29.03.2024

Əlavə olaraq daha 2725 nəfər şəhid ailəsi kompensasiya alacaq

AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli şəhid ailələrinə veriləcək kompensasiyalarla bağlı son prezident fərmanını şərh etdi. Bildirdi ki, bu fərman bütün şəhid ailələrinə şamil olunmalıdır. Amma müvafiq qurum qeyd edirdi ki, əvvəl alanlar indi bu ödəməni ala bilməzlər. O zaman da həm ekspertlər, həm də mətbuat tərəfindən dəfələrlə deyilirdi ki, vaxtilə alınan birdəfəlik ödəmə ilə indi şəhid vərəsələrinə ödənilməsi nəzərdə tutulan məbləğ arasında çox ciddi və böyük fərq var. O vaxtkı 50 min manat indiki 11 min manatdan ciddi şəkildə fərqlənir. Nəhayət, yanvarın 28-də imzalanan fərmanla bütün şəhid vərəsələrinə, əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Xatırladım ki, bu siyahıdan şəhid polislərimizin adlarının çıxarılması AVMVİB Polis veteranları şöbəsi tərəfindən də müzakirə edilmişdi.

Beləliklə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Bu, müsbət bir haldır. Eyni zamanda bu, vətənpərvərliyin yüksəldilməsi üçün atılmış böyük bir addımıdır. İnsanlar dövlət tərəfindən, dövlət başçısı tərəfindən qiymətləndirildiklərinin şahidi olurlar. Əmin olurlar ki, Vətəni müdafiə edərkən şəhid olanda, necə deyərlər, gözləri arxada qalmayacaq. Onlardan sonra nəyin baş verəcəyi, ailələrinin taleyinin necə olacağı, dövlət tərəfindən qayğı olub-olmayacağı kimi məsələlərin insanların şüurundan çıxması, vətənpərvərlik ruhunun yüksəlməsi baxımından bu fərman müstəsna əhəmiyyət kəsb edir. 

Biz veteran təşkilatı olaraq Ali Baş Komandan cənab İ. Əliyevin və Birinci Vitse Prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığımızı çatdırırıq. Bir faktı da xatırladım ki, müharibə veteranlarına verilən kompensasiya da, məhz Mehriban xanımın müdaxiləsindən sonra öz həllini tapmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 29-da imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Müəllif: Elnur SƏLİM

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: