Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var

Məlumdur ki, qloballaşma prosesinin genişləndiyi və dünya təsərrüfatı sisteminin bütövləşdiyi müasir dövrdə hər hansı bir ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunması, beynəlxalq iqtisadi münasibətlər sisteminə, xüsusən də onun ilkin və aparıcı forması olan beynəlxalq ticarət sisteminə səmərəli inteqrasiyadan asılıdır.

Belə ki, beynəlxalq ticarətdə fəal iştirak edən ölkə, bir tərəfdən cəmiyyətin təlabatını daha dolğun ödəmək, milli iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, müasir texnika və texnologiyalar əldə etmək və bu istiqamətdə qarşıya çıxan problemləri həll etmək, digər tərəfdən isə, özünün beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olur. Məhz buna görə də, hazırda Azərbaycan Respublikası ikitərəfli ticarət-iqtisadi əlaqələri genişləndirməklə yanaşı, çoxtərəfli beynəlxalq ticarət sazişlərinə qoşulmaqla dünya ticarət sisteminə səmərəli şəkildə inteqrasiya olunur. Xarici iqtisadi əlaqələr respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Xarici ticarətin eləcə də onun komponentləri olan ixrac və idxalın düzgün müəyyən edilməsi ölkənin inkişafını şərtləndirir. Azərbaycanın böyük ixrac potensialına malik olması müsbət perespektivlərdən və güclü Azərbaycanın iqtisadiyyatından xəbər verir.

Əsas meyllərin tədqiq edilməsi, Azərbaycan Respublikasının idxal və ixracının, xüsusilə strateji məhsullar ixracının kompleks tədqiqi dövrün obyektiv tələblərinə cavab verən, ixrac prioritetlərinin müəyyən olunması və ölkəmizin gələcək inkişafına xidmət baxımından çox əhəmiyyətlidir. Müasir şəraitdə bazar iqtisadiyyatı sisteminə keçid alan ölkələrin milli iqtisadiyyatlarının formalaşması və inkişafı yalnız daxili imkanlarla deyil, əhəmiyyətli dərəcədə xarici amillərlə, xüsusilə xarici ticarət əlaqələrindən daha geniş və səmərəli şəkildə istifadə edilməsi ilə mümkündür ki, bu da xarici ticarətin inkişafını zəruri edən mühüm amillərdən hesab olunur. Dünya ölkələri resurslarla təminatına görə fərqləndiyindən müxtəlif məhsullar istehsalı müxtəlif resurslar nisbətini tələb edir, qarşılıqlı faydalı mübadilə üçün ilkin şərtlər yaradır.

Ölkənin xarici ticarət əlaqələrində fəal iştirakı onun müəyyən üstünlüklər əldə etməsinə şərait yaratmaqla iqtisadi inkişafın yüksəldilməsi üçün geniş imkanlar yaradır. Ona görə də dünya təsərrüfatı sistemində xarici ticarət münasibətləri daim diqqət mərkəzindədir. Dünya dövlətləri arasında yaranan xarici ticarət beynəlxalq əmək bölgüsünün daha da genişlənməsinə və dərinləşməsinə, mövcud maddi və mənəvi potensiallardan səmərəli istifadə edilməsinə, müasir elm və texnikanın ən yeni nailiyyətlərindən lazımi səviyyədə yararlanmağa, əsaslı struktur dəyişikliklərinin həyata keçirilməsinə, dövlətlərarası sıx dostluq və işgüzar münasibətlərin inkişafına, əhalinin təlabatının tam və hərtərəfli ödənilməsinə real imkanlar yaradır. Xarici faktorlardan təcrid olunmanın birmənalı şəkildə inkar edilməsi və onun alternativi kimi daxili və xarici amillərdən istifadənin dialektik vəhdəti prinsipinin irəli sürülməsi müasir iqtisadi inkişafın əsas məzmununu ifadə edir. Xarici ticarət obyekt və subyekt, məkan və zaman, iqtisadi və siyasi baxımdan da olduqca geniş, müxtəlif və qeyri-mütənasib xüsusiyyətlərlə xarakterizə olunur. Bütün bunlar xarici ticarətin ümumi prinsiplərini, qanunauyğunluqlarını və hüquqi əsaslarını müəyyən etsə də göstərilən amillər nəzərə alınmaqla hər bir ölkə üçün xarici ticarət siyasətinin və strategiyasının milli mənafelərlə regional və qlobal mənafelərin balanslaşdırılması əsasında müəyyən edilməsini, onun elmi-nəzəri və elmi-metodoloji cəhətdən əsaslandırılmasını zəruri edir.

Qeyd edilən məsələlər müasir dövrdə respublikamız üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də xarici ticarətin keçdiyi yol nəzəri və praktiki cəhətdən kompleks şəkildə araşdırılmalı və ondan ölkə iqtisadiyyatının inkişafı üçün zəruri nəticələr çıxarılmalıdır. İqtisadi inkişafda xarici ticarətin rolunun, mahiyyətinin və məqsədlərinin müəyyənləşdirilməsində beynəlxalq ticarət nəzəriyyələrini nəzərə almaq olduqca vacibdir. Müasir dövrdə dünyanın bir sıra ölkələrinin bazar iqtisadiyyatı sisteminə keçməsi xarici ticarətin genişlənməsi üçün yeni imkanlar yaradır.

Ümumiyyətlə, xarici ticarətin müxtəlif ölkələrin iqtisadiyyatlarına verdiyi faydanı nəzərə alıb ondan maksimum dərəcədə yararlanmaq lazımdır. Ölkənin xarici ticarət sferasındakı uğurları onun dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunduğunu və iqtisadiyyatın açıqlıq dərəcəsinin yüksəldiyini göstərir. Azərbaycanın xarici ticarət siyasətinin mühüm istiqamətlərindən biri ticarət əlaqələrinin genişləndirilməsi sahəsində görülən genişmiqyaslı tədbirlərdir. Azərbaycanda müstəqil dövlət quruculuğu, onun bazar iqtisadiyyatı prinsipləri əsasında həyata keçirilməsi və ölkəmizin beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvünə çevrilməsi respublikamızda xarici ticarətin tənzimlənməsi sistemi qarşısında olduqca mühüm və tamamilə yeni vəzifələr qoyurdu. Təsadüfi deyildir ki, xarici ticarət Azərbaycanda iqtisadi islahatların daha sürətli getdiyi bir sahədir. Bu sahədə həyata keçirilən tədbirlərin əsas istiqaməti isə xarici ticarətin bazar prinsiplərinə uygun olaraq liberallaşdırılması yolunda addımlamaqdır.

Yekun olaraq qeyd edim ki, hazırda regionda və dünyada baş verən iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar, iqtisadi dəyişikliklər, eləcə də, xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına, həmçinin, inkişafına əlverişli zəmin yaratmışdır.

Diqqətinizə görə minnətdaram!

 Dərin hörmətlə, Sabit Vaqif oğlu Mehdiyev

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •