklərini dilə gətirirdilər.

Hindistan bu tələblərə hərbi müdaxilə ilə cavab verdi və nümayişlər dağıdıldı. Lakin kəşmirlilər tələblərindən geri çəkilmədi. 2008, 2009, 2010 və 2016-cı illərdə kütləvi etirazlar başlandı. Hindistanın güc tətbiqi nəticəsində yüzlərlə kəşmirli öldürüldü.

2016-cı ildə Kəşmirin liderlərindən Burhan Vaninin məhkəməsiz edam olunmasından sonra başlanan kütləvi etirazlar zamanı 1330 insan öldürüldü, 30 mindən çox insan yaralandı.

2019-cu ilin 5 avqustunda Hindistanın Kəşmirin statusunu ləğv etməsi bölgədə gərginliyi daha da artırdı. Pakistan və beynəlxalq ictimaiyyət Hindistanın bu addımını pisləsə də, rəsmi Dehli geri çəkilmədi, əvəzində Kəşmir bölgəsində azadlıq tələblərinə qarşı münasibət daha da sərtləşdi.

2019-cu ilin 5 avqustundan 2020-ci ilin 31 dekabrına qədər Kəşmirin Hindistan nəzarətində olan hissəsində 305 dinc sakin qətlə yetirilib.

Kəşmir xalqının Pakistana birləşmək üçün aksiyalara başladığı 1989-cu ildən indiyə qədər isə 95 min 273 din insanın qətlə yetirildiyi təsdiqlənib. Bununla yanaşı, 22 min qadın dul, yüz mindən artıq uşaq yetim qalıb, 10 mindən çox qadın təcavüzə uğrayıb. 7 mindən çox gənc həbs edildikdən sonra itkin düşüb. Bölgədə zaman-zaman kütləvi məzarlıqlara rast gəlinir. Kəşmirdə müsəlman əhalisinin dini etiqad azadlığının pozulduğu, 50 minə yaxın hind məbədinin inşa edilməsi istiqamətdə addımların atıldığına dair məlumatlar beynəlxalq hesabatlarda öz əksini tapır.

Hindistanın Kəşmirin statusunu ləğv etməsindən sonra bölgədə yaşanan eskalasiya beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu məsələyə çəkdi. Hazırda BMT vasitəçiliyi ilə Pakistan və Hindistan münaqişənin həlli üçün danışıqlar aparır. Əsas prinsip BMT-nin 47 saylı qətnaməsinin yerinə yetirilməsi, bölgədə ümumxalq referendumun keçirilməsidir, lakin Hindistan tərəfi bunu qəbul etmir.

Kəşmirlilər isə 70 ildən artıqdır Pakistana birləşmək tələblərini davam etdirirlər.

Bu gün – 5 fevral tarixi də Pakistanda məhz Kəşmir xalqının istəyi ilə həmrəy olduqlarını göstərmək üçün xüsusi qeyd olunur.(Publika.az)

Asif Nərimanlı

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •