28.03.2024

Qarabağ münaqişəsi haqda Ermənistan-Azərbaycan müştərək filmi yayımlanıb

9 illik iş prosesindən sonra Qarabağ münaqişəsi haqda “Dairənin hissələri” unikal sənədli filmi ictimaiyyətin ixtiyarına verilib. Film Ermənistan və Azərbaycanda olan ekspertlər və jurnalistlər tərəfindən Böyük Britaniyada çalışan Conciliation Resources sülhməramlı təşkilatının və tərəfdaşlarının dəstəyi ilə çəkilib.

Filmin tam versiyası xronoloji prinsip üzrə üç hissəyə bölünüb və şahidlərin, ekspertlərin, siyasətçilərin dili ilə müxtəlif tərəflərdən Qarabağ münaqişəsini anladır.

Mayın 12-dən onlayn şəkildə paylaşılmış versiya özündə üç filmi birləşdirir və həmin hadisələr haqda bir qədər qısa şəkildə – 1 saat 15 dəqiqə içində bəhs edir.

“İdeya uzun illər sürən müştərək iş nəticəsində meydana gəlib: iki narrativi, iki yanaşmanı, iki hekayəni birləşdirərək və onları yaxınlaşdırmağa çalışaraq film yaratmaq.

Bu, riskli ideya idi və hədsiz çox səy, hədsiz çox zaman, hədsiz çox resurs, hədsiz çox emosiya tələb etdi.

Amma yenə də alındı”, – “Dairənin hissələri” filminin layihə meneceri Nune Sarkisyan deyib.

“Mənə iştirak etmək təklif olunanda, layihənin ideyası dərhal xoşuma gəldi. Nəinki bizim, həm də digər milli və dini münaqişələrin işıqlandırılmasında mənim təcrübəm az deyildi.

Bu layihə mənə çox vacib, faydalı gəldi, layihədə iştirak yalnız maraqlı deyildi, həm də prestijli idi. Qarabağ münaqişəsi “salnaməsinə” töhfə verməyi çox istəyirdim, üstəlik də hər iki tərəfdən təbliğat və saxtakarlıq cəhdləri fonunda, nə qədər pafoslu səslənsə də, münaqişəmiz haqda obyektiv informasiyanı beynəlxalq auditoriyaya çatdırmaq”, – filmin birinci hissəsinin ssenari müəllifi Şahin Rzayev bildirib.

26 il əvvəl, mayın 12-də Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında atəşkəs haqda razılaşma əldə edilib. Amma həmin vaxtdan davam edən danışıqlara baxmayaraq, sülh sazişi hələ də əldə olunmayıb. Ermənilər və azərbaycanlılar hələ də sonu görünməyən münaqişənin içinə qapanıb qalıblar./JAMNews/
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: