19.03.2024

Müharibə Veteranları Haqqında Azərbaycan Respublikasının Qanunu-LAYİHƏ

Təkliflər paketi: AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli müharibə veteranları üçün ayrıca qanunun qəbul edilməsini vacib sayır. Müzakirə üçün Qanun layihəsini diqqətinizə çatdırırıq. Təkliflərinizi yazın.

Bu Qanun 1992-ci ilin dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasında qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibədə iştirak edən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi orqanları veteranlarının statusunu, müharibə veteranları barəsində Azərbaycan Respublikası Dövlət Siyasətinin əsaslarını təsbit edir.Qanun müharibə veteranlarına verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə müharibə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, müharibə veteranlarının öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etmələri üçün təminatları müəyyənləşdirir.

Maddə 1.Veteranlar barəsində dövlət siyasəti

Müharibə Veteranları barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:

— sosial və hüquqi müdafiənin təmin edilməsi;

— əmək hüququnun minimum səviyyəsindən az olmayan dolanacağı təminat verilməsi;

— fiziki və ruhi sağlamlıq, fəal uzunömürlük üçün şərait yaradılması;

— yaşayış sahəsi ilə təminat;

— hər bir veterana zəruri təlabatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;

— əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə kömək göstərilməsi, müharibə veteranının bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə balavasitə cəlb edilməsi,

Maddə 2. Müharibə Veteranları barəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Müharibə Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericilyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə müharibə veteranlarının hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3.Müharibə Veteranı

Aşağıdakılar müharibə veteranları sayılırlar:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə keçmiş sovet respublikası uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilər və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusiyanın, Balitkyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;

1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında ), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş,lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə»medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə.

Maddə 4.Müharibə veteranı adı verilməyən şəxslərin siyahısı

Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş hərbi qulluqçular istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövürdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dən qüvvədə olmuş Azərbaycan Respublikası cinayət məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş hərbi qulluqçular istisna olmaqla) və ya barələrində cnayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş hərbi qulluqçulara şamil edilmir.

Könüllü hərbi birləşmələrdə olan və döyüş əməliyyatlarında iştirak etməyən şəxslərə şamil edilmir.

Maddə 5.Müharibə veteranlarının pensiyaları

Müharibə veteranlarının pensiyaları «Əmək pensiyaları haqqında»Azərbaycan Respublikasının Qununu əsasında təyin edilir.

Maddə 6.Müharibə veteranı adının və vəsiqəsinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və vahid nümunədə vəsiqə təsdiq edilir.Müharibə Veteranı üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

Müharibə Veteranı statusunun təsdiq edən sənədin bu Qanuna uyğun gəlmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

Maddə 7.Müharibə Veteranı təşkilatlarının yaradılması və istehsal fəaliyyətinə təminat verilməsi

Müharibə Veteranı təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət göstərirlər.

Müharibə veteranı təşkilatı qeydiyyata alındığı gündən hüquqi şəxs hesab edilir.

Dövlət orqanları müharibə veteranı təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.

Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranları təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrədən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binalar, avadanlıq və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.

Maddə 8.Əmək fəaliyyətinin davam etdirilməsi

Müharibə iştirakçısı pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yatarmaq hüquna malikdir.

Müharibə veteranları pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər

Maddə 9.Mənzil şəraitinin yaxşlaşdırılması

Müharibə veteranları Azərbaycan Respublikasının mənzil qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikinti kooperativlərinə və bağçılıq orqanlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.

Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

Maddə 10.Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

Müharibə iştirakçılarına, həlak olmuşların dul arvadlarına müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla ) mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müavinət verilir.

Maddə 11.Tibbi xidmət, dərman və müalicə vasitələri ilə təminat

Müharibə iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar.

Müharibə iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dəman və müalicə vasitələri almaq üçün müavinət verilir.

Maddə 12.Geriatriya yardımı, protezləşdirmə

Müharibə iştirakçılarına, yəni qulluğa ehtiyacı olan xroniki xəstələr üçün müvafiq icra hakimiyyəti orqanı geriatriya kabinetləri, pansionatları,xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirir

Müharibə iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və protezlər düzəltdirirlər.

Maddə 13.İctimai nəqliyyatdan istifadə sahəsində müharibə iştirakçılarına güzəştlər

Müharibə iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

Maddə 14.Müharibə veteranlarına sosial xidmət

Müharibə veteranlarına müvafiq icra hakimiyyəti orqanları,dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımı şərai yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.

Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir.

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.

Maddə 15.Müharibə veteranı təşkilatlarının beynəlxaq əlaqələri

Müharibə veteranları təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.

Dövlət orqanları müharibə veteranları təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.

Maddə 16. Mərasim xidmətləri

Hər bir rayonun, şəhərin ərazisində müharibə veteranları üçün yas və toy mərasimləri keçirilməsi üçün müvafiq icra orqanı tərəfindən binaların tikilməsi təmin edilməlidir.

Vəfat etmiş müharibə veteranının mərasim xərcləri müvafiq icra orqanları tərəfindən ödənilir.

Müharibə Veteranları Haqqında Azərbaycan Respublikasının Qanunu-LAYIHƏ


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: