İlk döyüşçü jurnalist, qazi Xəqani Ədəboğlu dünyasını dəyişdi

Əmək fəaliyyətinə sadə zəhmət insanı olaraq orta məktəbdə hərbi rəhbər vəzifəsindən başlayaraq, məktəb direktoru, müxbir və mətubat xidmətinin rəhbəri vəzifələrinə öz qabiliyyəti, dərin zəkası, gözəl nitqi ilə ucalan ictimai fəal, II qrup müharibə əlili Xəqani Rzaquliyev 2022-ci ilin Noyabr ayının 24-də qəflətən vəfat edib. Bu Azərbaycan jurnalistikasına, ümumən ölkəmizin yaradıcılıq mühitinə ağır itki deməkdir.

Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş, daımı bütün çətinliklərindən üzüağ və alınıaçıq cıxan Xəqani Rzaquliyevin keçən günlərini vərəqlədikcə bir fikir öz təsdiqini tapır: Bu alovlu vətənpərvər, torpağına, xalqına bağlı gözəl insan Xəqani Rzaquliyevin həyatı olduqca mənalı keçib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində öz dəsti-xətti olan, peşəkarlığı, humanistliyi, təvazökarlığı,  dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətlərilə seçilən Rzaquliyev Xəqani Ədəb oğlu 1963-cü ilin noyabr ayının 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində zəhmətkeş ailədə anadan olub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində öz üslubu olan, yüksək intellektual səviyyəsi, ədəbi — bədii təcrübəsi ilə oxucuların daimi diqqətində  qalan Rzaquliyev Xəqani Ədəb oğlu 1980-ci ildə Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbini, 1982-ci ildə Şuşa şəhərində Pedoqoji Texnikomunu, daha sonra isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarına isti  münasibətdə olan Xaqani Rzaquliyev 1982-1984-cü İllərdə Sovet Ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissəsində mühəndis-istehkamçı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Qayğıkeş, zəngin yaradıcılıq dünyasına malik olan Xaqani  Rzaquliyev ixtisasına uyğun müxtəlif  vəzifələrdə çalışıb. Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbində hərbi rəhbər, Gəncxana qəsəbəsində məktəb direktoru, «Gənclik» jurnalının müxbiri və şöbə müdiri vəzifələrində işləyib. Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının ilk sədri olub.

Heç kəsi özündan incitməyən, xoş  rəftarı və şirin dili ilə hər  kəslə doğmalıq münasibəti  yaradan Xəqani Ədəb oğlu Rzaquliyev 1992 -ci ilin mart ayının 12-də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanmışdır. Ürəyi daim Vətən eşqi ilə döyünən bu insan ictimai fəal kimi «Fədai» və «Veteran» qəzetlərinin ilk yaradıcılarından olmuşdur. Onun publisistik məqalələri yaradıcılığının əsasını təşkil edir. O, «Türkçülükdə «səlcuqlu» xəstəliyi», «Unudulmuş Turanın çöl çiçəkləri» və.s kitabların müəllifidir.

Dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan calışan Xəqani Rzaquliyev 44 günlük Vətən Müharibəsi və ondan sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə ıştirakcılarmızın, döyüş bölgələrində hərbi qulluqçularmızın yanında olmuşdur. Qələmi və öz mənəvi dünyası ilə onların cəmiyyətdə adaptasiya olunmasına çalışan Xaqani Rzaquliyev təbiətcə sakit, təmkinli, diqqətli və xoş rəftar bir insan olmaqla yüzlərlə adamın (döyüşçülərin, müharibə veteranların və şəhid ailələrinin) xeyirxahına çevrilmişdir.

Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilən, zəhmətsevərliyi ilə oxucularının, sənət adamlarının, müharibə veteranlarının və  şəhid ailələrinin rəğbətini qazanmış  Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətubat xidmətinin rəhbəri Xaqani Rzaquliyev ona həvalə olunan vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə, mətbuat orqanlarında xüsusi fərqləndiyinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə Komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının və ictimai təşkilatların sədrlərinin müvafiq əmrləri ilə medallarla, döş nişanları ilə təltif olunmuş, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlaraq ona təşəkkür elan edilmişdir.

Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, zəngin yaradıcılıq duyumuna sahib olan, xeyirxah və ziyalı insan, ictimaiyyət arasında özünəlayiq hörmət qazanmış, özünəməxsus  istedad koloritinə malik Xaqani Rzaquliyevin vəfatı onu tanyan hər kəs üçün olduqca ağırdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyəti olaraq bir daha mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına, həmkarlarına, dostlarına dərin hüznlə başsağlığı verir, acılarını və kədərlərini bölüşürük.

ALLAH RƏHMƏT ELƏSIN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin
hüquqi məsələləri üzrə müavini
polkovnik Salman Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: