30.10.2024

ÇAĞDAŞ AZƏRBAYCANIN MƏNƏVİ MOZAİKASI

Xaqani Ədəboğlu


29 oktyabr 2017 — ci il



Azərbaycanın millət vəkilləri 150 manat pensiyaçını dolana bilmədiklərinə görə xalqı danlayan «antimillət» vəkillərimiz, öz 1700-1800 manatlıq maaşlarının azlığından narazıdırlar. Hələ bunlara maaş verilməsindən də xalq narazıdır. Amma maaşdan əlavə olaraq millət vəkili Hadı Rəcəbliyə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni də verirlər. Əlbəttə ki, bu şəxsə bu da azdır…


Çünki bu Vətənə onun xidmətinin nədən ibarət olması elə o ordeni sinəsində gəzdirməkdən ibarət olacaq. Məzən ölsün, Məmləkət!
Bir dəfə Mark müəllimin «qoruğunda» bir tarlada sərçə qovalayan birisi mənə jurnalistika dərsi keçməyə çalışırdı. Düzü bu bədbəxt adam özü nədən danışdığını bilmədən inkubator kimi «cücə buraxırdı». Sonda repoirtajla oçerkin, publisistika ilə reportajın fərqini anlamayan bir adama yazdım ki, mən yad planetdən gəlmiş birisiyəm. Sadəcə bu sahə barədə öyrənmək istəyirəm. Bu qələmkeş nə desə yaxşıdır? Dedi ki, zor bir müsahibə çıxar. Hər kəs şok olacaq. Harda görüşək bir yazı hazırlayım?…


Azərbaycan yeganə ölkədir ki, yalnız təqaüddə qənaət edilir. Dünyanın ağıllı insanları tikintidə, sənayedə və yaxud da neft çıxarmada qənaət edə bilirlər. Amma bizdə tək qənaət təqaüdlərdə olur. Hələ səmt qazı kimi xarici şirkətlərin qazı bizə pulsuz verdiyi halda, biz pulsuz çıxan qazı baha qiymətə xalqa satıb zərər edirik. Yadıma bir olmuş əhvalat düşür. Bir dostuma bir yaxını 2 baş qoyun bağışlayır. O, da şəhərdə qoyun saxlayası olmadığına görə bir tanış qəssab dostuna deyir ki, bu qoyunları kəs, sat. Birinin pulu sənin, birini də mənə verərsən. Bir ay keçsə də qəssabdan xəbər çıxmır. Dostum qəssabı tapıb soruşur ki, bəs niyə qoyunun pulunu vermirsən? Qəssab cavab verir ki, Vallah ziyan elədim. Dostum hirslənir ki, ay it oğlu, qoyuna pul vermişdin ki, ziyan da edəsən? Gerisi məlum, mozika…


Amma təqaüddən hərədən bir az kəsib qənaət edib yollara yamaq vurarıq. Ya da təqaüdə çıxan müharibə veteranının kompensasiyasını qeyri-qanuni şəkildə olsa da kəsərik. Almaniyada Berlin Əyalət Məclisinin qərarına görə, pensiya hüququ xidməti yeddi ili keçmiş itlərə qida və müayinə məqsədi ilə veriləcək. Qeyd edək ki, itlərə aylıq 1400 dollar pensiya nəzərdə tutulub. Deyəndə ki, təqaüd verməmək üçün yaş həddini artıran ölkədən «İTilib gedib nemes iti olmaq daha sərfəlidir», o zaman psevdopatriotlar səni alabaydağ etməyə qalxarlar. Bəs bu, Vətənə xəyanətdir. Düz sözə nə deyəsən? Öz ölkəsində adam ola bilməyəndən heç «nemes iti» də olmaz…


Yenə yadıma bir lətifə düşdü. Erməni işğalından qurtulub şoran çöllükdə qurulan çadrlara Almaniya da yardımlar verirdi. Bir gün Qaçqınkom tərəfindən yardımı oğurlanan bir qarı yardım gətirənlərin yanına şikayətə gəlir. Bizim «yardım oğurlayanların» nümayəndəsi dillənir ki, ay nənə, nemeslərdi, hara gedirsən? Nənə deyir: «Bala, nemes sizsiniz, bunlar insan balalarıdır». Yəqin anladınız də …
Azərbaycan mozaikasıdır.


Başqa növ sosial şəbəkə qəhrəmanları var ki, gündə Qarabağı alır. Evdə 23 ildir ki, arvadının əlindən pultu ala bilməyən bu adama irad tutanda, səni xalq düşməni elan edir. Deyir ki, «Qarabağ bizimdir». Soruşuram ki, necə yəni bizimdir? Deyir ki, əynimdəki pencək kimi. Deyirəm ki, ay zavallı, o pencək sənindir, amma içindəki sən deyilsən. Sonra da deyirlər ki, Qarabağı almağa mən imkan vermirəm…
Gerisi də var. Amma yazmıram. Niyə yazım ki?…


Sən oxumağı tərgitdiyin kimi, mən də yazmağı tərgidirəm…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: