19.04.2024

Şəxsi ambisiyalarını yürütmək istəyənlər qarşılarında biz döyüşçüləri görəcəklər

Öncə Azərbaycanın Tovuz rayonu istiqamətində gedən döyüş əməliyyatlarında şəhid olan igidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm. Düşmən zaman uzandıqca azğınlaşmaqdadır. Biz müharibə veteranları məkrli düşməni yaxşı tanıyırıq. Düşmənin çalışdığı tək bircə şey var – işğal etdikləri əraziləri daha da genişləndirmək. Bu uzun illik danışıqlarda bunu hər kəs anlayıb.

Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 67 minlik üzvü Ali Baş Komandanımız, ölkə rəhbəri cənab İlham Əliyevin düşmənə qarşı apardığı qətiyyətli mübarizədə yanındayıq və onun əmriylə hər an döyüşlərə atılmağa hazırıq. Doğma Qarabağın azad edilməsi üçün aparılan hər bir addımı dəstəkləyir və ön sıralarda yer tutmağı öz vəzifə borcumuz hesab edirik.


Vətən torpaqlarının müdafiəsi və düşmən işğalından tezliklə azad edilməsi yolunda silaha sarılmaq hər birimizin arzusudur.


Bu gün düşmən mətbuatı və onların içimizdəki ruporları Prezidentin çıxışından kontekst edərək, güya Ali Baş Komandanın çağırışına 150 nəfər gəldiyini tirajlayırlar.

Bu adamlar yaxşı bilirlər ki, küçələrə axışan insanlar ordumuza və Ali Baş Komandanımıza dəstək üçün küçələrə çıxmışdılar. Üstəlik, sədri olduğum birliyin 67 min üzvü Prezidentin bir əmriylə istənilən cəbhədə vuruşmağa hazır olan köhnə döyüşçülərdir. Bu 5-ci kolonun binəvalarına bildirirəm ki, cənab İlham Əliyevin Qarabağ uğrunda savaşa hazır olan milyonlarla əsgəri var. İçimizdəki o təxribatçılar bu reallığı həzm edə bilmirlər. Onların bu mənfur arzuları elə gözlərində də qalacaq.


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi bir fikri xatırlatmaq istərdim:

“Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.


Biz veteranlar ölkə başçımızın lider kimi yüksək keyfiyyətlərini ürəkdən alqışlayır, Ali Baş Komandan kimi düşmənlə qarşılaşdığı hər bir döyüşü qalibiyyətlə başa vurmasından qürur hissi keçiririk.

Düşmən bunu yaxşı bildiyinə görə içimizdəki resurslarını, yəni 5-ci kolonu işə salmağa çalışır.

Bu gün ordumuzun dünyanın 50 ən güclü ordu sırasına düşməsi cənab İlham Əliyevin yorulmadan bu işə diqqət və qayğısı hesabına başa gəlib.

Ordumuz hər kəsin qürur mənbəyinə, güvəncinə çevrilib. Buna görə Ali Baş Komandanımıza minnətdarıq.


Biz bu Vətən üçün, bu Dövlətin qurulması üçün öz canını ortaya qoymuş
insanlar olaraq, xüsusən gənc nəslə xatırlatmaq istəyirik ki, ötən əsrin sonlarında bir çox ölkələrin məxfi xidmət orqanlarına işləyənlər bizim Qarabağ istəyimizi alver predmetinə çevirməyə çalışırdılar. Nəticə göz qabağındadır.


Onlara yenidən bizim yaşadığımız yanlışları təkrar etməyə yol verə bilmərik.


Özlərini 5-ci kolonun nökəri sayanların fitvasına getməyin. Bu Dövlət bizimdir. Dövlət başçısı cənab İlham Əliyevin bu gün yürütdüyü siyasəti dəstəkləyir və korrupsiyaya, 5-ci kolona qarşı açdığı savaşda onun yanında olduğumuzu bir daha bəyan edirik.

“Müqəddəs döyüş”, “Qarabağ” kimi şüarlardan, şəhid kimi müqəddəs adlardan sui istifadə edib öz şəxsi ambisiyalarını yürütmək istəyənlər qarşılarında biz döyüşçüləri görəcəklər.


Prezidentin söylədiyi sözlər isə devizimizdir: “Biz birlikdə güclüyük!”


Füzuli RZAQULIYEV,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

«Xalq» Qəzeti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: