29.03.2024

Paşinyan erməni xalqı ilə məzələnir…

Blokada şəraitində Ermənistan ÜDM-ni 15 dəfə necə artıracaq?

Ermənistanın baş naziri Nikol Paşinyan inqilab dönəmində erməni xalqına verdiyi populist vədlərin yerinə yetirilməsi üçün çabalamağa başlayıb. Hazırkı durumda Vovanın oğlu bataqlıqda boğulan və çıxmaq üçün çabalayan adamı xatırlayır. Nə qədər çox çabalayacaqsa, bir o qədər də tez batacağı təbii qanunauyğunluqdur.

Qeyd edək ki, Paşinyan ötən ay “Ermənistan 2050 – İnkişaf Strategiyası” adlı sərsəm bir proqram açıqlayıb ki, bu proqramın da reallaşması imkansızlığın hüdudunda görünür. İndi də Ermənistan əhli Paşinyanın bu sərsəm proqramını qızğın müzakirə etməyə başlayıb.

Bəs nə var Paşinyanın möcüzəvi iqtisadi proqramında?

İlk məqamda ən çox diqqət çəkən məsələ 2050-ci ildə Ermənistanın Ümum Daxili Məhsulunun (ÜDM) 15 dəfə artırılması ilə bağlı strategiyasıdır. Səhv oxumadınız. Məhz 15 dəfə.

Maraqlıdır ki, Paşinyan demaqoqcasına bu hədəfini erməni xalqının birbaşa çiyninə yükləyib və bu milli məsələ olaraq, ortaya qoyulub. Yəni ermənilər “pəpə yeyəndən məmə deyənə” qədər, hamısı Paşinyanın populizminin reallaşması üçün bir nəfər kimi çalışmalıdırlar.

Bəc bu necə olacaq? Ermənistanın ÜDM-i 30 il müddətində 15 dəfə necə artacaq?

Nəzərə alsaq ki, torpaqlarımızı işğal etdiyinə görə, Ermənistan 80 faiz iqtisadi blokada da yaşamaqda davam edir, onda Paşinyanın populizminin onun başından böyük qələt olduğu öz-özünə ortaya çıxır. Ermənistanın hazırda ancaq İranla iqtisadi sərhədləri açıqdır və İranın da mövcud vəziyyəti göz qabağındadır. ABŞ-ın sanksiyaları qarşısında çökən İran heç öz hayına belə qala bilmir. Ermənistanın əsas havadarı Rusiya isə bu ölkə ilə ancaq hava nəqliyyatına malikdir. Paşinyanın sərsəm strategiyasından belə görünür ki, o, daha çox populizmə və daha çox demaqoqiyaya əsaslanmaqla, vəziyyəti idarə etmək istəyir.

Amma hara qədər? Bu sualın cavabını özü bilirmi? Sabah inqilab qapıya bir daha dirənəndə Paşinyanın bu populizmi və demaqoqiyası onu hara aparacaq? Edam kötüyünəmi? Bəs Paşinyanın populizmi və demaqoqiyası beynəlxalq araşdırmaçıların gözündə necə görünür? Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu, birmənalı şəkildə olduqca şişirdilmiş və heç bir perspektivi olmayan hədəfdir. Beynəlxalq təşkilatların verdiyi proqnozlara əsaslanmayan inkişaf konsepsiyası qısamüddətli dövrə hədəflənmiş populist addım hesab edilir. Belə ki, sənəddə göstərilən hədəflərlə BVF-nin proqnozları arasında ciddi fərqlər var.

Strateji sənəddə 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən gəlirin isə təqribən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-nin həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək. İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual altındadır.

Çünki BVF-nin proqnozlarına əsasən, bu günədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət bu tempdə davam edəcək. Bu proses ölkədən valyutanın çıxması, sosial-iqtisadi vəziyyətin inkişafını əngəlləyən başlıca faktordur. Digər tərəfdən, strateji sənəddə təbii resurlardan asılılığın azaldılması istiqamətində görülməsi gərəkən işlər qeyd olunsa da, bunun reallığa çevrilməsi mümkünsüz görünür.

Çünki 2018-ci ildə Ermənistanın ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edib ki, bu da ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğunu təsdiq edir. Bu tendensiya uzun müddətdir ki, davam edir və 2016-2018-ci illər ərzində də qeyd edilən məhsulların ümumi ixracda payı 50 %-dan çox olub.

Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafına diqqət ayrılması da qeyd edilib. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi hədəflənməkdədir. Lakin Ermənstanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzinin təhlilinə əsasən, xarici turist olaraq ölkəyə səfər edən qonaqların 62 %-i dünyanın müxtəlif ölkələrində yaşayan etnik ermənilərdir. Bu tendensiyanın davamlılıq ehtimalı və ölkənin Cənubi Qafqaz regionunda qonşularına nisbətən cəlbediciliyinin xeyli aşağı olması, verilən vədlərin reallaşmasını mümkünsüz edir.

BVF-nin araşdırma mərkəzinin hazırladığı hesabata əsasən deyə bilərik ki, hökumət digər məsələlərdə olduğu kimi, turizm sektorunda da ən yüksək proqnoza köklənərək, real vəziyyəti anlamaq istəmir. Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu desə də, Ermənistanın yerləşdiyi coğrafi mövqe və apardığı işğalçı xarici siyasət ölkənin sosial-iqtisadi həyatına mənfi təsir etməkdədir və bugünədək heç bir ciddi nailiyyət əldə edilməməsinin əsl səbəbi budur.

Yəni Paşinyanın sərsəm strategiyasının bütün əsası populizm və demaqoqiya üzərində formalaşıb ki, bu da nə baş nazirin , nə də Ermənistan əhalisinin gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Lap elə Paşinyan bütün Ermənistanı bir nəfər kimi səfərbər edə bilsə belə, onun hədəfləri üfüqə çatmaq və üfüqü ötmək kimi imkansız bir fəlsəfəyə dayanıb.

Qeyd edim ki, Paşinyanın bu “üfüqü fəth etmək” xəyalı Ermənistanda da utopiya kimi qiymətləndirilir. Erməni KİV-lərində gedən müzakirələdən də görünür ki, Paşinyana olan inam və etimad artıq sıfır nöqtəsinə dayanıb. Bu, Rusiyanın aparıcı media qurumlarından olan “Kommersant” qəzetinin geniş analizində də açıq qeyd olunur. Həmin məqalədən də görünür ki, Paşinyan üçün “əcəl zəngi”nin çalınması sadəcə, zaman məsələsidir və Ermənistana möcüzə vəd edən inqilabçı baş nazirin əlindəki “sehirli çubuğ”un da ancaq populist vədlərə yaradığı ermənilərə artıq aydındır.

İndi Ermənistan yeni bir seçim qarşısındadır.

Ya xalq yeni inqilab edib Ermənistanı daha böyük bataqlığa sürükləməlidir, ya da Paşinyanın “yalanları” ilə qarnını doyurmağa çalışmalıdır.

Amma bir yol daha var. Ermənilər gələcəkləri üçün Azərbaycanın geosiyasi və geoiqtisadi önəmini qəbul etməli və işğal etdikləri torpaqları geri qaytararaq, Azərbaycanla normal qonşuluq siyasətinə qayıtmalıdırlar.

Ancaq bu seçim Paşinyanın deyil, həqiqətlərin gözünə dik baxmağı bacarıb utopiyalardan imtina etməyi başaran Ermənistan xalqının olmalıdır…

Azər QARAMANLI
YENİCAG.AZ

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: