19.03.2024

(Təkrar)

«Fədai adıyla bağlı tez-tez bizə suallar ünvanlayırlar. Hətta bu sözü ermənilər işlədir deyə bizlərə şübhə ilə yanaşanlar da var.»Fədai» sözü ərəbcə الفدائي , əsli «fidai»dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir. Bu baxımından ermənilərin «fidain» sözü işlətməsinin özü məqsədlidir və onu anlatmağa çalışacağıq. «Fədai» sözü əsasən XX əsrdə Azərbaycan türklərinin milli hərəkatlarında işlədilib. Cənubi Azərbaycanda həm 20-ci illərdə, həm də 40-cı illərdə bu söz daha geniş şəkildə işlədilib. Şimali Azərbaycanda da bu söz ətrafında təşkilatlanma olub.
XX əsrin əvvəllərində Azərbaycan türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılır. Ruslar tərəfindən silahlandırılan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirlər…

1905-ci ildə Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən «Fədai» adlı gizli bir cəmiyyət yaradılır. Türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi «Türk ili» kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: «Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda «Fədai» adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu». «Fədai» cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Hüseyn Baykaranın yazdığı kimi, «Fədai» cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. «Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin «Fədai» təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq…» (Y.Akçuraoğlu, «Türk ili», səh. 441). Bir müddət sonra «Fədai» cəmiyyəti «Difai» Partiyasına çevrilir.

1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan «Difai» Partiyasına məxsus Bəyannamədə deyilir: «Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır.

Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik.».

"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?

Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının «ölüm-qalım» mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. Sonrakı iş isə təşkilatdan asılı idi. Bu səbəbdən də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək orada «Difai» təşkilatını yaratdı. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan «Difai» Təşkilat Komitəsinin üzvləri idilər.

Nağı bəy Şeyxzamanlı özünün «Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri»ndə yazır: «O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni «Difai» firqəsi deyə adlandırmağa qərar verirlər» (N. Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.20).
1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı «Difai» sözün əsl mənasında «Qafqazı qanlı səhnə halına salmaq» barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən «Cəmiyyəti-Xeyriyyə» və «Nəşri-Maarif» cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır: «Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. ERMƏNİLƏR TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏRİN ƏVƏZİNİ GÖRDÜLƏR…»

"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?

Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: «Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən «Difai» firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. «Difai» firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi «Difai» firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı».

«Difai»nin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi. «Difai» bunun da əlacını tapır: «»Difai» Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, «Difai» Partiyasının qərarı idi…» (Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, səh. 124).

"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?

«Difai» firqəsinin ilk «nəhəng» qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün «Difai» Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır. Qətlin ertəsi gününün gecəsi «Difai» firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır.

«Rus idarəsinin hər təşkilatında «Difai»nin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş «Difai» firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. «Difai» toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. «Difai» firqəsi Molla Hadının qətlinə qərar verir və bir gьn sonra o, цldьrьlьr. Polislər cənazəni gцtьrmьrlər, bьtьn gьn evində qalır. Mollalardan heç kəs cənazə namazını qılıb dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər «Difai»nin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, «cənazə evdə qalıb. Sən izn ver, gedib namaz qılıb, dəfn etdirim». Həmin kəs hirslənərək mollaya cavab verir: «Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!» Molla Musa bunu «Difai» tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.21).

"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?

Rafael Hüseynov yazır: «Rusların təzyiqi artırdı və bu səbəbdən firqə öz fəaliyyətini müəyyən bir müddətə dondurmaq məcburiyyətində qaldı. Buna səbəb əldə edilmiş bir xəbər idi. Rus idarəsinin hər təşkilatında «Difai»nin adamları var idi, bilxassə Rus Milli Təhlükəsizlik İdarəsində Sədrəddin adlı çox qiymətli arxadaş tərcüməçi və katib işləyirdi. O «Difai» Partiyasının üzvü olduğunu təxmin etdiyi bir nəfərə xəbər verir ki, «Molla Hədi ismində birisi gizlin olaraq Rus Milli Təhlükəsizlik İdarəsinə gəlir və 5 dəqiqə sonra tanımadığım bir erməni müfəttişin evinə aparılır. Zənnimcə, erməni molla Hədiyə mütərcimlik ədir. Uzun müddət qalıb danışırlar…»
Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək «Difai»nin bir nəçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə cəhənnəmə vasil edilir. «Xainin cənazəsini polislər qaldırırlar, cəsədi bütün gün evində qalır. Mollalardan heç kim cənazə namazını qılıb onu dəfn eləməyə cürət etmirdi…»

Difai» Partiyası aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha geniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi. «Difai»nin Mərkəzi Komitəsi Bakıda yerləşirdi.
1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. «Difai» ilk dəfə olaraq burada öz üzündəki niqabını götürür və üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazır: «

…Növbə siyasi partiyalara gəlmişdi…

Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: «Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var – biri «Daşnak», digəri «Qnçak» partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır (Bu təklifdən əvvəl, Azərbaycan türklərindən «Ədəmi – mərkəziyyət» partiyasından bir nümayəndəsi, ermənilərdən isə bir nəfər «Daşnak» nümayəndəsinin namizədliyi qəbul edilmişdi.

Ermənilər «Qnçak»dan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar – V.Ə.). Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur «Difai» firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli «Difai» firqəsinin nümayəndəsini görürdülər» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.26). Təkliflər keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, «Difai»nin tarixini, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və «Difai» firqəsi olaraq açıq fəaliyyətə başlanılır: «İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində «Difai» ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn «Difai» təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. «Difai» firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.27).

Şuşada ermənilər qırğın tцrətdikləri zaman onlara kцməklik edən general Qoloşanov зarın naibi, eyni zamanda, зarın əmisi Qrandьk Nikolay Nikolayeviзə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən «Difai» Partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə seçilən və tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun axırına çıxmaq tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. «Difai»çilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər.

Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz «xatirələri»ndə yazır: «Bir həftə sonra «Difai» firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Bunun üçün Tiflisə göndərilən Bilal 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta «Difai» firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq «Difai» firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. «Difai» bəyannamə yayırdı» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.20).

Təşkilatın Şuşa şöbəsi Şuşada xalq arasında «dəli sudya» adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün «Difai»nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə «daimi istirahət»ə göndərilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik. Sonralar «Difai» partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).

Qarabağa yönəlmiş təhdidlərə görə bu təşkilatın bölgədə yerli şöbələri yaradılmışdı. Qarabağda (Şuşada) «Difai» Komitəsinin üzvlərindən Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. 1907-ci ildə «Difai» təşkilatının qanadı «Qarabağ məclisi»nin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv Iran təəbəsi оlduğundan оnu İrana yоlladılar.

Difai təşkilatının ən nüfuzlu və fəal bölməsi mərkəzi Şuşa şəhəri olan Qarabağ bölməsi idi. Onun 400-ə yaxın üzvü vardı.

1907-ci ilin ortalarından həmin bölmə Qarabağ Birlik Məclisini yaradır. Cavanşir qəzasının rəisi 1907-ci ildə Gəncə qubernatoruna yazırdı ki, » Qarabağ Birlik Məclisi müsəlmanların Hidayət xeyriyyə cəmiyyətinin himayəsində yaradılmışdı.» 1907-ci ilin martında Gəncədə Əsgərağa Adıgözəlovun evində görüş təşkil edilir və təşkil edilən gizli görüşdə Bakı xanları da iştirak edir.

Həmin görüşdə Difaiçilər tərəfindən aşağıdakılar qərara alınmışdı.

1. Daşnaksütyuna bənzər təşkilat yaradılsın və fiziki güc tətbiq etməklə hökumətdən güzəştlər alınsın.
2. Qarabağda erməni quldurlarına qarşı Cəfər bəy Vəzirov başda olmaqla Difai dəstələri yerləşdirilsin.

Təşkilat uzun müddət Qarabağ bölgəsində yerli əhali üçün yeni nəfəs gətirmişdi.

Şuşa təşkilatının üzvləri:
Kərim bəy Mehmandarov sədr
Cahangir xan Nuribəyov köməkçisi
Xuduş Quliyev katib
Məşədi Şamil Hacıyev hərbi təşkilatın rəisi
Muxtar bəy Muradov
Əfrasiyab Əzimov
İsmayıl bəy Daruğa Axundov
Mirzə Hüseyn bəy Münşizadə
Zülfüqar bəy Haqverdiyev
Məşədi Yusif Mirsiyabov
Məmmədcəfər Muxtarov
Hacı Sadıq Məmmədov
Süleyman Əsgərov

Təşkilatın Qaryagin şöbəsi

Qaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ.V. Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, «Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə , o cümlədən, Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi».

Qaryagin qəzasında «Difai» təşkilatının üzvləri:

A. Vəzirov
M. Axundov
Mirzə Əli Axundov
Hacı Muxtar Sadıqov
Məşədi Camal bəy Vəzirov
Mirzə Camal Yusifzadə
Məmmədqulu xan Cavanşir

Təşkilatın Tərtər şöbəsi

Tərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.

«Difai» təşkilatının üzvləri:
Məşədi Dadaş Muradxanov
Məşədi Şükür bəy Muradxanov
Məşədi Rüstəm bəy Muradxanov

Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən «Difai» hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. «Difai»nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü. «Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə «Difai» mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, «Difai» firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: «Artıq «Difai» fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?» Mirzə Məhəmməd dedi: «Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq». Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997).

Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının «naməlum» möhür tapmaları, «Difai»çiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin katibi, «difai»çi Sədrəddin gəlir. Şeyxzamanlı və Sədrəddinin birgə qurduqları plan müvəffəqiyyətlə həyata keçirilir. Sədrəddin elə həmin gecənin səhəri Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan «Difai»nin möhürünü dəyişir, izi itirmək məqsədi ilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, «Difai» bu vəziyyətdən «quru» çıxa bilir. Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir. Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də, Ələkbər bəy Rəfibəylinin müdaxiləsi və «Difai»nin təzyiqi ilə geri çəkilməli olur: «Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, «Qorxuram ki, bir siyasi məsələ çıxa bilər. «Difai» firqəsi isə müdafiə edərək Mirzə Hüseynin təyin olunmasını tələb edir. Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər. Siz buna mane olmalısınız, yəni Mirzə Hüseyni təyin etməlisiniz». Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir» (N.Şeyxzamanlı. «Azərbaycan İstiqlal Mücadiləsi xatirələri», B., 1997, səh.24).

"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?

«Difai»nin fəaliyyəti tezliklə Azərbaycanda yəni radikal-milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən «Müsəlman Xeyriyyə Cəmiyyəti» və «Qarabağ Birlik Məclisi» təşkilatlarını buna misal göstərmək olar. «Qarabağ Məclisi»nin başlıca komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi. Bu təşkilatın proqramının əsas məqsədi hökümət idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi. «Qarabağ Birlik Məclisi» Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı verməkdi. Bu partiya əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Bu isə cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. 1907-ci il sentyabrın sonunda Məclisin fəaliyyəti dayandırılır. 1908-ci ildə onun Şuşa komitəsinin üzvləri həbs edilir və hökümət əleyhinə yaradılmış müsəlman partiyasında fəaliyyət göstərdiklərinə görə Həştərxana sürgün olunurlar.

1907-ci ilin may ayında korpus topoqrafı polkovnik İbrahim bəy Vəkilov tərəfindən Tiflisdə yaradılan «Müdafiə» partiyası isə Yelizavetpol quberniyasının qərb hissəsində, Borçalı və Qazaxda xeyli nüfuza malik idi. Bu partiya da «Difai»nin proqramını qəbul etmişdi. «Müdafiə» kəndlilərin məişət və mədəniyyəti, onların mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması, mövcud dövlət quruluşunun devrilməsi kimi vəzifələri qarşısına məqsəd qoymuşdu. Partiyanın mərkəzi Vladiqafqazda yerləşirdi. Təşkilatın liderləri kimi tarixi sənədlərdə Ağabəy Qiyasbəyovun, İsmayıl Xan Ziyadxanovun və Cəfər Axundovun adları göstərilir. Partiyanın əsas mübarizə vasitələri maariflənmək və qüvvə tətbiq etmək idi. Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı.

P.S. Mövzunu davam etdirəcəyik.

Fedai.az Araşdırma Qrupu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: