22.11.2024

Heç olmasa vicdanlı bir qələmlə yazmaq lazımdır

Daha heç nə əvvəlki kimi olmayacaq. Bu qlobalistlərin devizidir. Amma qədəm qoyduğumuz bu dönəm nədənsə istənilən şəxs özünü cəmiyyətə politoloq, hərbi ekspert, jurnalist, o cümlədən hərbi jurnalist, astroloq kimi və sair, hətta bəzən kosmonavt kimi sırımaq istəyir. Belələri utanmadan, çəkinmədən ağa qara deyəcək qədər bir dar düşüncələri və zəif ağılları ilə üzə dururlar. Bu yaxınlarda “Youtube”-də danışan jurnalistə hərbi polisdən şikayət edirlər. «Amerikanı kəşf edirmiş kimi» «yenə Xanlar Vəliyev»- deyib boşboğazlıq edir. Bununla da, zavallı hərbi polislə, hərbi prokurorluğun fərqini anlamadığını ortaya qoyur. Əlbəttə dərk edənlər gülür, onun ranqında olanlar isə qulaq asırlar. Başqa birisi isə Müdafiə nazirliyinə aid olan məsələlərdən söz açır və yenə də Xanlar Vəliyevin adı çəkilir. Yeri gəldi, gəlmədi, əlaqəsi oldu, olmadı bir insanın adı çəkilirsə təbii ki, burda qərəzli münasibəti hər kəs aydın görür. Bu da o deməkdir ki, hələ də cəmiyyətimizdə məkrli insanlar var. Yaxşıları, müsbət işləri görməyən və ya görmək istəməyən, yaxud görüb sinirə bilməyən, eləcə də qarışqadan fil düzəltmək istəyənlər var.

Amma ən az deyə bilərik ki, «Qızılağac meşələrini Xanlar Vəliyev yandırmayıb»…

Son zamanlar sosial şəbəkələrdə, bəzi kütləvi informasiya vasitələrində və internet televiziya kanallarında Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa qarşı heç bir əsası olmayan qərəzli fikirlər və şərhlər yer alır ki, bu da, fikrimizcə, Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə cinayətkarlığa və başqa qanun pozuntularına qarşı mübarizədəki, insan hüquqlarının qorunmasındakı xidmətlərinə, eləcə də hər iki dövlət qurumunun 44 günlük Vətən müharibəsi ərzində qələbə uğrunda göstərdikləri səmərəli fəaliyyətlərinə görə cəmiyyətdə daha da artan nüfuzlarına kölgə salmaq məqsədini daşıyır. Sözsüz ki, bütün bunlar uğursuz cəhddən başqa bir şey olmayacaq, çünki elin gözü tərəzidir və hamı hər şeyi yaxşı görür.

Artıq 27 ildir ki, 68 minlik bir ordunun təşkilatı olaraq Azəbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ordumuzla birgəyik və yetişən gəncliyimizin hərbi-vətənpərvərlik ruhunda böyümələri üçün çalışmaqdayıq. Bəzən qarşımıza baryerlər qoyulanda müxtəlif qurumlara ünvanladığımız müraciətlərə ilk səs verən və xeyirxah təşəbbüsləri alqışlayan, dəstək verən məhz Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, şəxsən Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə general-leytenantı Xanlar Vəliyev olur. Bunun da nəticəsidir ki, döyüşən əsgər səngərlərdən evlərindən öncə AVMVİB-ə salam göndərib. Çünki o yol bizim yolumuz və o ordu da bizim ordumuzdur. Bizlər o ordunun şinelindən çıxmışıq.

İstər hərbi qulluqçuların maarifləndirilməsi, istər onlar üçün hüquqi bazanın yaradılması (əsgər andından tutmuş, hüquq və vəzifələrinədək), fərariliyin aradan qaldırılması, zərərli vərdişlərin, xüsusən «dedovşina» deyilən bəlanın ordumuza yaxın buraxılmaması, hərbi intizamın daha da möhkəmləndirilməsi məhz Hərbi Prokrorluğun apardığı məqsədyönlü işlərın nəticəsində mümkün olmuşdur. Ona görə də sadalananların şahidi kimi kiçik bir kollektivlə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun şəxsi heyətinin örnək fəaliyyətini həmişə təqdir etmişik. Buna görə də, bir sıra hallarda heç bir əsas olmadan, tutarlı

arqument ortaya qoyulmadan bəzi naqis insanlar və diletant jurnalistlər tərəfindən haqsız və ədalətsiz şəkildə bu qurumun hədəfə alınması bizi də hiddətləndirir və təbii olaraq belə hallara biganə qala bilmirik.

Bir dəfə qarşımıza Yeniçağ.az saytında «Xanlar Vəliyevin “DƏYİŞMƏZ HƏDƏF”İ: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir? — Səxavət Məmməd yazır» jurnalistika etikasına sığmayan bir qondarma monoloqla başlayan yazı çıxdı. Diqqət edin: yazıda qeyd olunmuşdur ki, «Müharibədən bir müddət əvvəl əlaqə saxladığım, dost olduğum hərbçilərə belə bir sual ünvanlamışdım: “Ən çox nədən qorxursunuz?” Bir çoxu “heç nədən”, – deyirdi. Belə olanda, sualı konkretləşdirib, “Ermənidən daha çox qorxursunuz, yoxsa hərbi prokurorluqdan?” Hər biri eyni cavab vermişdi – “Hərbi prokurorluqdan”. Göründüyü kimi bu adamın elementar jurnalistika etikasından xəbəri olmadığı elə ilk abzasda ortaya çıxır. Aydın sezilir ki, bu sualı konkretləşdirmək deyil, məqsədli şəkildə sualı yönləndirməkdir. Deməli yanaşma da qərəzlidir. Sadə məntiq bir sualı ortaya qoyur: «Əsgəri nizamnaməyə uyğun hərbi xidmət keçən, qanunlara və qaydalara əməl edən adam prokurorluqdan, sizcə niyə qorxmalıdır?» Deməli günah, ya tərəzidədir, ya da tərəziyə qoyulan malda. Nə isə əşşi… Əslində belə yazılara ümumiyyətlə məhəl qoyulmamalıdır.

Qeyd etmək lazımdır ki, elə mövzular var milli maraqlar, ümumxalq mənafeləri və dövlətin imici naminə yazıla və müzakirə oluna bilməz. Çünki, sadalananlar millətin namusu hesab olunur. Onun üzərinə ayaq açanı, əl yetirəni, dil uzadanı neyləmək lazım olduğunu bu ölkədə hər kəs yaxşı bilir. Elə addımlar da var ki, dövlət qurumları tərəfindən onun atılmaması daha pis fasadlar verə bilər. Qanunun, ədalətin nə olduğunu, döyüşçülərin psixoloji durumunun nəzərə alınmasını ayrı-ayrı şəxslər bilirlərsə, peşəkar hüquqşünaslar onlardan 1000 dəfə artıq bilir. Qəhrəman və ya Qazi olmaq qanunu pozmağa yaxud da cəzadan qaçmağa heç bir əsas vermir. Əksinə hesab edirik ki, belə şəxslər hər bir vəchlə çalışmalıdırlar ki, əməlləri ilə digərlərinə örnək olsunlar ki, dəyərli adlara xələl gəlməsin. Bunu biz döyüşçülər yəqin bilirik.

Çox təəssüf ki, ayrı-ayrı şəxslər, bəzən hətta jurnalistlər, əgər belələrinə jurnalist demək olarsa, bir sıra hallarda heç bir əsas olmadan hər hansı qurum və ya şəxs barəsində yalanlarla, iftiralarla dolu ifadələr işlədir, hərdən ağır ittihamlar irəli sürsələr də, bircə tutarlı fakt ortaya qoya bilmirlər. Bunun jurnalistikada adı dezinformasiyadır. Bu yanaşma isə ən azı düşmən dəyirmanına su daşımaqdır. Hər hansı məlumatı yaymazdan əvvəl aidiyyəti şəxsdən və qurumdan münasibət öyrənilməli, yazılanların və səsləndirilən fikirlərin məsuliyyəti dərk edilməlidir. Əfsuslar olsun ki, bəziləri buna riayət etmir. Təsadüfi deyil ki, Kütləvi informasiya vasitələri haqqında Respublika Qanununda 60-cı maddə Kütləvi informasiya azadlığı və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət haqqındadır. Adını araşdırmaçı və ya jurnalist qoyub, hər yetənə “daş atmaq”, ağzına gələni danışmaq, böhtan atmaq və sair qanunsuz işlərlə məşğul olmaq hüququ heç kimsəyə verilməyib. Humanist mövqedən çıxış edərək, bu zümrədən olan şəxslərə onu da xatırlatmaq istərdim ki, belə əməllərə görə qanunvericiliyimizdə müxtəlif hüquqi məsuliyyət növləri də nəzərdə tutulmuşdur. Odur ki, nə qədər gec deyil, öz çirkin əməllərindən çəkinsinlər.

İndi isə biz veteranların, niyə Hərbi Prokurorluğu müdafiə etdiyimizə aydınlıq gətirək. Təbii ki, Hərbi Prokurorluğun bizim müdafiəmizə elə bir ehtiyacı yoxdur. Sadəcə reallıqların içində olduğumuz üçün qarşımıza çıxan haqsızlıqlara və ədalətsizliklərə susa bilmərik. Çünki Peyğəmbərimiz də demişdir ki, “Haqsızlığa susan, dilsiz şeytandır”. Bundan başqa Hərbi Prokurorluğun səmərəli fəaliyyəti barədə hamı, o cümlədən də biz məlumatlıyıq. Yeri gəlmişkən qeyd edim ki, illər öncə müharibə veteranlarının gənc əsgərlərimizlə və zabitlərimizlə görüşünə imkan yaradılmırdı. Məhz hərbi prokurorluq bu təşəbbüsün ümumi maraqlara xidmət etdiyini nəzərə alıb, köhnə döyüşçülərlə gənc əsgərlərimizin və zabitlərimizin görüşməsi ideyasına yaşıl işıq yandırdı. Bundan sonra, bu gün bəzi şikəst təfəkkürlü şəxslər tərəfindən heç bir əsas olmadan «qorxunc bir qurum» kimi təqdim edilən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları ilə birgə onlarla hərbi hissədə hərbi qulluqçularla görüşlər keçirdik, onların qayğı və problemləri ilə maraqlandıq. Bunun nə demək olduğunu döyüşçülər daha yaxşı bilirlər.

Hərbi Prokurorluqdan söz düşmüşkən, onu da qeyd etməyi mənəvi borc bilirik ki, faktiki olaraq, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və Hərbi Prokurorluq tərəfindən vəzifələri və borcları olmasa da müharibə dönəmində onlarla hərbçi ailəsinə və ön cəbhəyə yardımlar edilmiş, birliyin Rəhbərliyinin və Hərbi Prokurorluğun ön cəbhədə olan əməkdaşlarının müraciətləri əsasında aidiyyatı qurumlar və ya şəxslər tərəfindən müvafiq köməkliklərin olunması təşkil edilmişdir. Faktsız olmasın deyə, bizim xəbərimiz olan dəstək göstərilmiş bir neçə nəfərin adını çəkirik: Seymur Kazımlı (Abşeron rayonu, Masazır qəsəbəsi), Elnur Şirinli (Abşeron rayonu Atyalı y/m), Kənan Qoçəliyev (Hacııqabul şəhəri), Etibar Ağayev (Hacıqabul rayonu, Rəncbər kəndi) və sair. Onlarla əsgər ünvanlarını da təqdim edə bilərik.

Biz, yəni Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri daim Hərbi Prokurorluq əməkdaşları ilə təmasda oluruq və orada istənilən məsələ haqqında debatlarımız olur, müzakirələr keçirilir, dəyirmi masalar təşkil olunur. Yəni həmin qurumun şəffaf və açıq olmasının şahidi olmuşuq. Vicdanlı və xoşniyyətli şəxslər, o cümlədən də jurnalistlər Hərbi Prokurorluğa müraciət edib, onları maraqlandıran bütün suallarına tam və geniş cavablar və izahlar ala bilər.

Heç kimə sirr deyil ki, ermənilərin xalqımıza qarşı istər 90-cı illərdə, istərsə də yeni dövrdə törətdikləri bütün cinayətlərini Hərbi Prokurorluq araşdırır. Xanlar Vəliyevin rəhbərliyi altında Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda həmin cinayət işləri üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Respublika Hərbi Prokurorluğu yeganə təşkilatdır ki, onun nəzdində Memorial Soyqırımı Muzeyi fəaliyyət göstərir.

Saytımızda Hərbi Prokurorluğun gördüyü misilsiz işlər barədə dəfələrlə məlumat vermişik, maraqlanan həmin materiallarla tanış ola bilər.

O cümlədən, AVMVİB-nin Hərbi Prokurorluqla birgə hərbi hissələrdə keçirilmiş bəzi görüşlərdən məlumatlar: https://fedai.az/arxiv/www.fedai.az/www.fedai.az,fedai.az/indexfce7.html?newsid=6552

Nəsillərin görüşü: N saylı hərbi hissədə görüş keçirilib https://fedai.az/arxiv/www.fedai.az/www.fedai.az/fedai.az/index4f5b.html?newsid=4756

AVMVİB cəbhə bölgəsində xidmət edən əsgərlərimizə baş çəkdi https://fedai.az/arxiv/www.fedai.az/www.fedai.az/fedai.az/index5386.html?newsid=4777

AVMVİB Xocavənd rayon şöbəsi hərbi hissədə olub

Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, digər ağır və xüsusilə ağır cinayətlərinin araşdırılması ilə bağlı Hərbi Prokurorluq tərəfindən görülmüş işlər barədə məlumatlar: https://fedai.az/?p=12307 06.08.2020

100 illik tariximizin Memorial Soyqırımı Muzeyi https://fedai.az/?p=1777

Hərbi Prokurorluqda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib https://fedai.az/?p=21454 24.11.2020

Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb

Yeri gəlmişkən, hazırda baş verənlər, ədalətsiz və haqsız yanaşmalar biz, veteranları təəcübləndirmir. Qeyd etməliyik ki, bir müddət öncə həm Müdafiə Nazirliyi həm də Respublika Hərbi Prokurorluğunun fəaliyyətinə kölgə salmaq üçün uğursuz cəhdlər baş vermiş və bu zaman tərəfimizdən həmin hallara da obyektiv reaksiya verilmişdir:

http://fedai.az/?p=6473 22.05.2020

ARAŞDIRMA: Ordum varsa, yurdum var!

https://fedai.az/?p=7070 03.06.2020

Ordum varsa, yurdum var!

Sonda qeyd etmək istərdik ki, jurnalistin peşəsi yazmaqdır, ancaq vicdanlı yazmaqdır. Heç olmasa vicdanlı bir qələmlə yazmaqdır…

…Fransız yazıçı Marqarit Durasın bir fikri var: «Yazmaq, eyni zamanda susmaq, söyləməmək, səsini kəsmək deməkdir, gurultusuz hayqırmaqdır»…

Fedai.az Araşdırma Qrupu

P.S. Bildirək ki, orduyla müharibə veteranlarının «Nəsillərin görüşü» adlanan hərbi-vətənpərvərlik görüşlərinin ideya müəllifi Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə general-leytenantı Xanlar Vəliyev olub…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: