19.04.2024

Mixail Zadornov: «HƏQİQƏT zəfər çalacaqmı, qaraya – qara, ağa – ağ deyiləcəkmi!?»

«Mən başa düşə bilmirəm, “Krunk” və “Qarabağ” hərəkatları milyonları nəyə görə toplayır, onlar, bəlkə, digər planetlərdə yaşayan ortaq din qardaşları ilə əlaqə saxlamaq üçün kosmik gəmilər düzəltmək istəyirlər».

Orta və yaşlı nəslin yaxşı xatırladığı rus əsilli satirik, rəhmətlik Mixail Zadornov hələ 1988-ci ildə “Teatr” jurnalında dərc etdirdiyi məqaləsində erməniləri anlamadığını etiraf edirdi. O, yazırdı: Etiraf etməliyəm ki, DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) hadisələrindən uzaqlaşdıqca, orada və onun ətrafında nə baş verdiyini daha çox başa düşmürəm. Mən başa düşmürəm, Dağlıq Qarabağ Muxtar Vilayəti Amerikanın yeni bir ştatıdır, yoxsa erməni məsələsi qlobal əhəmiyyət daşımağa başlamışdır. Niyə bu hadisələr haqqında xarici radiolar bizim informasiya vasitələrindən fərqli olaraq daha çox hay-küy qoparırlar. Başa düşmürəm, niyə digər ölkələrdə yaşayan ermənilər Ermənistan SSR-nin mənəvi mühitinə güclü şəkildə təsir göstərə bilirlər. Tutaq ki, nə vaxtsa “dənizdən dənizə böyük Ermənistan” mövcud olub, ancaq, indi, bir gəmisi belə olmayan Ermənistanın iki dəniz nəyinə lazımdır!?

Başa düşmürəm, daha güclü kimya sənayesinə malik digər respublikaların ekoloji mühafizəsinə daha çox ehtiyac duyulduğu halda, niyə Ermənistanın ekoloji durumu haqqında bu qədər məqalələr yazılır, çıxışlar edilir. Bu Zori Balayanı heç başa düşmürəm, ətraf mühitin qayğısını çəkərkən, niyə həmvətənlərinin şüurunu qərəzli olaraq millətçilik çamırı ilə zəhərləyir. Başa düşmürəm, niyə DQMV məktəbləri üçün erməni dilində dərsliklər Ermənistanın özündə dərc edildiyi halda, onların azlığına görə Azərbaycanı təqsirləndirirlər.

Başa düşmürəm, niyə erməni xalqının Moskvadakı “böyük oğlu”, SSRİ Dövlət Plan Komitəsinin sədr müavini Sitaryan DQMV-də mədəniyyət evinin tikintisini təxirə salır, indi isə mədəniyyət evinin yoxluğu üçün Azərbaycanı günahlandırırlar. Onu da başa düşmürəm ki, erməni xalqının mədəni abidələrinin bərpası haqqında söhbətlər gedir, lakin alban kilsələrinin “qriqoriansayağı” restavrasiyasına girişirlər. Ümumiyyətlə başa düşmürəm, Ayvazyan daşlar üzərindəki ərəb yazılarını ermənicə oxuyub akademik Piatrovskini necə əməlli-başlı matı-məəttəl qoya bilir.

Mən başa düşmürəm, niyə ölkə üçün belə bir məsuliyyətli dövrdə minlərlə adam işini-gücünü buraxıb Stapanakertdə mitinqlərə başlayır, Ermənistana birləşməyi tələb edirlər. Mən başa düşürəm, onlar birləşmək istəyirlər, ancaq onu başa düşə bilmirəm ki, kim onları tutub saxlayır, qoy köçsünlər və özününkülərə qovuşsunlar. Yadda saxlasınlar ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlını Ermənistandan Azərbaycana köçürmüşdülər. Mən başa düşə bilmirəm, “Krunk” və “Qarabağ” hərəkatları milyonları nəyə görə toplayır, onlar, bəlkə, digər planetlərdə yaşayan ortaq din qardaşları ilə əlaqə saxlamaq üçün kosmik gəmilər düzəltmək istəyirlər.

Əyər ermənilər öz dövlətçiliyini Kommunist partiyasının sayəsində əldə ediblərsə, başa düşmürəm, niyə indi partiyasız respublikada yaşamaq istəyirlər. Mən, iki dəfə ABŞ-a hansısa görüşlər və ya təlimatlar almaq üçün getmiş Zori Balayanı başa düşməyə çətinlik çəkirəm. Mən “Pravda”da dərc etdirdiyi “Hisslər və ağıl” adlı məqaləsindən özünə və ailəsinə görə qorxub imtina etmiş Arakelyanı başa düşürəm, ancaq başa düşmürəm, onun gözlədiyi təhlükəni hamı dərk etdimi?! Başa düşmürəm, nə üçün “Ocaq” və “Karvan yoldadır” kitablarının müəllifləri öz millətçi ambisiyalarını körükləyib alovlandırır, niyə bu kitablarda mənəmlik sayıqlamaları ilə yanaşı, onların digər millətlər tərəfindən izlənilməsi və əzab verilməsi kimi psixi pozğunluq hallarına daha geniş yer ayrılır.

Mən başa düşmürəm, soyqırım abidəsi nəyə lazımdır. Yox, mən başa düşürəm, həlak olmuşların xatirəsini anmaq lazımdır, ancaq uşaqlarda nifrət hissi formalaşdırmağı başa düşmürəm. Mən başa düşə bilmirəm Sumqayıtda baş verən kütləvi psixoz idi, yoxsa “Krunk” və “Qarabağ” hərəkatlarının törətdiyi təxribat!? “Krunk” qara qarğadırsa, onlar niyə ona durna deyirlər. Əyər birinci və ikinci cildindən bir şey anlamaq mümkün deyilsə, mən başa düşmürəm, nə üçün Aruşanyana erməni tarixinin 3 və 4-cü cildlərini yazmağı məsləhət görüblər. Əbəs yerə professor Meşaninov demir ki, erməni tarixi öz qədimliyi üçün tarixin özünə deyil, onu yazan erməni “tarixçilərinə” daha çox borcludur.

Mən hələ çox şeyi başa düşmürəm, ancaq bir şeyi anlamaq istərdim: HƏQİQƏT zəfər çalacaqmı, qaraya – qara, ağa – ağ deyiləcəkmi!?

Tərcümə etdilər:
Akif Bayramov,
Mahir Məhərrəmov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: