Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirər
Xaqani Ədəboğlu
(02 sentyabr 2019-cu il. Fedai.az)
Dəfələrlə yazmışam və yenə yazıram ki Azərbaycanımızın xilası qadınlarımızın savadlı və dünyagörüşlü olmasından keçir. Azərbaycan qadını dünyaya hökm etmiş bir mövqedən erməni əsirliyinə düşürülmüş bir vəziyyətə endirilmişdir. Cəmiyyətimizin savadlı olmasını istəyiriksə, qızlarımızı, ana və bacılarımızı savadlı etməyə borcluyuq.
Bu gün özlərini xurafat çuxasına bükmüş zavallılar, içimizə nadan ərəblərin, «qadını məzrdan çıxarıb, çadralara, hərəmlərə soxmaq» zehniyyətiylə sosial şəbəkədə qeyrətlə daxili və xarici düşmənə qarşı əsil informasiya savaşı aparan xanımlarımıza dil uzadırlar. Güya ki, Allah bu nadanlara vəhy və fətvalar göndəribmiş. Bunlar o qədər nadandırlar ki, həzrəti peyğəmbərimizin «Cənnət anaların ayaqları altındadır» sözlərini də anlamamışlar.
Türk törəsi ərəb mədəniyyətinə qurban verilməzdən öncə qadın əl üstündə tutulurdu. Qadına təcavüz ölümlə cəzalandırılan bir günah sayılırdı. Qadın, bir xatun, bir xanım idi. Budunun əmanət etdiyi şəxs, özünə yar seçən, müqavilələrdə söz demək səlahiyyətinə sahib olan, savaşda ərənlərlə yan-yana vuruşan biri idi.
«Ök» sözü türk dilində yaradıcı deməkdir. Bəşər, ana vasitəsilə yaradılır və nəslin davam etməsini təmin edər. Ananın itirilməsi, uşaq doğanın, yaradıcı gücün itirilməsidir. Bu gün Anadolu türkcəsində istifadə edilən «Öksüz» (yetim) sözü buradan yaranıb. Analar, qadınlar müqəddəsdir.
Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirər.
Köhnə türk inanc sistemində bir matriarxal cəmiyyətimiz var idi, inanc sistemimiz dəyişdikcə patriarxal cəmiyyətə gəldik. Gəldiyimiz məqam budur. Türk ailə quruluşu, bu inam dəyişikliyi ilə zaman keçdikcə rəsmi olaraq pozulmuş və unudulmuşdur. Qədim bir türk atalar sözündə deyilir: «Oğul ananın oğludur». Bəzi nadanlar bu sözün anlamını dərk etməzlər. Xatırladım ki, bu sözü Qorqud xan Bilgə xaqanın ölümündən sonra taxta çıxmış oğlu İnal Bögünü anası çinli olduğuna görə, taxtdan endirərkən dediyi sözdür. Yəni anası ulusdan olmayana güvənilməz. Bu gün bizim niyə güvənc yerimiz olmadığını anladınızmı?
«Əlini qoru, belini qoru, dilini qoru!» dedilər. Biz nəyimizi qoruduq ki? Əlimiz də, belimiz də, dilimiz də özümüzə qənim kəsildi. Əlimiz oğru, belimiz yad analara döl verən, dilimiz də Allah göstərməsin, Artur muallim, Nəcməddin muallim, Elmar muallim və bu qəbildən olanların ağzında urus saqqızına dönüb.
Biz dünyaya nəhənglər vermiş Azərbaycan qadınını bu gün bar qadınına, əsir düşərgələrinə, əxlaqsızların adam al-verinə, ən çirkin və ağır işlərdə qul əməyi ilə övlad saxlamağa məcbur etmişik. Bunu bizmi, yaxud o belini qorumayan zatlarınmı cocuqları etməsinin fərqi yoxdur. Bir dəfə bir müştəbeh Azərbaycan türkcəsinin mühafizəkar və bəsit dil olduğunu bəzi «qınından çıxıb qınını bəyənməyənlər» kimi şeşələnərək iddia edirdi.
Birinci iddiası buydu ki, ən adi «fahişə, q…bə, əxlaqsız və s. (ifadələrə görə üzr istəyirəm-X.Ə.) kimi sözlərin olmamasıydı. Anlatdım ki, türk törəsi yaranışdan bu işi yasaqlayıb və tək cəzası ölüm olan bu peşələrə ad verməyib. İkinci iddiası isə dilimizdə cinslərin olmaması idi. İstər dini, istərsə də, elmi cəhətdən qadın və kişinin bərabər oduğu deyilsə də, yalnız türklər, həm dildə, həm də əməldə min illər boyu hər iki cinsi bərabər tutub. Lakin müxtəlif məqamlarda isə qadınlara fərqli adlar, ünvanlar tanıyıb: Sar (Çar)-Sara (Çariça) (Saklarda), Xaqan (Kağan)- Xatun (Katun,Qadın) Göy Türklərdə, Xan-Xanım, Bəy-Bəyim…
Azərbaycan dilinin inkişafına cəhd etməyən, 300 illik bir basqı altında Cənubda və Şimalda dilimizin dirənişlə ayaqda qala bilməsi bir möcüzədir. Bu gün internet məkanında, adicə mobil telefon ayarlarında dilimizə tutulan divanı rus və fars şovinizmi yüz illər etməmişdi və edə bilməmişdi. Bizim var oluşumuza hər tərəfli bir hücum var: Öncə ailə, Vətən sərhədləri, dilimiz, tariximiz və Analıq inistutlarımız. Biz qadınlarımızla var olacağıq. Onların azadlığına və elmli olmalarına kölgə salan xurfatçılar bizdən deyil. Qızlarını məzarlıqlardan çıxarıb hərəmlərə mal edən və çadralarda dustaq edən ərəb başlılar, qadınını bu gün də siğə adıyla icarəyə verən fars uşaqları, bilməlidirlər ki, Türk qadını at belində əlində qılınc düşmənə qarşı bir sipər, ailəyə bir ortam, ərə bir yoldaş olub. Bizdən ərəb də, fars da, rus da, ingilis də çıxmaz. Bizə biz olmaq yetərlidir.
Bir türkiyəli virtual tanış yazır ki, Azərbaycan qadınları İstanbulda gecə klublarında, Dubayda və s. əxlaqsız yuvalarında çoxluq təşkil edirlər. Sizin sərvətləriniz fonunda, sərvətsiz Türkiyənin bir qadınını belə işlərdə tapa bilməzsiniz. Bildirdim ki, Azərbaycan qadını bu yola Qərbin və Rusiyanın qadınları kimi kef çəkmək üçün deyil, qəhr olmuş gələcəyimiz naminə övladını saxlamaq üçün bu yola düşüb. Çünki onun zərif çiyinlərinə bizim kimi belini qorumayanlar bir məmləkətin yükünü qoymuşuq. Elələri Azərbaycan qadınını da öz analarına bənzətməyə girişiblər…
Həbsinə nail olduğumuz bir anası erməni olan Vətən xaini Roma ləqəbli Rauf Eyvazovun xaricdə yaşayan atasıyla telefon danışığımı xatırlayıram. O, mənə dedi ki, Rauf Eyvazovun 18 yaşı tamam olanda qızım, oğlum və anaları məni evdən qovdular və erməni həyat yoldaşım mənə dedi ki, mən bu uşaqları səndən deyil, ermənidən tutmuşam. Həmin o binamusluq simvolu Roma Xankəndində gedib əsirlərimizə işgəncə verirmiş. Bu gün bu işgəncələri hər biriniz görürsnüz və bilin ki, bu erməni üslubudur.
Ey Azərbaycan qadını! Bu cəmiyyətin və millətin qurtuluşu sənin əlindədir. Türk törəsi səni yaradıcı elan edib. Sən, işğalda olan torpaqlarımız naminə, param-parça edilmiş məmləkətimiz naminə, şəhidlər uğrunda müqəddəs bir Qisas naminə bizi yenidən yarat! Tomris xatunun yadigarı sənsən. Günbəgün qeyrətini yeməklə başını yox, qarnını saxlayan ərliyimizin xilası da Sənsən!
Tanrı səni bütün pisliklərdən qorusun və bütün gözəl nə varsa sənin olsun! Çünki Türkün gözəl olanı ən gözəl, pis olanı isə ən pisdir. Biz gözəllikləri unutduq. Biz adam olmağa yadırğamaqdayıq. Biz günbəgün Yasini oxudulmuş cənazəyə oxşamaqdayıq. Başlanğıcı murdarlıq, sonu leş olan vücudların köçəcəkləri dünyada 1000 ev alıb, milyardlar toplaması fonunda unudulmuş bir toplumu sənin hayqırtın oyada bilər.
Sən bizi ana və qızlarımızın yanında başı aşağı və üzü qara çıxarma, Tanrım!
Xatırladım ki, Tomris xatuna abidəni biz yox, almanlar ucaldıb. Biz 30 sentlik USD kağızı yığmaqla məşğuluq. Bizim belə işlərə də qeyrətimiz çatmaz…