Onlar hüquqi dövləti necə yaratdılar? — Korrupsiyadan uzaq Cümhuriyyətimiz…

Nəsiman Yaqublu

Tarix elmləri doktoru         

       Azərbaycan Cümhuriyyətinin 102-ci il dönümündə  qısa zaman müddətində hüquqi dövlətin yaradılmasının və  geniş öyrənilməsin də  təbliğinə ciddi ehtiyac vardır.

Savadlı,  vətənpərvər olan bu insanların hər birisi öz sahəsinin əsil peşəkarı idi.Bunun nəticəsi idi ki, qısa zaman müddətində bu insanlar dövlətin inkişafına böyük töhfələr verdilər.

Bu nazirlərin təyinatında onların savadı, təhsili  əsas götürülür və bu da öz müsbət nəticəsini verirdi.     

Cümhuriyyət dövrünün nazirləri yaş etibarı ilə də enerjili insanlar idi.Onların yaş həddinin cavan olması imkan verirdi ki, daha çox fəaliyyət göstərsinlər.      

Cümhuriyyət dövründə nazirlərin orta yaş həddi 30-45 yaş həddində idi.Onların arasında ən gənc nazir olan Mustafa Vəkilovun (Daxili İşlər naziri) 23 yaşı, ən yaşlı Səməd bəy Mehmandarovun(Hərbi nazir) isə 63 yaşı vardı.     

 Cümhuriyyət nazirlərindən 16 nəfəri müxtəlif    universitetlərin(əsasən Moskva,Sankt Peterburq, Kiyev,Odessa) hüquq fakültələrini bitirmişdilər.Odur ki, dövlətin hüquqi əsaslarla inkişfında bu amil başlıca rol oynayırdı.Bundan əlavə, Azərbaycan Parlamentinin 17 aylıq fəaliyyətində 270-ə qədər qanunun hazırlanıb müzakirəyə çıxarılmasında( o qanunlardan 230-u qəbul edilmişdi) hüquqşünas nazirlərin ciddi fəaliyyəti vardı.     

 Azərbaycan Nazirlər Şurası İcraiyyə Komitəsinini sədri və Daxili İşlər naziri F.X.Xoyskinin 43 yaşı vardı və o,Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi.      Azərbaycan Parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov Sankt Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi.      Maliyyə və Xalq Maarifi naziri Nəsib bəy Yusifbəylinin 37 yaşı vardı və Odessa Universitetinin hüquq fakültəsini bitirmişdi. 

   Ədliyyə naziri Xəlil bəy Xasməmmədovun 43 yaşı vardı və Moskva Universitetinin hüquq fakültəsini qurtarmışdı.        Ticarət və Sənaye naziri Məmməd Yusif Cəfərovun 33 yaşı vardı və Moskva Universitetinin hüquq fakültəsində təhsil almışdı.         

   Dövlət Nəzarəti naziri (Dövlət müfəttişi) Cəmo bəy Hacınskinin 30 yaşı vardı və Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi.      Yenə sonradan formalaşan sonuncu – beşinci hökumət kabinəsində Əmək və Əkinçilik naziri olan Əhməd bəy Pepinovun 26 yaşı vardı və o, Moskva Universitetinin hüquq və iqtisadiyyat fakültələrində təhsil almışdı.      Daxili işlər naziri və parlament üzvü olan Şəfi bəy Rüstəmbəylinin Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdi, qanunların hazırlanmasında yaxından iştirak edirdi.     

 Cümhuriyyətin digər nazirləri də (bəzi kiçik istisnalarla) yüksək ali savada malik və  Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar idi.Yəni bu Cümhuriyyətdə bölgəçilik yox,savad,istedad və qabiliyyət önə çəkilir və bu da dövlət quruculuğu prosesində müsbət əhəmiyyətini göstəriridi. 

  Azərbaycan Cümhuriyyəti dövründə qəbul edilən və dövlətin bu əsaslar üzərində inkişafını təmin edən ilk ilk hüquqi sənəd İstiqlal Bəyannaməsidir.


1918-ci ilin 28 Mayında Azərbaycan Milli Şurasının qəbul etdiyi 6 maddəlik “İstiqlal bəyannaməsi”:


1.Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub -Şərqi Zaqafqaziyanı əhatə edən  Azərbaycan da  tam hüquqlu müstəqil dövlətdir.

2.Müstəqil Azərbaycanın dövlətinin idarə forması  Xalq Cümhuriyyətidir.

3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu  millətlər  və dövlətlərlə mehriban  münasibətləri yaratmaq əzmindədir.

4.Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan  bütün vətəndaşlarınasiyasi hüquqlar və vətəndaşlıq hüququ  təmin edir.

5.Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün   geniş imkanlar yaradır.

6.Müəssislər Məclisi toplanıncaya  qədər  Azərbaycanın idarəsinin başında xalqın seçdiyi   Milli Şura və Milli Şura  qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.      

  Azərbaycan Cümhutiyyəti dövründə formalaşan hökumət kabinələrində müxtəlif partiyaların təmsilçiləri olurdu.Diqqətt edək: İlk hökumət kabinəsinin tərkibi:

1.Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf);

2.Hərbi nazir – Xosrov Paşa bəy Sultanov (müsavat);

3.Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat);

4.Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat);

5.Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat);

6.Ticarət və sənaye naziri – Məmmədyusif Cəfərov (bitərəf, sonra -müsavat);

7.Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov (Hümmət);

8.Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlikaslanov (bitərəf);

9.Dövlət müfəttişi – Camo bəy Hacınski (sosialist).     

 Sonrakı hökumət kabinələrində də bu müxtəlifliyin daha genişlənmiş formada şahidi oluruq:

1)Maarif və dini etiqad naziri – Həmid bəy Şahtaxtinski (ittihad); 2)Əkinçilik  və dövlət əmlakı naziri – Aslan bəy Qardaşov (əhrar);

3)Sosial-təminat naziri – Viktor Klenevski (Slavyan-Rus cəmiyyəti); 4)Ərzaq naziri – Konstantin Lizqar (Slavyan-Rus cəmiyyəti) və s.   Azərbaycan Cümhuriyyəti dövründə dövlətin qanunvericilik bazasınə Azərbaycan parlamenti təşkil edirdi.

Parlamentdə müzakirə edilməyən və qəbul olunmayan qərar hüquqi əsas sayıla bilməzdi.

AZƏRBAYCAN  PARLAMENTİ


İlk olaraq 1918-ci ilin noyabrın 19-da Bakıda keçirilən Azərbaycan Milli Şurasının iclasında Parlamentin yaradılması qərara alındı. Azərbaycan Milli Şurası bununla əlaqədar ayrıca qanun qəbul etdi. Azərbaycan Cümhuriyyəti Parlamentin çağırılması ilə əlaqədar Milli Şura adından M.Ə. Rəsulzadənin imzası ilə 1918-ci ilin noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnamsəi dərc olundu.

Müraciətnamədə deyilirdi: “Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək”.Azərbaycan Cümhuriyyəti dövründə əhalinin sayının 2.750.000 olduğu qeyd edilirdi. Buna müvafiq hər 24 min nəfərdən bir nümayəndə olaraq müsəlmanlar − 80, ermənilər − 21, ruslar  − 10, almanlar − 1, yəhudilər  − 1 nümayəndə parlamentə göndərə bilərdilər. Parlament 120 nəfərdən ibarət olmalı idi. Qeyd edilirdi ki, müsəlmanlardan 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər kimi parlamentə cəlb edilirlər.Qeyd edilirdi ki, Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nümayəndə olmalı idi. Qanunda parlamentə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət Cəmiyəti tərəfindən 2 nümayəndə nəzərdə tutulmuşdu.1919-cu ilin sonlarında parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun 96 deputat tərəfindən təmsil olunurdu. 

Məhkəmə sisteminin yaranması       

    Azərbaycan Cümhuriyyəti hökumətinin   ilk aylarda  Gəncədə yerləşdiyi  əsas götürülərək Gəncə Dairə Məhkəməsi  fəaliyyətə başlayır.        Hökumətin 1918-ci ilin 1 oktyabr tarixli qərarı əsasında burada Bakı Sovetinin yaratdığı məhkəmə orqanları ləğv edliir,Bakı Dairə Məhkəməsi formalaşır.     

 1918-ci ilin noyabrın 14-də Azərbaycan Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında əsasnamə” təsdiq olunur.Bu əsasnamə ilə bağlı Bakı şəhərində Azərbaycan Məhkəmə Palatası  yaradılır.    1919-cu ilin martın 16-da Bakı dairə məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi  açılışı olur.Nazirlər Şurasının sədri F.X. Xoyski açılışda iştirak edir.     

 1919-cu ilin 28 fevralında Nazirlər Şurasının qərarı ilə Ə. Xasməmmədov Məhkəmə Palatasının böyük sədri  vəzifəsinə təyin olunur.   

   Nazirlər Şurasının 1919-cu ilin 9 iyun tarixli qərarı ilə Polşa tatarlarından olan O.Kriçinski Palatanın Prokuroru təyin edilir.


İNSAN  HÜQUQLARI  VƏ AZADLIQLAR

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi olan İstiqlal Bəyannaməsində insan hüquqları və azadlığı problemi öz əksini tapıb.1918-ci ilin Mayın 28-də elan edilən İstiqlal Bəyannaməsinin 4-cü maddəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz vətəndaşlarına verdiyi azadlıqları belə ifadə edirdi: “4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, mməzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir”.Bu maddədə qeyd olunduğu kimi vətəndaşlar milli, dini, sosial və cinsi əlamətlərindən asılı olmadan eyni azadlığa və hüquq bərabərliyinə malikdir. Həmin maddədən aydın olur ki, vətəndaşlar hüquq bərabərliyi əsasında qanun qarşısında eyni məsuliyətə malikdirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların hüquq və azadlıqlarını ümumiləşdirib belə əsaslarla izah etmək mümkündür: vətəndaş hüququ, bərabərlik hüququ, seçki hüququ, fikir və söz azadlığı, mətbuat azadlığı, mülkiyət hüququ, əmək hüququ və s. 


MİLLİ  AZLIQLARIN HÜQUQLARI


Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə müxtəlif  xalqların təmsilçiləri yaşayırdılar. 1918-ci ilin Mayında qəbul edilən İstiqlal Bəyannaməsinin 5-ci maddəsində milli azlıqların hüquqları, sərbəst yaşamaları belə əksini tapırdı: “5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar açır”.Sonrakı dövrdə Azərbaycanda yaşayan digər xalqların dini etiqadlarına sayğı ilə yanaşılması, qəzet və jurnallar nəşr etməsi, Parlamentdə təmsil olunması, Hökumətdə müxtəlif vəzifələr alması (hətta nazir olması) 5-ci maddədə qoyulan fikrin reallığını sübut edirdi.


SÖZ  VƏ  MƏTBUAT  AZADLIĞI — MƏTBUAT  NİZAMNAMƏSİ. SENZURANIN  LƏĞVİ


Azərbaycan  Xalq Cümhuriyyəti fəaliyətə başladığı ilk dövrlərdən söz və mətbuat azadlığına böyük önəm vermişdir.Əslində 1918-ci ilin Mayın 28-də elan edilən İstiqlal Bəyannaməsinin 4 və 5-ci maddələrində göstərilən “vətəndaşlara siyasi və vətəndaşlıq hüququnun təmini”  və  “bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanların yaradılması” fikirləri  mətbuatın, söz azadlığının ciddi təminatı idi.

Həmin dövrdə ABŞ və bəzi Avropa ölkələrinin timsalında demokratik dövlət anlayışının ayrılmaz tərkib hissəsi də Mətbuat və söz azadlığı, senzuranın ləğvi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzuranın rəsmi olaraq ləğv edilməsi 1918-ci ilin noyabrın 9-na aiddir. Azərbaycan Nazirlər Şurasının həmin tarixə əsaslanan qərarı ilə mətbuatla bağlı senzura ləğv edilirdi.Maraqlıdır ki, həmin günü Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngdən (göy, qırımızı, yaşıl) ibarət olması haqqında qərar qəbul edilir.

Dövlət Bayrağıın yaradılması ilə senzuranın ləğvi qərarı eyni gündə verilmişdir. Bu qərar ölkədə azad, demokratik prinsiplərə əsaslanan cəmiyətin formalaşdığını təsdiqləyirdi.

1919-cu ilin oktyabrın 30-da Azərbaycan Parlamenti “Mətbuat Nizamnaməsi haqqında”  qanun qəbul etdi. Bu qanun ölkədə məktəblər açılmasına, əsərlər çap olunub satışa buraxılmasına geniş imkanlar yaradırdı. Bundan ötrü isə hakimiyət orqanlarından icazə tələb edilmirdi. İstənilən vətəndaş qəzet, jurnal, mətbəə açmaq üçün Hökumətin İşlər İdarəsi nəzdindəki Mətbuat üzrə Baş müvəkkilinə rəsmi ərizə təqdim etməli idi. Nizamnamədə çap məhsulu üzərində senzuranın ləğvi də qeyd edilirdi. Mətbuat orqanı yalnız cinayət törədilməsinə imkan yaratdığı təqdirdə məhkəmə qaydasında məsuliyətə cəlb oluna bilərdi.


SEÇKİ  HÜQUQU — QADINLARA SEÇKİ HÜQUQUQNUN  VERİLMƏSİ


İstiqlal Bəyannaməsində vətəndaşlara verilən ilk hüquqlardan sonra bu istiqamətdə fəaliyətlər davam etdirildi.Qanunverici orqanın − Parlamentin yaradılmasına qədər qəbul edilən ayrı-ayrı qanunvericilik aktlarında və hökumət qərarlarında insan hüquq və azadlıqları əksini tapırdı.Vətəndaşların seçki hüquqları ilə bağlı ilk rəsmi sənəd 1918-ci ilin avqustun 23-də qəbul edilən “Azərbaycan Cümhuriyyətinin təbəəliyi (vətəndaşlığı) haqqında” əsasnamədir. Bu sənəddə vətəndaşın siyasi hüquqları, qanunvericilik orqanına və yerli özünüidarə orqanlarına seçki hüququ ilə vətəndaşlığının əlaqəsi qeyd edilirdi.Azərbaycan Cümhuriyyəti vətəndaşının seçki hüququnun daha əsaslı şəkildə əksini tapan sənəd isə Azərbaycan Milli Şurasının 1918-ci ilin noyabrın 20-də qəbul edilən “Azərbaycan Parlamentinin yaradılması haqqında qanun”dur. Həmin qanunda  ilk dəfə olaraq qadınlara da seçki hüququ verilmişdir.Azərbaycan Cümhuriyyəti dövründə vətəndaşların seçki hüququnu təmin edən daha iki sənəd də mövcuddur:

1) “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə” (1919-cu il, 21 iyun);

2) Azərbaycan Cümhuriyyətində şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında qaydalar” (1919-cu il, 7 iyul).

Bu faktlardan məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyada qadınlara ümumi seçki hüququ verən ilk dövlətlər sırasında 7-ci yeri tutur (1918-ci ildə Latviya, Litva, Polşa dövlətləri də qadınlara seçki hüququ vermişdi.Qadınlara seçki hüququnun verilməsi 20 noyabr 1918-ci il tarixli qanunda ümumi müddəa olaraq qeyd olunsa da, 1919-cu ilin 21 iyulunda qəbul edilən “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə”də konkret şəkildə “hər iki cinsdən olan vətəndaşların” seçki hüququna malik olduğu göstərilmişdir.

Bu akta əsasən birbaşa seçkilər, gizli səsvermə üsulu, proporsional seçki sistemi və səsvermə yaşı 20 olaraq müəyyənləşdirilmişdir. 


DÜNYƏVİLİK, DİN  AZADLIĞI


Azərbaycan Xalq Cümhuriyyəti dövründə dünyəvilik və din azadlığı məsələsi İstiqlal Bəyannaməsinin 4-cü bəndində əksini tapırdı: “4. Azərbaycan Xalq Cümhuriyyəti milliyətindən, məzhəbindən, silkindən və cinsindən asılı olmayara, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüuqlar və vətəndaşlıq hüququ təmin edir”.

Azərbaycan Cümhuriyyəti dövründə İslam rəsmi dövlət dini elan edilməmişdi və bütün dinlərin təmsilçilərinə eyni hüquq əsasında fəaliyət göstərmək imkanı verilirdi. Yəni dövlət və din bir-birindən ayrı idi. Lakin o, eyni zamanda əxlaqi və mənəvi həyata təsir imkanlarını saxlayırdı.

Azərbaycan Cümhuriyyətinin dövlət bayrağındakı yaşıl rəng əslində İslam mədəniyətinə məxsusluğu bildirsə də, digər dinlərin azad fəaliyətləri təmin edilmişdi.

Azərbaycan Cümhuriyətinin 1919-cu ilin iyulun 21-də Parlamentdə qəbul etdiyi “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnamənin 96-cı bəndində deyilir: ”Hər bir kəsə məbəddə və ya dini ibadət üçün nəzərdə tutulmuş digər yerlərdə həm moizələr vasitəsi ilə, həm də şifahi və yazılı çağırışlarla seçkiqabağı təbliğat aparılması qadağan edilir”.

Göründüyü kimi, dövlət dindən sui-istifadə hallarının qarşısını alır, hətta buna əməl etməyənləri altı ayadək həbs müddəti ilə cəzalandırmaq nəzərdə tutulurdu.

Bu istiqamətdə təhsil sahəsində də ciddi islahatlar aparılırdı. Müsəlman məktəb-mədrəsələrində və pravoslav kilsə məktəblərində ümumi dünyəvi təhsil sisteminə keçilməsinə başlanılmışdı.Eyni zamanda məktəblər dinin təsirindən çıxarılaraq Maarif nazirliyinin tabeliyinə verilir, tədris sahəsində yeni proqramların və dərsliklərin hazırlanmasına başlanılmışdı.

Azərbaycan Cümhuriyyətində formalaşan dörd hökumət kabinetində (ümumilikdə beş idi) Dini məsələlərlə bağlı nazirlik fəaliyət göstərmişdir:


QEYRİ-HÖKUMƏT  TƏŞKİLATLARININ  YARADILMASI  VƏ  FƏALİYYƏTİ.VƏTƏNDAŞ  CƏMİYYƏTİNİN FORMALAŞMASI


Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğu dövründə demokratik prinsipləri əsas götürmüş, vətəndaş cəmiyətinin formalaşması üçün mühüm işlər görmüşdür.

Bu sahədə reallaşdırılan işlər sırasında qeyri-hpkumət təşkilatlarının yaradılması mühüm yer tutur.Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin yaradılmasına qədərki dövrdə mövcud olmuş xeyriyə təşkilatları da öz fəaliyətlərini daha geniş inkişaf etdirmək imkanı qazandılar.Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif sahələr üzrə 50-dən çox qeyri-hökumət təsisatı fəaliyəti göstərirdi. Həmin təşkilatlardan aşağıdakıları qeyd etmək mümkündür:

1) Azərbaycan Tələbə İttifaqı;

2) Bakı Həmkarlar İttifaqı Şurası; 3) Bakı Mülk Sahibləri İttifaqı; 4) Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti;

5) Bakı Neft Cəmiyyəti;

6) Bakı Müsəlman  Qadın Xeyriyyə Cəmiyyəti;

7) Bakı Şəhər Həkimlər Cəmiyyəti;

8) Bakı Müsəlman Maarif  Cəmiyyəti;

9) “Xalq evləri” Cəmiyyəti;

10) Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası;

11) Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti; 12) “Qardaş köməyi” ictimai təşkilatı;

13) “Uşaqları Mühafizə” Cəmiyyəti;

14) “Yaşıl Qələm” Ədəbi-Birliyi;

15) Jurnalistlər və Ədiblər İttifaqı;

16) “Nəşri-Maarif” Cəmiyyəti;

17) Gəncə Müsəlman Milli Komitəsi;

18) İrəvan Quberniyası Müsəlmanlarının Həmyerliləri Cəmiyyəti;

19) “Yeni Şirvan” Xeyriyyə Cəmiyyəti və s.

FÖVQƏLADƏ  TƏHQİQAT  KOMİSSİYASININ  YARADILMASI

1918-ci ilin iyul ayının 15-də Azərbaycan Cümhuriyyəti hökuməti Gəncədə keçirilən iclasında azərbaycanlılara qarşı zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmaq haqqında məsələ müzakirə etdi.Həmin ilin avqustun 31-də Azərbaycan hökumətinin qərarına əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat (istintaq) komissiyası yaradıldı. Komissiyanın sədri andlı iclasçı ‒ Ələkbər  bəy Xasməmmədov, üzvləri isə Gəncə dairə məhkəməsinin üzvləri  ‒ İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, həqiqi milli müşavir V.V.Qubvilli və müəllim Mirzə Cavad Axundzadə təyin olunur.Azərbaycan Parlamentində qanununaliliyinə sayğını əsas götürən çıxışlardan:

Baş nazir F.X.Xoyski qətiyyətlə bildirir: “…Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər”.

F.X.Xoyski Azərbaycan Parlamentinin açılışındakı çıxışını bu sözlərlə yekunlaşdırır: “Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, yol göstərən işıqlı ulduzu olmuşdur: millətin hüququ, istiqlalı və xeyri!”


Baş nazir N.Yusifbəyli  çıxışlarında hərbi işin hökumətin fəaliyyətinin əsasını təşkil edəcəyini, əsgərin ehtiyacına, ləvazimatına hökumətin ayrıca diqqət edəcəyini, “əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, varlıların, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumətin onlara anladacağını, bundan boyun qaçıran olarsa, lazım gələn cəzanın veriləcəyini” söyləyir.

1919-cu ildə Gəncə qubernatoruna N.Yusifbəylinin göndərdiyi teleqram bu məzmunda idi: “Gəncə qubernatoruna. Sizə qanunla verilən səlahiyyətlə qətiyyətli hərəkət etmək lazımdır. Daxili İşlər naziri N.Yusifbəyli”
Ədliyyə naziri X.Xasməmmədov çıxışında neft məsələsinə də toxunmuşdur. Bir çox yerlərə külli miqdarda, qanunsuz olaraq neft aparıldığını (xüsusən Qazax bölgəsinə və oradan da Gürcüstana) qeyd etmişdir. Sonda fikrini belə yekunlaşdırmışdır: “Müqəssirlər ilə də ,əlbəttə, məmləkətin qanununa müvafiq rəftar ediləcəkdir. Sorğuda daha başqa bir şey yoxdur. Bir neçə söz də deyəyim. Mən sizin hüzurunuzda deyirəm − qüsurlarımız var. Nəzarətin hər bir işi “düzdür” demirəm. Ancaq işlərin hamısını bu üç-dörd ayda düzəltmək mümkün olmamışdır. Böyük müşkülat vardır. Nəzarət ixtiyarında olan bütün vasitə və qüvvə ilə bunları düzəltməyə çalışmağa borcludur. Nəzarət çalışır ki, o qüsurları rəf olana və idarəni öylə yola qoyaq ki, camaat razı, məmləkət salamatda qalsın”Daxili İşlər naziri  B.Cavanşirin çıxışından: “Möhtərəm məbuslar! Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyasəti lazımdır… O qanunlar ki, nazirlərə verilibdir, o qanunlar onlar üçün mütləq olmalıdır”


O, vacib bir məqamı da vurğulayır: “Məmləkətin xəzinəsini saxlamaq bir şəxsin öz evini saxlaması kimidir”.  Bu və digər faktlar sübut edir ki, !918-1920-ci illərdə Azərbaycanda həqiqətən hüquqi dövlət yaradılırdı. /Moderator.az/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •